Xalid Kazımlı: Gərək Bəxtiyar dron uçuraydı

XALİD KAZIMLI
114022 | 2019-11-15 10:05

Keçən il Almatıda qatıldığımız beynəlxalq tədbirdə Ermənistanın baş naziri Nikol Paşinyanın yanında prezident işləyən Aram Sarkisyan və Paşinyanın, türkün sözü, nikahlı karısı Anna Akopyan da iştirak edirdi.

Öz ölkəsində heç bir işi aşıra bilməyən, eləcə, toy generalı kimi şəkil çəkdirməklə məşğul olan Sarkisyan çıxış edəndə məşhur rusiyalı jurnalist Maksim Şevçenko yerindən qalxdı, əlini yelləyə-yelləyə və başını bulaya-bulaya bayıra çıxdı. Sarkisyanın çıxışı o qədər cansıxıcıydı ki, ona qulaq asmağa təhəmmül edə bilmədik, biz də bayıra çıxıb Maksimlə azərbaycanlı filosof Heydər Camladan, onun oğlu Orxandan (Maksim onlarla möhkəm dost olub) danışdıq.

Ancaq Paşinyanın arvadı çıxış eləyəndə APA TV-nin baş redaktoru Cavid İsmayıl qərara gəldi ki, ona bir solaxay sual versin. Cavid sualını verəndə A.Akopyan duruxdu, əvvəlcə nə cavab verəcəyini bilmədi, sonra ümumi cümlələrlə cavab verməyə çalışdı. Cavid də panel moderatorunun maneçilik törətməsinə baxmayaraq, yüngülvari polemikaya girişdi, jarqonla desək, Paşinyanı "neprav” çıxardı. Toplantıda bir balaca pərtlik yarandı. Akopyan belə bir şey olacağını gözləmirdi.

Ölkəyə qayıdandan sonra həmin qısa polemikanın videosuna baxan bəzi dostlar deyirdilər ki, gərək filan şeyi də deyərdiniz. Gərək elə olaydı, belə olaydı.

Əlbəttə, o tolantıya çıxışçı kimi Sarkisyanla Akopyan yox, bizi dəvət etsəydilər, o sözləri demək olardı, amma məsələ ondaydı ki, çıxışçılar onlar idi, sual verənlər isə biz. Hələ o da moderatorun insafına qalmışdı. Bəlkə də o, Almaniyadan gəlmiş jurnalistə birəbir oxşayan Cavidin azərbaycanlı olduğunu bilsə, məclisə pərxaşlıq düşməsin deyə ona sual vermək imkanı yaratmazdı. Sual vermək üçün əl qaldıranlar çox idi.

Xüləs, bu günlərdə gənc ictimai-siyasi fəallardan Bəxtiyar Hacıyev Parisdə bənzər situasiyaya düşüb və Ermənistanın baş naziri Nikol Paşinyana tikanlı sual verib. Bəxtiyar toplantıda öyünüləsi performans göstərib, videosu da var. Hələ arada bir qələm-filan söhbəti də olub.

İndi sosial şəbəkənin Azərbaycan seqmentində həmvətənimizin bu addımını təqdir edənlərlə yanaşı ağız büzənlər də var.
Belə durumlarda bir çoxları ağız büzənlərin ağzının üstündən şillə vurmaq, amma Bəxtiyar hövsələli və mədəni adam olduğundan onlara sərt cavab vermir.

Bircə o anlaşılmır ki, bu məsələdə bizimkiləri qane etməyən nədir?

Bir azərbaycanlı oğlu gedib dünyanın o başında düşmən ölkənin baş nazirinin önünə çıxıb və təmiz ingilis dilində deyib ki, "elə döyül e, cənab, əslində belədir”, biz burda niyə narahat oluruq, niyə bəyənmirik? Neyləyək, dünyanın hər tərəfində bu cür məclisləri onlara buraxaq, basıb-bağlasınlar? Bəs Azərbaycan həqiqətlərini dünyaya çıxarmayaq?

Hə, bəlkə də Bəxtiyar sual verməli deyilmiş, 2006-cı ildə İraqda mətbuat konfransında ABŞ prezidenti Corc Buşa ayaqqabı atan ərəb jurnalist Müntəzir əl-Zeydinin hərəkətini təkrar etməliymiş və öz ayaqqabısını ayağından çıxararaq Paşinyana atmalıymış.

Əslində bu çox effektiv aksiya olardı, hamı Bəxtiyardan və Paşinyandan danışardı. Düzünə qalsa, aralarındakı məsafə qısa olduğundan Bəxtiyar ayaqqabısını düz Paşinyanın alnından tutuzdura bilərdi. Amma bunun haqq işimizə, Qarabağ məsələsinin danışıqlar yoluyla həll olunması prosesinə nə kimi töhfəsi olardı, əcnəbilər həmvətənimizin bu vətənpərvər hərəkətinə "barəkallah” deyərdimi, bilmirəm.

Ya da ən yaxşısı, Bəxtiyar zalda dron uçurdardı (varıdır, Taylanddan belə hərləyib gətirib), Paşinyan başının üstündə dövrə vurdurardı, onu bir balaca qorxudardı, sübut edərdi ki, Qarabağ bizimdir.

Yəni sonradan adamın ağlına çox versiya gəlir. Bakıda oturub fantaziyaya güc vermək, daha ağıllı, daha qeyrətli hərəkətlər etmək barədə planlar qurmaq çox asandır. Əsas məsələ erməni siyasilərin yekə-yekə danışdığı məclislərdə olmaq, "belədə biz də varıq” deyə bilməkdir.

Keşkə onların dəvət olunduğu bütün toplantılarda ola bilək və hamının başa düşdüyü dillərdə onlarla polemikaya girək.

TƏQVİM / ARXİV