Xalid KAZIMLI: Əksinə olmazdı, Markesi Kəramətə döndərərdik...

XALİD KAZIMLI
46106 | 2019-05-06 12:06

Artıq neçə il idi ki, sosial şəbəkədəki mənasız polemikalara qoşulmur, "dedim-dedi” rədifli aşıq deyişməsinin müasir variantı olan "yazdım, yazdı yazışmasından qaçırdım. Dünən məni ya Ata Abdullayevin Məkkədə daşladığı şeytan, ya da mələklərdən hansısa yoldan çıxardı, xətirli dostların da iştirak etdiyi polemikaya qoşuldum.

Olay belə oldu: gördüm ki, çoxdan tanıdığım, intellektinə, sanbalına, keçmişinə yaxşı bələd olduğum bir politoloqu hədəf taxtasına söykəyiblər və hər yetən onun başında almaya bir güllə atır, özünü də artıq heç-puç ediblər. Tanımayan deyər ki, o, orta məktəbin 9-cu sinfindən qayıtmış, ömründə bir kitab oxumamış, savadsız biridir.

Amma mən adamı tanıyıram. Onun hər gün müxtəlif ölkələrin mətbuatını izlədiyini, nüfuzlu beynəlxalq təşkilatların, qüdrətli dövlətlərin hər kəsə maraqsız görünən hesabatlarını tapıb-topladığını, arxivləşdirdiyini, müxtəlif məlumatları tutuşdurub analiz etdiyini, həmişə sanballı və praqmatik rəylərlə çıxış etdiyini bilirəm.

Adam hər hansı bir tribunadan çıxış edəndə, yaxud hansısa toplantıda danışası olanda heç vaxt "ey, uca millət”, "bu meydan sizindir, ey gənclər”, "xalq bizi dəstəkləyir, gəlirik” deməz, reallığı düzgün qiymətləndirər, "əslində məsələ bu cürdür”, "düzünə qalsa, gücümüz yetərli qədər deyil”, "gerçəyi deyəsi olsaq, biz kiçik ölkəyik, düşmənlərimiz böyükdür” kimi fikirlər səsləndirər.

Bundan başqa, adını çəkmədiyim, sözünü danışdığım şəxsin ən başlıca məziyyətlərindən biri də Rusiya, ABŞ, İran, Türkiyə, İngiltərə, Fransa və Almaniya kimi dövlətlərin, eləcə də BMT, NATO, Avropa Birliyi, Avropa Şurası kimi beynəlxalq təşkilatların əsl siyasətlərinin nədən ibarət olduğunu düzgün qiymətləndirməsidir. O, heç zaman onlara böyük ümid bəsləməz və sonradan da umsuq olmaz.

Müasir siyasəti, politologiyanı, təhlükəsizlik məsələlərini yaxşı bilən adamın yerdən-yerə vurulmasını (nə var, nə var, ABŞ-ın, dünyanı barmağına dolayan qüdrətli dairələrin əleyhinə söz demişdi) götürə bilmədim, bir-iki abzaslıq şərh yazdım, dostlarla sözümüz çəpləşdi.

Sonra gördüm ki, yox, bu ölkədə mümkün deyil, istəyirsən, ağzınla quş tut, üç adam "afərin” deyəcək, beş adam "lənət olsun” deyə hayqıracaq.

Biz beləyik. Hamımız ağıllıyıq, hamımız istedadlıyıq, hamımız müdriyik, hamımız çox savadlıyıq, hamımız hər şeyin ən yaxşısına layiqik. Amma ayrı-ayrılıqda, özümüzdən danışanda. Söhbət özümüzdən başqası haqqında gedirsə, "onların hamısı gicquludur”, "hamısı istedadsızdır”, "hamısı parabeyindir”, "hamısı satqın və xaindir”, "hamısı yaramazdır” və sair və ilaxır.

Əmin olun, yazıçı Markes bizim ölkədə doğulmuş olsa, nəinki dünya şöhrəti qazana bilməzdi, hətta hansısa ədəbi qruplar istedadlı yazıçıların adlarını sadalayanda onun adını qəsdən ilk onluğa salmazdılar. Daima orda-burda dalınca danışardılar, deyərdilər, indi siz canınız, onun yazdığı "Patriarxın payızı” da əsərdirmi, yox bir "Patriarxın boz ayı”. Beləcə, lağlağı edə-edə adamı pisikdirərdilər, o da gedib qoşulardı Kəramət Böyükçölə, araqdan içər, baş-başa verib dərdləşərdilər.

Messini götürək. Adamın bəxti gətirib ki, Argentinada doğulub, İspaniyada parlayıb. Leo buralarda doğulsaydı, indi ən uzağı "Zirə”də oynayırdı. Çünki biz onu parlamağa qoymayacaqdıq. Özü də baxacaqdı digər tay-tuşlarına, əli pul görən kimi bərkgedən bir maşın alıb atacaqdı altına, o bar sənin, bu bar mənim, gəzəcəkdi, arada qəlyan çəkməyə gedəcəkdi, tez-tez millidəki dostlarına zəng edib, "ə, qaqa, iki dənə də civi götürək, gedək Qəçrəşə, məşq qaçmır ha” deyəcəkdi.

Əmin edirəm ki, belə olacaqdı. Bura istedadların başından basıldığı, ayaqlarından çəkildiyi ölkədir. Burda müdrik adam çıxıb ağıllı söz danışsa, "bir az irəlidə bizi uçurum gözləyir” desə, toplantıda hırıltı səsləri eşidiləcək. Onlar daha ağıllıdır axı. Heç kəs onlardan ağıllı ola bilməz. Özləri hər şeyi bilirlər. Amma elə ki, kütləvi şəkildə uçurumdan aşağı yuvarlandılar, vay-nöfsə ərşə qalxacaq: "Bilmirdik, bir ağıllımız çıxıb qabaqda uçurum olduğunu demədi”.

Yaramazlar, deyənlər vardı axı, siz qulaq asmadınız, irişdiniz, qırışdınız, amma eşitmədiniz.

Sonra da deyirik, biz niyə bu gündəyik. Ona görə bu gündəyik ki, ölkənin ən ağıllı adamlarını hoydu-hoyduya götürürük, pisikdirirk, susdururuq. Özümüz isə getdiyimiz yolun bir az irəlisində tələ, əjdaha, uçurum olduğunu bilmirik.


TƏQVİM / ARXİV