Xalid KAZIMLI: Zahid Orucun zəngləri...

XALİD KAZIMLI
32324 | 2019-02-17 11:18

Dünən internet resurslarında bir montaj olunmuş videokadr vardı, yüksək dövlət vəzifəsinə yenicə təyinat almış deputat Zahid Orucdan bəhs edirdi.

Videodakı birinci kadrda parlamentdə bir-iki il əvvəl Zahid Oruca göstərilən münasibət, bir də bir-iki gün öncəki, Sosial Təhqiqatlar Mərkəzinin rəhbəri təyin edilməsindən sonrakı yanaşma əks olunmuşdu.

Amma söhbət bunda deyil.

Mən Zahid Orucu 25 ildən artıqdır tanıyıram və uzun illər ona münasibətim müsbət olmayıb. Başqa partiyanın rəhbərlərindən biri olsa da, onun mövcud iqtidarı hakim partiyanın funksionerlərindən artıq müdafiə etməsi xoşuma gəlmirdi. Yazılarımda buna dair tənqidi fikirlər yer alırdı.

Ancaq 2006-cı ildə Zahid Oruca münasibətim bir qədər dəyişdi. Buna Azadlıq Radiosunda qatıldığımız bir veriliş səbəb oldu. Biz orada opponent idik. Fərqli mövqelərdən çıxış edirdik. Məhz həmin gün gördüm ki, Zahid Oruc olduğu kimi görünməyən adamdır, barəsində mediada yaradılmış obrazdan fərqlidir.

Həmin verilişdə aydın oldu ki, o, sərt tənqidi fikirlərə olduqca səbrli, təmkinli yanaşır, sözümü kəsmədən dinləyir, sonra əks arqumentlərlə çıxış edirdi - son dərəcə nəzakətli və kübar şəkildə. Verilişdən sonra da onunla 5-10 dəqiqə oradan-buradan danışdıq. Gördüm ki, Zahid Orucla mübahisə və müzakirə etmək rahatdır. Heç bir halda polemika qarşılıqlı təhqirlə yekunlaşmayacaq, dava düşməyəcək.


Ayrılanda Zahid Oruc öz telefon nömrəsini verdi, dedi: "Nə vaxt işin düşsə, zəng edərsən, əlimdən gələn köməyi əsirgəmərəm”.

2014-cü ilə qədər Zahid Oruca işim düşmədi. 2014-cü ildə isə bir hadisə oldu...

***

Redaksiyada gündəlik işimlə məşğul idim. Zəng gəldi. Yaşlı kişi səsi dedi: "Tələbə yoldaşın F...-dir. ”Respublikanskidə, uroloji şöbədə yatıram. Yanıma gələ bilərsən?"

"Gələrəm” dedim və işdən sonra getdim.

25 il əvvəl ayrıldığım tələbə yoldaşımı palatada görəndə əvvəlcə tanımadım. Axırıncı dəfə onu 3-4 il öncə AzTV-də zəhmətkeşlərin keçirdiyi bir tədbirdə YAP fəalı olaraq çıxış edəndə görmüşdüm, amma o zaman o, bu cür deyildi. Bir zamanlar şıq geyinən, günü yemək-içmək məclislərində keçən tələbə yoldaşımın saçı tökülmüş, xeyli qocalmışdı, xəstəydi. Yardıma ehtiyacı vardı, əli çatan bir yeri isə yox idi. Heç demə, bu gün səhər yanına gələnlərdən birində "Yeni Müsavat” qəzeti olub, alıb oxuyanda yazımı, şəklimi görüb, qərara gəlib ki, zəng eləsin, nə də olmasa, şəkli qəzetdə çıxan adamdır, tanışları olar.

Onun dializə, daimi müayinə və müalicəyə ehtiyacı vardı. Elə vaxt idi ki, heç olmasa parlamentdə üstünə qaçacaq bir tanış adam yox idi. Düşünərkən yadıma Zahid Oruc düşdü. Elə xəstənin yanındaca ona zəng etdim, durumu anlatdım. O, əlindən gələn köməyi edəcəyinə söz verdi. Mən də zarafata saldım, dedim, dünyanın işinə baxın, bir müsavatçı bir YAP-çının xahişini bir AVP üzvündən xahiş edir ki, o da onu YAP-çı həkimlərə tapşırsın. Zahid Orucun cavabı belə oldu: "Biz partiya üzvləri olmazdan əvvəl həmvətənik, problem yoxdur”.

Ertəsi gün səhər Zahid Orucdan zəng gəldi, məlumat verdi ki, xəstəni xəstəxananın baş həkiminə tapşırıb və o, onun qayğısına qalacaq, müalicəsini şəxsən öz nəzarətinə götürəcək.

İki saatdan sonra Zahid Oruc yenidən zəng etdi, bildirdi ki, xəstənin yaşadığı rayonun qonşuluğundakı rayonda yerləşən diaqnostika mərkəzinin baş həkimin nömrəsini əldə edib, ona ya özü zəng edəcək, ya da Səhiyyə Nazirliyindən zəng etdirəcək ki, xəstənin sonrakı dializ məsələləri də həll olunsun.

Günortadan sonra deputat Zahid Oruc yenidən zəng etdi, bildirdi ki, o məsələ artıq həll olunub, lazımi adamlarla danışılıb, tələbə yoldaşın regional diqanostika mərkəzində vaxtaşırı pulsuz müalicə alacaq.

O hadisədən bir-iki il sonra Zahid Oruca yenidən bu kimi işlərimiz düşdü və o, hər dəfə məsələni həll edənə qədər çalışdı, bir dəfə də imkan vermədi ki, biz ona zəng vuraq, prosesin gedişini soruşaq, hamısında məhz özü zəng vurub məlumat verdi.

Onun xasiyyəti belədir, xeyirxah insandır, əlindəki imkan və səlahiyyətdən xalqın, seçicilərinin problemlərini həll etmək üçün yararlanır. Təbii ki, bu cür fəaliyyət göstərən başqa deputatlar da var: Qənirə Paşayeva, Aqil Abbas. Onlar da insanların problemini həll etmək üçün əllərindən gələni edirlər.

Fəqət bəzən ictimai rəydə bu şəxslərə qarşı qaralama kampaniyası aparılır, çox şey yazır, lağlağı edirlər.

Yaxşı, bunları da pisləyək, "vuraq”, xeyirxahlıq etmələrinə peşman edək, onlar da o biri həmkarlarına qarışsınlar, görünməz olsunlar, onda yaxşı olacaq? Bəs bu ağır duruma düşən yetim-yesirin qolundan dar gündə kim tutacaq?


TƏQVİM / ARXİV