Xalid KAZIMLI: Zibili çıxmış seqment

XALİD KAZIMLI
28350 | 2018-11-11 11:00

Onlardan hamı qorxur. Hətta odioz-odioz nazirlər də, mafioz-mafioz məmurlar da, yaşlı-başlı deputatlar da, 20-30 ilin jurnalistləri də, partiya sədrləri də, QHT rəhbərləri də, telekanallardan düşməyən müğənnilər də, bir sözlə, reputasiya dərdi çəkən hər kəs.

Ölkənin ictimai-siyasi gündəmini əslində onlar müəyyənləşdirirlər. Bu gün nə müzakirə olunacaq, kim söyüləcək, kim öyüləcək, kimin siyasi karyerası məhv ediləcək - hamısı onlarlıqdır.

Kimdir onlar? Bəziləri onların adına "zombilər” deyir, bəziləri - "trollar”. "Siyasi fəallar” deyənlər də var.

Mark Zukerberq "Feysbuk”u onlardan ötrü icad edib. Hər halda, bizim ölkədə, oxumuş adamlar demişkən, Azərbaycan seqmentində belədir. Onların hamısının bu seqmentdə səhifələri var. Bəzilərinin ayrı-ayrı adlarla iki-üç səhifəsi var. Şəriətə uyğun olaraq 4 arvad saxlayanlar kimi, şəraitə uyğun olaraq, 4, bəzən 5-6 altı səhifə saxlayanlar da tapılır.

Onların məqsədi virtual dünyada hökmran mövqedə olmaqdır. Bəziləri hesab edir ki, burada hakimiyyəti ələ keçirəndən sonra real hakimiyyəti də götürmək olar.

Əkə-bükə qəzetlər, yekə-yekə telekanallar onların fəaliyyət göstərdiyi sosial şəbəkənin yanında yalandır. Elə bir gün olmaz ki, hansısa güclü nazirlik, nüfuzlu şirkət, dövlət strukturu xüsusi bəyanat yayaraq "sosial şəbəkədə yayılan” nəyisə təkzib etməsin. Bu da o zaman olur ki, fəallardan biri skrinşot, şəkil, səs yazısı, videogörüntü paylaşır, kimisə hədəf taxtasına çıxarır, ardınca yüzlərlə fəal eyni postu paylaşır. Tənqid, təhqir, söyüş, latayır, qarğış lavası sellənib gedir.

Bəzən gündəmdə heç nə olmur, özləri demişkən, heç bir deputat "quşlamır”, heç bir ziyalı "qatıqlamır”, elə olanda bir az çətin olur, amma yenə də nəsə tapılır, lap adi bir statusu, şərhi skrinşot edir, yeni pəstəha çıxarırlar.

Onlar təkcə gündəm müəyyən edən deyillər, həm də dissidentdirlər, əxlaq-namus, vətən, bayraq, haqq-ədalət keşikçiləridir, qadın və uşaq qoruqçularıdır. Bəziləri din, mənəviyyat, adət-ənənə pasibanlarıdır, onlara qarşı gələnlərin yeddi arxa dönənlərinə söyüş popurrisi təşkil edir, lənət yağdırır, ən yumşaq halda, kimlərisə Allaha tapşırırlar.

Elə qruplar var, cəhalətə, xurafata qarşıdırlar, dilinə "bismillah” gələnin dədəsini dalına şəlləyirlər.

Ona görə də hamı onlardan qorxur. Elə olur ki, iş gərəyi bir deputata, ziyalıya zəng edirik ki, filan mövzuya dair fikirlərinizi öyrənmək istəyirik, adam deyir, başınıza dönüm, fikrim belədir, amma xahiş edirəm, yazmayın. Soruşuruq, niyə? Cavab verir ki, yazsanız, Feysbukda atamın goruna söyəcəklər. Elə ziyalı da var, yaşı 80-i keçmiş anasına söyülməsindən, daha dəqiqi, qarının virtual cinsi təcavüzə məruz qoyulacağından çəkinir.

Əvvəllər tez-tez müxtəlif məsələlərə aid maraqlı statuslar yazan dostlar vardı. Fikir verirəm ki, ta yazmırlar. Niyəsini soruşuram. Biri deyir, bir şey yazanda başım ağrıyır, pis-pis şərhlər yazır, söyürlər. Deyirəm, dostluqdan çıxar, blok et. Deyir: "Elə edirəm, amma kimsə skrinşot edib, paylaşır, bir də görürəm, məni tanımayan, mənim də tanımadığım adamlar öz səhifələrində dalımca pis-pis söyüşlər yazırlar, salamatı heç nə yazmamaqdır. Belədə başım-qulağım dinc olur”.

Bu səbəbdən sosial şəbəkədə öz-özünü blok edən, yəni səhifəsini donduran, birdəfəlik bağlayanlar var.

And içirlər ki, SSRİ kimi imperiyanın tankının önündə dik duran, başları AzTV-nin məşhur ifşa verilişlərində dairəyə alınan hərəkatçılar, siyasətçilər var ki, məhz trolların qabağından qaçır, onların qorxusundan bəzən öz iddiasını ortaya qoymur və ya mövqeyindən geri çəkilir.

Camaat abrına qısılır. Tənqid-filan boş şeydir. Ona çox adam öyrəncəlidir. Adamlar kütləvi şəkildə söyülməyə tablaşa bilmirlər.

Bəs bu işin axırı necə olacaq? Dəbdir, keçəcək? Yoxsa "fəal”lar bir gün ağıl-kamala gəlib söyüşdən imtina edəcəklər?

Heç biri olmayacaq. Ara yerdə ölkədə polemika, debat deyilən şey qalmayacaq. Ya bir gün belə şeylərin üstündə kiminsə ağzı cırılacaq, tikiş görəcək. Ən pisi isə odur ki, axırda sosial şəbəkənin milli seqmentini dağıdacaqlar. Ondan sonra hamının canı dincələcək.


TƏQVİM / ARXİV