Xankəndində ermənilər iki rus kişisinə və arvadına üç yüz manat pul verib - SƏBƏB

Xəbər verdiyimiz kimi Adalet.az-ın əməkdaşı bir müddətdir ki, 1905-1906-cı illərdə erməni-müsəlman davasıyla bağlı silsilə yazılara start verib. Növbəti yazını təqdim edirik:
Kazakların Qarabağda ermənilərin başına gətirdiyi müsibətlər və müsəlmanlara qarşı isə hörmətlə yanaşmaları erməniləri çox narahat edirdi. Odur ki, ermənilər paxıllıqdan rahat ola bilmir, onların başlarına gətirilmiş müsibətlərə müsəlmanların düçar olması və kazakların yanında hörmətlərini itirməsi üçün tədbirlər əllərindən gələni edirdilər.
Xankəndində ermənilər iki rus kişisinə və arvadına üç yüz manat pul verib onlardan xahiş etdilər ki, müsəlmanların da dövlət yanında müqəssir olmaları üçün bir tədbir görsünlər. Bizim kimi kazaklar onların da mal-dövlətini qarət etsin və qadınlarının ismətlərinə toxunsunlar.
Ruslar bu təklifi qəbul edərək ermənilərin məqsədini həyata keçirmək üçün övrətləri ilə arabaya minib Ağdama yola düşdülər. Onlar iki bağın arasından keçən yola çatanda birdən dad-fəryad çəkdilər:
- Ay gəlin, müsəlmanlar bizi soydular, əynimizdə, əlimizdə hər nə var idi aldılar. Bizi lüt etdilər.
Bu qərarla Ağdam hakiminin yanına gəldilər. O, rus idi. Hakim gördü ki, bu dörd nəfəri elə soyublar ki, əyinlərində alt paltarından başqa bir şey qalmayıb. Hamısı soyuqdan tir-tir əsirlər. Hakim qəzəblənərək əhvalatı dərhal generala yazmaq və müsəlmanları tənbeh etmək istədi. Bu zaman müsəlman olan yasavul osetin hakimin yanına daxil olaraq rusların gəldiyi arabada axtarış aparmaq üçün icazə istədi. Osetin hakimdən razılıq əldə etdikdən sonra gəlib arabanın içindəki otu o tərəf-bu tərəfə çəkib yoxlayanda gördü ki, ruslar və onların arvadlarının bütün paltarları və çəkmələri otun altındadır. Əhvalatdan xəbərdar olan hakim qeyzlənərək həmin rusların və arabaçının döyülməsi haqqında əmr verdi.
Arvadlarına isə dedi ki, bu saat doğrunu deyin görüm bu nə işdir, yoxsa sizi həbsxanaya göndərəcəm. Matuşkalar dedilər ki, bizi nə döyün, nə də həbsxanaya göndərin, əhvalat belədir: Qımdatlar bizə üç yüz manat pul veriərək bu hiyləyə təhrik etdilər ki, bir müsəlmanları belə bir əməllə günahlandıraq və bunun nəticəsində ruslar onları cəzalandırsınlar. Biz də bunu edə bilmədik. Hiyləmizin üstü açıldı.
Müsəlmanlar onlara qarşı yönəldilmiş bu hiylənin üstünü açdığına görə xeyli pul yığıb osetinə verdilər və böyük təşəkkürlərini bildirdilər. Beləliklə, ermənilərin növbəti hiyləsi faş olub, rüsvay oldular. Ona görə də atalar deyib ki, başqasına quyu qazanın özü düşər. Yaxud hər nə kərsən, onu da biçərsən”.
Mənbə: Mir Möhsün Nəvvabın “1905-1906-cı illərdə erməni-müsəlman davası” kitabı.
Vasif Əlihüseyn
Ardı var...