Xaricdə natamam təhsil alan 21 nəfərə mənfi rəy verilib

Xaricdə natamam ali təhsil alan şəxslərə Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə köçürülmək üçün müraciət etmək hüququ verən qismən akademik şəhadətnamə əldə etmək məqsədilə müəyyən olunmuş 05 iyun – 09 iyul 2025-ci il tarixlərində 192 nəfər şəxsin müraciəti qeydə alınıb.
Bu barədə Adalet.az-a Təhsildə Keyfiyyət Təminatı Agentliyindən məlumat verilib.
Bildirilib ki, bunlardan 171-i barədə müsbət qərar veriləcək: "Qazanılmış AKTTS sayının qeyd olunduğu müvafiq şəhadətnamələr təqdim edilib, 6 nəfərin müraciəti mənfi qərarla yekunlaşıb və 15 nəfərin sənədləri isə sənəd çatışmazlığına görə geri qaytarılıb".
Beləliklə, qismən akademik tanınma ilə bağlı müraciət edən 21 nəfərə mənfi rəy verilib.
"Mənfi qərarla yekunlaşan müraciətlərə nümunə olaraq 2 fakt üzrə dövlət nümunəli olmayan transkript (saxta transkript), 2 fakt üzrə tədris yükünü mənimsəmək üçün təhsil alınan ölkənin ərazisində tələb olunan normativdən az olması, 1 fakt üzrə dövlət nümunəli olmayan transkript (saxta transkript) və saxta apostil, 1 fakt üzrə isə dövlət nümunəli olmayan transkript (saxta transkript) və tədris yükünü mənimsəmək üçün təhsil alınan ölkənin ərazisində tələb olunan normativdən az olması təsbit edilib", - məlumatda qeyd olunub.