24 Iyun 2024 16:00
1310
ƏDƏBİYYAT

Xəyanət... - Əhməd Orucoğlu yazır

Mənim ərim xalq artisti, mən isə əməkdaram. İkimiz də bur teatrda işləyirik. Teatra gənc, yaraşıqlı aktrisa gələnə qədər çox mehriban yaşayırdıq. Bir gün mənə xəbər çatdı ki, mənim ərim gənc aktrisa ilə şuru-murudur. Şuru mənim ərim, muru gənc aktrisadır. Mən onları səhnə arxasında öpüşən yerdə yaxaladım. Gənc aktrisaya dedim: on il öncə məni də səhnə arxadında belə ehtirasla öpürdü. O ehtiraslı öpüşdən mənə bir qız, bir oğlan qaldı. Davam edin. Sizə səhnədə uğurlar, səhnə arxasında uğursuz günlər arzulayıram.

Evə gəlib iyirmi damcı korvalol içib, ərimi gözlədim. Saat bir oldu ərim gəlmədi. Saat ikidə əsərin qəhrəmanıpeyda oldu. Mən teatrda başladığım monoloqu evdə bitirdim. Çox keçmədi monoloq dialoqa çevrildi. Sonra səhnə hərəkətlərinə keçdik və sonda çilçıraq ərimin başına düşdü. Ərim "Olum və ya ölüm" monoloqunu söyləyəndə, mən ona məhəl qoymayıb, eyvana çıxdım. Bu zaman qonşunun qızı da eyvana çıxdı. Məni görən kimi özünü itirdi. Həyəcanla soruşdu:

- Sizin evdən səs-küy gəlirdi...

- Ərimlə "Xəyanət" pyesinin məşqlərini edirdik.

- Bəs o gurultu səs nə idi?

- Birinci hissənin sonunda çilçıraq ərimin başına düşür.

Qonşunun qızı maraqla soruşdu:

- Hər tamaşada bir çilçıraq sınacaq?

- Rejissorun traktovkasına görə tamaşada göydən yekə bir qara daş başına düşür. Biz onu evdə çilçıraqla əvəz edirik.

Qonşunun qizı dedi:

- Oy dad...necə də maraqlı tamaşa olacaq...

Bu zaman ərim qan içində eyvana çıxdı. Başı qarpız kimi yarılmışdı. Qonshunun qızı ərimi görcək:

- Oy dad...siz necə də Hollivud aktyorlarına oxşayırsınız. Ərim mənə tərs-tərs baxıb dedi:

- Hollivudda belə səhnələrə kaskadyorlar çəkilir. Bizdə isə altyorlar özləri çəkilirlər. Çəkilməyəndə məcbur edirlər.

Bunu deyib ərim huşunu itirdi. Mən onu özünə gətirəndən sonra bu qanlı hadisəni ailə dostumuz, yazıçı-dramaturq Əhməd Orucoğluya danışdım. O, da elə bil bir himə bənd imiş. "Xəyanət"adlı tragikomediya yazdı. Sabah premyerası olacaq. Baş rollarda ərim və mən. Tamaşanın finalında göydən qara daş düşəcək. Kimin başına? Bax, onu gəlib özünüz görərsiniz. Hamınızı premyeraya dəvət edirəm.