adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
11 Iyul 2022 10:46
2912
MƏDƏNİYYƏT

Xəyanətə uğrayan, uşaqlarından ayrılan,  qisasını “düşmənlərindən” alan Ofeliya Məmmədzadə... 

Bu gün tanınmış aktrisa, “Yenilməz batalyon” filmində bar sahibəsi rolu ilə adını yaddaşlara yazdıran Ofeliya Məmmədzadənin anım günüdür.

Adalet.az xəbər verir ki, 2007-ci il 11 iyulda ürək tutmasından vəfat edən Ofeliya xanımın ölümündən düz 15 il ötür.

1939-cu il avqustun 4-də Bakıda ziyalı ailəsində anadan olan Ofelya Məmmədzadə  gülər üzü, şirin danışığı, maraqlı jestləri ilə sevimli aktrisamız olmasına baxmayaraq, onun həyatında baş verən açıverici hadisələr, kədərli olaylar, əzablar, sarsıntılar və  ömrünü bir xəyanətin qisası üçün xərclədiyinin fərqində olmamışıq. 

Ofeliya xanımın keşməkeşli  həyatı

Məlumatlara görə, aktrisa 15 yaşındaykən, “Bir qalanın sirri”filmindən tanıdığımız Elşənlə - dövrünün yaraşıqlı aktyoru Gündüz Abbasovla (1930-cü il təvəllüdlü) ailə qurur. Ərindən 9 yaş kiçik olan aktrisanın bu evlilikdən 2 qız 1 oğul olmaqla 3övladı olur. Xoşbəxt bir evlilik, övladları ilə məsud həyat, gözəl günlər bir “dedi-qodu”nun qurbanı olur. Qürurlu Ofeliya xanım eşidir ki, onun canından çoxsevdiyi həyat yoldaşı başqa bir məşhurla eşq yaşayır. Əvvəl, həqiqətən də bunu“dedi-qodu” bilən aktrisa sonra məsələnin gerçək olduğunu anlayır. Çünki o vaxt 2 həyat yoldaşından da ayrılmış həmin məşhurun özündən 17 yaşlı aktyor sevgilisi haqqında bütün Bakı danışırdı. Bu məşhur dövrünün ən sevilən və prestijli aktrisası Hökümə Qurbanova (1913-cü il təvəllüdlü) idi. Ofeliya xanım xəbərin doğruluğunu eşitdikdən sonra çox sevdiyi ərindən qəlbən inciyir və onun xəyanətini bağışlamır . Beləliklə, ailə dağılır. 


Ofeliya Məmmədzadə boşandıqdan az sonra, bəlkə də qisas səbəbi ilə, elə o “dedi-qodu”nun geniş yayıldığı ərəfədə “sevgililəri” “yandırıb- yaxmaq” üçün daha tez addım atır . O ailəsini dağıtmış Hökümə Qurbanovanın 25 illik həyat yoldaşı olmuş, tanınmış teatr rəssamı Nüsrət Fətullayevlə (1913-cü il təvəllüdlü) 1960-cı ildə ailə qurur. Baxmayaraq ki, cütlüyün arasında 26  yaş fərqi vardı. 

Amma bu hər “iki xəyanətkar”a qarşı düşünülmüş addım idi. Bunun bir qisas olduğunu yəqin ki, hamı anlayır. Gündüz Abbasovun qisası isə daha betər olur. O, məhkəmə yolu ilə uşaqları keçmiş həyat yoldaşından alır və anasının himayəsinə verir. 

Eyni zamanda uşaqları ilə anasının görüşməsini əngəlləyir. Həmin vaxt Ofeliya xanım buna cavabsız qalmır və aktrisalığı özünə peşə seçir. Rəssamla evli olan aktrisa evli olduğu ilk dönəmlərdə təhsil almağı qarşısına məqsəd qoyur. 1977-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni-maarif fakültəsini bitirir və Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında çalışmağa başlayır. Burada H.Cavidin "Səyavuş" əsərində Kəndçi qızı, "İblis"də Rəna, S.Vurğunun "Vaqif" əsərində Gəlin və Gürcü qızı, C.Cabbarlının "Oqtay Eloğlu" əsərində Firəngiz, S.Rəhman "Yalan" əsərində Kəklik, İ.Əfəndiyevin "Məhv olmuş gündəliklər" əsərində Gövhər xanım obrazlarını məharətlə yaradır. O,1965-ci ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında aktrisa kimi fəaliyyət göstərir. Məlumatlara görə, belə bir fəaliyyət Gündüz Abbasovu dərindən yaralayır və Ofeliyanı heç vaxt aktrisa kimi qəbul etmir. Onlar heç vaxt barışmırlar, danışmırlar. 

 

Ürəyi vəfasız, yarı vəfasız...

 

Ofelya xanımın evliliyi N. Fətullayev ölənə qədər – 27 il davam edir. Amma cütlüyün övladı olmur. 
Nüsrət müəllim  yeganə qızı Azərbaycanın əməkdar artisti Vəfa Fətullayevanın 1987 –ci il 21 mayda vəfatından 6 ay sonra, 1 oktyabr 1987-ci ildə 74 yaşında gözlərini həyata yumur. 

Bu hadisə aktrisaya ağır təsir edir.O, 1999-cı ildə teatrdan çıxır, sonra yenidən 2005-ci ildə teatra qayıdır. Uzun illər ərzində bu teatrın səhnəsində Asya, Telli (Ü.Hacıbəyov "Arşın mal alan", "O olmasın, bu olsun"), Matan xanım (Ş.Qurbanov "Özümüz bilərik"), Nazpəri (R.Hacıyev "Talelər qovuşanda"), Təşəkkür xanım (R.Mustafayev "Volqalı canan") rollarında çıxış edir.Bu müddət ərzində bir çox yadda qalan obrazlar yaradır. “Gəlməli, görməli, gülməli” Miniatür Teatrında yaratdığı obrazlar da unudulmaz olub.O. Məmmədzadə görkəmli gülüş ustaları Bəşir Səfəroğlu, Əliağa Ağayev, Hacıbaba Bağırov və başqaları ilə tərəf müqabil olub.

Həmkarlarının dediklərinə görə, amma O. Məmmədzadə ilə H. Qurbanovanın arasında ömürlərinin sonuna qədər münaqişə olub.


Yeri gəlmişkən , Gündüz Abbasov Ofeliya xanımdan ayrılandan çox sonra - 1969-cu ildə Tamara Abbasova ilə ailə qurub və bu nigahdan 2 övladı dünyaya gəlib. Ölümünə bir neçə saat qalmış baxışlarını bir nöqtəyə zilləyib deyir: "Peşman olmuşam". O, 21 avqust 1995 (64 yaşında dünyasını dəyişir.

Hökümə Qurbanova isə qızı Vəfa Fətullayevanın ölümündən bir il sonra - 2 noyabr 1988 (75 yaşında) vəfat edir. 


Ömrünü bir xəyanətin qisasını almağa həsr etmiş sevimli aktrisa, Respublikanın əməkdar artisti Ofeliya Məmmədzadə isə 11 iyul 2007 –ci il də 68 yaşında dünyasını dəyişir.Tək yaşadığından sənətkarın ürək çatışmazlığı üzündən vəfat etməsini yaxınları və qohumları bir sutka sonra aşkarlayırlar.

Allah rəhmət eləsin!

Əntiqə Rəşid