adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
18 Mart 2024 10:51
57
ANALİZ

Xoş gəldin, Novruz bayramı!

Mən hamınızı qarşıdan gələn ən sevimli bayramımız - Novruz bayramı münasibəti ilə təbrik edir, hər birinizə  bahar ətirli günlər arzulayıram.  
Novruz bayramının hər gəlişi əsrlərdən bəri insanlarda bolluğun, bərəkətin və xeyirxahlığın simvolu kimi qəbul edilmişdir.  Təbiət qış yuxusundan oyanır, yurdumuza, elimizə, obamıza yaz gəlir. İnsanlar böyük təntənə ilə Novruzu qarşılayırlar. Gecə ilə gündüzün bərabərləşdiyi ilk bahar günündə yurdumuza qədəm qoyan bu bayram insanları daim birliyə, sülhə və əmin-amanlığa səsləyir.

Bahar mərasimləri, adət-ənənələri əsrlərin sınağından çıxaraq, ulu babalarımızdan bizə yadigar qalmış misilsiz hədiyyədir. Novruz bayramı milli, dini adət və ənənələrimizi nəsillərdən-nəsillərə ötürərək bu günlərə gətirib çıxaran bayramdır. Buna görə də Novruz bizim ümumdövlət, ümumxalq bayramımızdır. Xalqımızın sevə-sevə qeyd etdiyi bu bayram bizi bir xalq olaraq birləşdirir, xalqımızda daha möhkəm birlik yaradır və həmrəyliyə xidmət edir. 
Novruz bayramına yüksək qiymət verən Ulu Öndər bu bayram haqqında deyirdi: “Novruz xalqımızın əsrlərdən bəri qoruyub saxladığı və bütün dövrlərdə həmişə əziz tutduğu bayramlardan biridir. Onun tarixi də Azərbaycan xalqının tarixi kimi kəşməkəşli, enişli-yoxuşlu olmuşdur. Bu ulu bayramın müstəqil respublikamızda dövlət səviyyəsində qeyd edilməsi öz milli köklərimizə, adət-ənənələrimizə, tarixi keçmişimizə dərin ehtiram bəslədiyimizi və sarsılmaz tellərlə bağlı olduğumuzu nümayiş etdirir”. 

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə, şəhidlərimizin qanı bahasına şanlı Azəırbaycan ordusu Vətən müharibəsində qələbə çaldı. Azərbaycan xalqı bu gün Novruz Bayramını öz ərazi bütövlüyünü tam tamin edərək, işğaldan azad edilmiş bütün torpaqlarında qeyd edir. Bu xoşbəxtliyə görə hər birimiz şəhidlərimizə, xalqımızın qəhrəman övladlarına borcluyuq. 

Qeyd edim ki, Novruz bayramı UNESCO tərəfindən beynəlxalq səviyyədə də qeyd olunur. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın səyləri nəticəsində xalqımızın bu əziz el bayramı artıq UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilmişdir. 2010-cu il fevralın 23-də isə BMT Baş Məclisi 21 mart tarixini Beynəlxalq Novruz Günü elan etmişdir. Novruz bayramı ilə əlaqələndirilən digər məşhur adətlər Azərbaycan xalqının tarixini, onun zəngin folklorunu və fəlsəfəsini əks etdirir.

Mən bir daha  bayram münasibəti ilə hər birinizə möhkəm cansağlığı, xoş duyğular, gözəl əhval-ruhiyyə, səadət və uzun ömür arzulayıram!
Qarşıdan gələn bahar nəfəsli, gül-çıçək ətirli bayramımız mübarək, əziz həmvətənlər!

 

Əminə Ağzadə,

Millət vəkili