10 Aprel 2025 11:00
583
MƏMLƏKƏT

“Xroniki ailə münaqişələri uşaqlarda daha ciddi problemlər yarada bilər” - Psixiatr

“Uşaqların sosial həyatlarında aqressiv davranışları varsa, bunun qaynağı ailədədir. Ailədə sağlam mühitin olması uşağın çöldə də davranışlarında özünü göstərir”. 

Adalet.az xəbər verir ki, bu fikirləri 93 FM dalğasında yayımlanan “Sağlam radio”da psixiatr Leyla Bəşirova açıqlayıb. 

L.Bəşirova bildirib ki, uşağın psixi vəziyyətinə görə münasibət tənzimlənməlidir:

“Valideynlər uşaqların yaşlarına görə onlara şəxsiyyət olaraq yanaşmalı, fikirlərini nəzərə almalıdırlar. Ailədə neqativ davranışlar uşaqların da davranışında özünü büruzə verir. Vacib olan yalnız uşaqlara qarşı münasibət deyil, hətta valideyn arasındakı qarşılıqlı münasibət, bir-biri ilə necə münasibət qurması uşağın həyatında böyük rol oynayır. Uşaqların psixi sağlamlığında valideynlərin sağlam yanaşması vacibdir.

Ailələrdə valideynlər sağlam və ya qeyri-sağlam uşaqlarla münasibətlərində diqqətli olmalıdırlar. Valideynin övladına münasibəti onun psixi statusundan asılı olmayaraq, sağlam olmalıdır”. 

Psixiatrın sözlərinə görə, Böyük Britaniyada və digər ölkələrdə aparılan elmi tədqiqatlar nəticəsində aşkar olunub ki, altı aylıq körpələrdə evdəki neqativ, münaqişəli vəziyyətlər ürək döyüntüsünü artırıb, kotrizol stres hormonunu inkişaf etdirib:

“Xroniki ailə münaqişələri nəticəsində uşaqlarda yuxu pozuntuları, davranışlarında dəyişikliklər, depressiv, hətta psixi inkişafında pozuntular və daha ciddi problemlər yarana bilər”.