adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
01 Mart 2024 12:05
1465
MƏMLƏKƏT

Xudanın və genetikanın möcüzəsi fədakarlıq tək savaşda olmur: Sevil Qazıyeva təcrübəsi

Məktəbli ikən - uşaq vaxtı düşünürdüm ki, qadınlarımız niyə həyatlarını təhlükəyə atmaqdan qorxmur, niyə rahat yaşamaq varkən özlərini ölümün ağuşuna könüllü atırlar?Niyə, məsələn, ilk azərbaycanlı qadın hərbi pilotu Züleyxa Seyidməmmədova alman faşistlərinə qarşı döyüşüb? Niyə Bakıdan vurub gedib, Moskvaya, orda pilot olub, ondan sonra 4 il Buxarestə qədər döyüşə-döyüşə gedib. Öləcəyini, gənc yaşından torpağa düşəcəyini bilə-bilə... Axı niyə?


Tarixə ilk azərbaycanlı və şərqli qadın snayper kimi düşmüş Ziba Qəniyeva da Züleyxa xanım kimi... Tibbi xidmətin kapitanları Səlimə Əlizadə, Qonçə Qaragözova, Reyhan Qasımova və minlərlə Azərbaycanlı qadını ölümə sarı götürən hansı hisslərdir?


Daha sonra Qarabağ müharibəsi başladı. Onda gənc idim və başqa rayonlardan qadınlar gəlib mənim Ağdamım uğrunda döyüşəndə iki məqamı anladım. Anladım ki, vətən bildiyin ərazini qorumaq imandandır, dürüst əqidənin varlığıdır, vətənpərvərliyin əlamətidir. Vətən məhvumu səni onun hər küncü-bucağı üçün döyüşməyə vadar edir. Anladığım ikinci məqam isə o oldu ki, döyüşə atılan, mübarizəyə qalxan hər bir qadının qanında- canında bir mübarizlik, bir qəhrəmanlıq, ölümə qalib gəlmək hissləri var.

Xudadandır, bilmirəm, genetikadandır bilmirəm...

Amma bildiyim odur ki, qadın-qız yaşa dolduqca içindəki, gizlində qalmış o hisslər də böyüyür. Və böyüyüb gənclik enerjisi ilə də birləşdikdən sonra elə bir həddə çatır ki, o hissləri dayandırmaq, durdurmaq olmur... Ancaq meydan axtarır, ancaq döyüş axtarır...Və nəhayətində tapır.



Belə Azərbaycan qadınlarından biri də Azərbaycan SSR-də ilk qadın mexanizator, Sosialist Əməyi Qəhrəmanı, Azərbaycan SSR Ali Sovetinin deputatı Sevil Qazıyevadır. Hazırkı nəsil xatırlamaz, amma Sevil Qazıyeva uzun illər qəhrəmanlıq nümunəsi sayılıb. Peşə -təhsil seçimi zamanı gənclərin bir çoxunun oxşamaq, o yolu davam etdirmək istəyinin səbəbkarı olub.


1940-cı il iyunun 1-də Zaqatala rayonunda anadan olan Sevil Qazıyevanın atası müharibədən qayıdandan sonra necə yaralandığını, tibb bacılarının döyüşçülərin yaralarını necə sarıdığını danışanda Sevildə həkim olmaq həvəsi yaranır. 1958-ci ildə orta məktəbi bitirən Sevil atasının yaratdığı həvəs və içindən xudadanmı, genetikadanmı bilmirəm gələn o hisslərin təsiri altında sənədlərini indiki Azərbaycan Dövlət Tibb Universitetinə versə də, müsabiqədən keçə bilmir. Bir gün qarşısına qızlar üçün sənət məktəbi açıldığı barədə elan çıxır. Bundan sonra Sevil həmin məktəbin "Poliqrafiya" ixtisasında təhsil alır.

Amma bu təhsil onun ürəyini soyutmadığının, içindəki hissləri çölə daşımağa şərait yaratmağdığının da fərqində olur. Gəncliyindən və içindən qaynayan –daşan, onu qəhrəmanlığa təhrik edən hisslərin təsiri ilə cəng meydanının sorağına düşür.Günlərin bir günü Özbək qızı Tursunoy Axunovanın maşınla pambıq yığımında göstərdiyi hünər barədə oxuduğu məqalə onun həyatını birdəfəlik dəyişir. O, sürücü mexanik olmağa qərar verir. Qərarına üç rəfiqəsi Məmləkəti, Diləfruzu və Solmazı da qoşur. Mərkəzi Komitəyə gedirlər, orada az qala dövr üçün inqilabi bir təklif verirlər, tələb irəli sürürlər. Bir çoxları "qız hara, traktor hara" təklifinə ağız büzsə də, onların "Niyə azərbaycanlı qız maşınla pambıq yığmasın?" tələbi nəzərə alınır.

Bir müddət sonra məhz Sevilin tələbinə cavab olaraq Binədəki kənd təsərrüfatını mexanikləşdirmə məktəbində sürücü-mexanik hazırlayan kurs açılır. Kursa ilk yazılanlar da bu inqilabçı rəfiqələr və qrupun lideri Sevil olur. Tezliklə “traktorçu tələbə qızlar” səs sorağı Azərbaycanın hər tərəfinə yayılır. Onların ardınca 58 qız məktəbə sənəd verir. Təhsil bitir , indi meydan zamanı. Zaqatalada ömründə pambıq görməyən, pambıq yığmayan Sevil könüllü şəkildə Beyləqan rayonuna işləməyə gedir.

İstehsalat təcrübəsi zamanı Sevil maşınla 97 ton pambıq yığır. Təcrübəsi olmayan bir qız üçün bu,uğurun başlanğıcıda deyə bilərsiniz.Qələbə də deyə bilərsiniz. Bu qələbə təkcə maşınla yığımın müvəffəqiyyəti yox, həm də "maşın qız işi deyil" deyənlərin üzərində qələbə idi.

Sevil haqqında o vaxt media yazırdı:” Sevil qızlar klubu açıb, gənc xanımları özfəaliyyət dərnəyinə toplamışdı. 1961-ci ildə Özbəkistanda sovet pambıqçılarının ümumrespublika toplantısında Azərbaycan nümayəndə heyətinin tərkibində Sevil Qazıyeva da iştirak edir. Sevil Özbəkistanda olarkən məşhur sovet pambıqçısı Tursunoy Axunovanın iş təcrübəsi ilə yaxından tanış olur. O, Daşkənddən qayıtdıqdan sonra Beyləqanda Axunova kimi kompleks-briqada yaradır və həmin briqadaya başçılıq edir.

1962-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun mexanizasiya fakültəsinə daxil olan Sevil Qazıyeva işləyə-işləyə həm də qiyabi təhsil alır. Qısa müddət ərzində Azərbaycanın adlı-sanlı pambıqçılarından birinə çevrilən Qazıyeva 1962-ci ildə öz maşını ilə 190 ton pambıq yığır. Daha sonra o “Qırmızı Əmək Bayrağı” ordeni ilə təltif edilir".

Sevil artıq gənc qızların qürur mənbəyinə çevrilmişdi. Onun çağırışı ilə 600 nəfərdən çox qız mexanizator peşəsini seçir. Hətta çox sonralar bizim Ağdam rayonu Baş Qərvənd kəndindən olan Sevil Əliyeva adlı gənc qız onu özünə nümunə olaraq seçdi və getdi sürücü-mexanik oldu. Lenin adına kolxozumuzun son gününə qədər o da öz peşəsini sevə-sevə yerinə yetirirdi.


Sevilin mübarizəsi qızışdıqca uğuru da artırdı. Sevil artıq rəfiqələri ilə yarışa atılmırdı. Artıq özündən yaşda da, təcrübədə də böyük olan Sosialist Əməyi Qəhrəmanı Sərdar İmrəliyevlə yarışırdı. Hər ikisi “əməkdar mexanizator” adını almış, birgə kompleks pambıqçılıq briqadası yaratmışdı. Pambığı özləri əkir, becərir, özləri də yığırdı.


Sevil 1963-cü ildə Azərbaycan SSR Ali Sovetinin deputatı seçilir. Deputat seçilməsi Sevilin qayğılarını daha da artırır. O, eyni vaxtda həm başçılıq etdiyi briqadanın işlərinə nəzarət edir, həm də seçicilərinin problemləri ilə məşğul olur.
Məqalənin girişində demişdim axı, belə qadınlarımız seçdikləri həyatı o qədər israrla, sevgi ilə hərarətlə seçirlər ki, ölüm qorxusu o həyatın heç bir küncündə olmur, ola bilmir.


1963-cü il sentyabrın 27-si ... Sevil Qazıyeva ömrünün bahar çağında, faciəli şəkildə vəfat edir. Bir gün axşamüstü - sahələrdən dəstə-dəstə qayıdan pambıqçılardan yarışdığı briqadirin ondan bir bunker çox pambıq yığdığını öyrənən Sevil yenidən tarlaya qayıdır.
Həmkarım Aytəkin Alxaslı məqaləsində Sona xanımın dediklərini belə qeyd edir:“Axşam qaş qaralanda evə getmək istəyirdik. Lakin Sevil anama sahədə bir cərgə də pambıq yığmaq istədiyini bildirdi. Heç ağlımıza gəlməzdi ki, həmin an Sevil bizim yanımızdan birdəfəlik ayrılır. O, işini tamamlamaq üçün pambıq sahəsinə tərəf yollandı.

Lakin yarım saat keçməsinə baxmayaraq ondan bir xəbər çıxmadı. Birdən maşının işığı söndü. Anam elə bil baş verəcək faciənin ağrısını hiss edib çox narahat oldu. Bir qədər sonra bir uşaq təlaş içində bizə yaxınlaşaraq Sevilin həlak olduğunu dedi. Biz sahəyə çatanda hamı ağlayırdı. Mən Sevili pambıq maşınının yanında başı əyilmiş halda gördüm. Başının bir hissəsi qopmuşdu. Hər gün sahədə çalışdığı zaman başına bağladığı yaylığı da üstünə qoyulmuşdu”.

Bacısı Sona Qazıyeva mediaya verdiyi açıqlama: “Sevilin cənazəsini Beyləqandan Zaqatalaya 8 saata apardıq. Hamı Sevili yola salmaq üçün gül-çiçəklə yollara çıxmışdı. Oğuzdan keçəndə o zaman rayonun 1-ci katibi olan Səfiyyə Dibirova da 50-60 avtomobillə bizi qarşıladı. Biz Zaqatalaya çatanda Sevilin cənazəsini 200 maşın müşayiət edirdi. Sevil bütün hamını yasa boğmuşdu. Elə bil hamı yaxınını, doğmasını itirmişdi, hamı göz yaşı axıdırdı”.


Bəli, qəhrəmanlıq elə bir hissdir ki, onu istənilən sahədə göstərmək mümkündür, istər cəbhədə, istər iqtisadiyyatda, siyasətdə, ədəbiyyatda, mədəniyyətdə, incəsənətdə... Sadəcə bunun üçün bilmirəm Xudanınmı möcüzəsi lazımdır, ya genetikanın köməyimi lazımdır, amma Azərbaycanın kişisi üçün də, qadını üçün də qəhrəman olmaq adi bir haldı.. Bunu zaman bütün dövrlərdə göstərdi...

 Əntiqə Rəşid