07 Avqust 2024 09:48
135
SİYASƏT

Yaxın Şərq böyük müharibənin bir addımlığında -Səxavət Məmməd yazır

Regionumuzu nələr gözləyir?

Böyük müharibələr, konfliktlər hər zaman diqqət cəlb edir. İstər-istəməz insanlar ora fokuslanır. Rusiya-Ukrayna müharibəsinin sonu necə olacaq? F-16-lar müharibənin taleyini dəyişəcək?

NATO baş katibi deyir ki, F-16-lar müharibənin taleyini dəyişə bilməz, ancaq bizim azərbaycanlı ekspertlərə kor tutduğunu buraxmadığı kimi, “dəyişəcək” deyib, durub. Zelenski F-16-ların təqdimat mərasimini keçirir, Putin Kiyevi şumlayır.

İranı birbaşa müharibəyə qoşmaq istəyirlər. Haniyənin öldürülməsindən sonra İran qisas alacağını bəyan etdi. İran telekanalları video-rolik yayımladı. İsraildə həmin gecə heç küçədə it də qalmamışdı. Bütün uçuşlar dayandırıldı, ABŞ məcbur olub əlavə 12 gəmi göndərdi. İndi də İranı lağa qoyurlar ki, raket ata bilmədi. İranın ötən dəfə atdığı raketlər nə idi? Üç ölkə birləşdi, atılan raket və göndərilən dronların hamısını vura bilmədilər.

Hər şey təqdimatdan asılıdır. Türkiyədən olan dostlarınızla söhbət edəndə tarixdən sual verin, Osmanlının məğlub olduğu heç bir döyüşdən xəbərləri yoxdur. “Uduzmayıbsa, Osmanlı necə dağılıb?” sualı təbii ki, açıq qalacaq. Eləcə də ABŞ. ABŞ bütün müharibələrdən qalib çıxıbmış. Vyetnamdan, ən son Əfqanıstandan qaçan kim idi? Amerikalılar jurnalistlər, ekspertlər Əfqanıstanla bağlı dövləti topa tutur, bizim azərbaycanlılar min cür bəhanə, min cür izahat verəcək. Nəticə nədir? “Taliban” hakimiyyətdədir! İraqda İran diqtə edici gücdür! Proseslərə bir pəncərədən baxaraq, heç vaxt real qiymət vermək olmaz.

Demək, dünya müharibəyə hazırlaşır, İran müharibə astanasındadır, Ermənistan silahlandırılır. Təbii ki, bunlara diqqət ayırmamaq olmaz. Gəlirsən öz ölkənə baxırsan, ara qarışıb, məzhəb itib. Növbədənkənar parlament seçkiləri keçiriləcək. Ölkədə deputat anlayışı, deputatlıq institutu o qədər aşağı düşüb ki, birmənalı olaraq hamı özü haqqında “deputat ola bilərəm”, düşüncəsindədir. Biri var, güc- bəla ilə namizədlik verməyinin qarışısını aldıq. İki cümləni arxa-arxaya qoşub, deyə bilmir. Deyir, deputat olacam. Başa salırsan ki, səndən deputat olmaz. Nəinki danışa bilmirsən, danışanda da ağzının danışığını bilmirsən, deyir, susacam. Görünüb, deputat bəyanat verər, deputat proseslərə təsir edər, gündəm yaradar, gündəm dəyişər. Bizdə deputat ancaq gündəm olur, gündəmi dəyişəndə də söyüş obyektinə çevrilir.

4 hərbçimizin həlak olduğu “İstisu”nun üzərini bağlayıblar. Yüz illərdir azərbaycanlılar çimirdi orada zəhərlənmirdi, 30 il ermənilər çimdi zəhərlənmədi, ancaq 4 hərbçimiz çimib zəhərləndi. Bir az poetik yazım, “İstisu” göylərə dəmir “reşotkalar” arxasından baxır. Müharibələri təhlil edən, analizlər verən, beyni çönəndə Ermənistanı hədələyən hərbi ekspertlərimiz nədənsə heç sual vermədilər ki, bu hadisə nizam-intizam pozuntusu ilə bağlı ola bilər? Quru qoşunlarından telefonoqram gəlir ki, yay aylarında bu saatdan bu saata qədər əsgərlərin çöldə olmamalıdır. Bəzi komandirlər buna məhəl qoymur. Bunun səbəbləri nədir? Sabiq Baş Qərargah rəisi Nəcməddin Sadıkov ordudan gedəndə saysız-hesabsız problemlər vardı. Yeni Baş Qərargah rəisi Kərim Vəliyev neçə faizini həll edə bilib? Sabiq Quru Qoşunları Komandanı Ənvər Əfəndiyevin vaxtında çoxlu sayda problemlər yeni Quru Qoşunları Komandanı Hikmət Mirzəyev nə qədərini həll edib? Deyənlər olacaq ki, Hikmət Mirzəyevin adını çəkmək olmaz. Niyə? Çünki Vətən Müharibəsi zamanı xidmətləri danılmazdır. Bunu heç kim inkar etmir. Deyənlər olacaq ki, yaxşı komandir olub, Xüsusi Təyinatlı Qüvvələr onun sayəsində bu həddə gəlib çatıb. Bunu da heç kim inkar etmir. Ancaq indi Quru Qoşunları komandanıdır! Mənim üçün yaxşı və pis anlayışı fədakarlıq zamanı ortaya çıxır. Kimsə vəzifə borcunu yerinə yetirirsə, o, yaxşı deyil, ola bilməz. Ancaq qınamıram, o qədər vəzifə borcunu yerinə yetirməyənlər görmüşük ki, yerinə yetirənə yaxşı deyirik, fədakarlıq edənə, daha çoxunu həyata keçirənə yox!

Deyənlər olacaq ki, işin-gücün yoxdur da, günahkar tapılıb, su dəmir barmaqlıqlar arasına atılıb, nizam-intizam sənə qalıb? Düz sözə nə deyəsən…

Pafos, populizim, boşboğazlıq, riyakarlıq, yaltaqlıq alın yazısına çevrilib. Ölkə rəhbərliyi təhdidlərdən danışır, xüsusilə xaricdən gələn təhlükədən bəhs edir, region dövlətləri müharibə hazırlığı içərisindədir, mikrafon uzadılanlarımız isə baş altına yastıq qoymaqla məşğuldur.

Dünənə qədər (müsəlmanın dünəni – S.M) 4 kənd qaytarılana qədər kəndlər dəyişdirilə bilər, artıq müharibə yox, sülh şəraitində yaşamağı düşünməliyik deyən adamlar, yenə erməniləri hədə-qorxu gəlir, sülh sözünü işlədənləri hədəf alır. Deyirlər, düz əyrini kəsir, burda əyrilər düzü əymək üçün əlləşir.