03 Iyul 2025 14:48
119
SİYASƏT

Yekaterinburq vəhşiliyinin arxasındakı gerçək: Kreml azərbaycanlılara qarşı...

İyunun 27-də Rusiya Federasiyasının Yekaterinburq şəhərində hüquq-mühafizə orqanları tərəfindən azərbaycanlılara qarşı şiddət və amansızlıqla həyata keçirilən əməliyyat, ümumiyyətlə, son zamanlar Rusiyada baş verən hadisələr ölkə  ictimaiyyəti tərəfindən geniş müzakirə olunur. Siyasi partiya rəhbərləri də   Rusiya hüquq-mühafizə orqanları tərəfindən azərbaycanlılara qarşı törədilən amansız davranışa, şovinizmə və milli ayrı-seçkiliyə  münasibətlərini bildiriblər. 

Demokratik İslahatlar Partiyasının rəhbəri  Asim Mollazadə mətbuata verdiyi açıqlamasında bildirib ki,  Rusiya Ukraynada uşaqları qətlə yetirən bir dövlət, indi artıq öz daxilində  də cinayətlər törətməyə davam edir: “Polis qüvvələrini və xüsusi xidmət orqanlarını səfərbər edib, vətəndaşlara işgəncələr verir, cinayətlər törədir. Bu, təəccüblü deyil, çünki onların mahiyyəti budur. Dünya bu rejimi, bu dövlətin insanlığa qarşı olan fəaliyyətinə qiymət verib və onlara qarşı müvafiq sanksiyalar tətbiq edib. Bu sanksiyaları daha da gücləndirməyə çalışırlar”. 

 

A.Mollazadə söyləyib ki, biz Rusiyanın Qarabağda tərətdiyi cinayətlərdən onların mahiyyətini bilirik: “Artıq bu cinayətlərin miqyası artıb. Belə hadisələr tək Yekaterinburqda deyil, digər bölgələrdə də gözlənilir. Söhbət tək azərbaycanlılardan getmir. Bilirsiniz ki, bundan əvvəl özbəklərə və ümuməm keçmiş sovet ölkələrindən olan vətəndaşlara qarşı da belə terrorlar törədiblər. Bu, rejimin mahiyyətini aydın şəkildə ortaya qoyur. Polis rejimi tətbiq olunub ki, daxildə də igəncələri davam etdirsinlər. Çox güman ki, Ukryana bunlara bəs etmir. Bu ölkəni idarə edənlərin çox ciddi ruhi xəstəlikləri var. Bu ruhi xəstəliklər məhz sadism əlamətləri daşıyır. Bu sadizm məhz insanlığa qarşı olan cinayətlərin əsasını təşkil edir. Onlar belə işgəncələrdən həzz alırlar”.

Məsələ ilə bağlı öz fikirlərini mətbuatla bölüşən Milli İstiqlal Partiyasının Sədri Arzuxan Əlizadə bildirib ki, “Rusiya Federal Təhlükəsizlik Xidmətinin

Yekaterinburqda yaşayan azərbaycanlılara qarşı cinayətkarcasına sərgilədiyi əməliyyat və qətllər fonunda Azərbaycan-Rusiya münasibətləri gərginləşib. Birmənalı olaraq belə bir vəziyyətin yaranmasında Rusiya rəsmilərinin, xüsusi xidmət orqanlarının, hüquq-mühafizə orqanlarının “xidməti” böyükdür. Soydaşlarımıza qarşı bu cür cinayətlər qarşılıqsız qala bilməzdi. Azərbaycan da öz mövqeyini sərt formada bildirib. “Münasibətlərin gərginliyi müharibəyə gətirib çıxara bilərmi?” sualı ortadadırsa, hesab edirəm ki, xeyr. Rusiya heç bir halda Azərbaycana qarşı müharibə cəbhəsi açmaz”.
O bildirib ki, informasiya müharibəsi gedir, basqılar var: “Rusiyada yaşayan soydaşlarımıza qarşı bu cür cinayət əməlləri həyata keçirərək onların qorxudulması prosesi gedir.

Azərbaycana soydaşlarımız üzərindən təzyiq etmək istəyirlər. Amma heç bir halda Rusiya Azərbaycanla müharibəyə qalxmaz. Rusiya fərqindədir ki, Azərbaycan Türkiyə ilə - qardaş dövlətimizlə Şuşa Bəyannaməsi imzalayıb və Azərbaycana dəstək verə biləcək güclər kifayət qədər çoxdur. Rusiya bu gün özünü Ukraynada elə bir bataqlığa salıb ki, təkcə Ukrayna ilə deyil, bütövlükdə, Qərb dünyasının əhəmiyyətli hissəsi ilə qarşıdurma, müharibə durumundadır. Hansı vəziyyətə düşübsə, insan resursları baxımından, iqtisadi, hərbi cəhətdən tükənmək üzrədir. Əslində, bu dövr ərzində Türkiyə və Azərbaycan Rusiya ilə normal münasibətləri saxlamaqla Rusiyaya bir nəfəslik rolunu oynayırdı. Əgər bu nəfəsliyi də qapatmaq istəyirsə, təbii ki, bu, artıq Rusiyanın öz problemidir. Bu nəfəslik qapanacaqsa, Azərbaycanla paralel olaraq Türkiyə ilə də münasibətlərini korlayacaqsa, Rusiyanın çöküşü daha da tezləşəcək. Birmənalı olaraq Rusiya bundan çox ciddi ziyanla çıxacaq. Bütün bunları ən azından göz önünə alaraq Azərbaycanla münasibətlərin müharibə həddinə gətirilib çıxarılmasına rəvac verməzlər. Hesab edirəm, bir müddət sonra Rusiya bizim haqlı mövqeyimiz qarşısında geri çəkilməyə məcbur olacaq".

“Açıq-aşkar görsənir ki, işgəncə verməklə insanların vəhşicəsinə qətlə yetirilməsi hansısa dairələr tərəfindən sanksiyalaşdırılıb. Məqsəd azərbaycanlılar arasında qorxu yaratmaq, Azərbaycanı aşağılamaqla dövlətlərarası münasibətlərə ziyan vurmaqdır”. Bu sözləri isə Ədalət, Hüquq,

Demokratiya Partiyasının sədri Qüdrət Həsənquliyev bildirib.O bildirib ki, Rusiyada Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsindən və Rusiya Prezidentinin Ermənistan tərəfdən 44 günlük savaşa qatılmamasından narazı qalan qüvvələr var: “Həmin dairələr Azərbaycanın Rusiya ilə dostluq münasibətlərini, rus dilinə böyük önəm verməsini düzgün qiymətləndirə bilmirlər, bunu bizim zəifliyimiz kimi qəbul edirlər. Bölgədə öz varlıqlarını yalnız hərbi iştirakda görən bu qaba güc tərəfdarları bizim Ermənistanla sülh sazişi imzalamağımızı da istəmirlər.

Zatulinkimilər açıq formada bəyan edirlər ki, münaqişənin sülh müqaviləsi ilə başa çatması Rusiyanın tərəflərə təsir imkanlarını itirməsinə səbəb ola bilər. Həmin dairələr bu ağır qətli sifariş etməklə həm də Azərbaycana ismarış göndərmək istəyirlər ki, azərbaycanlıları Rusiyadan qovub, Azərbaycanda müəyyən sosial gərginlik yarada bilərik. Həm də zorakılığa məruz qalanların ifadələri ilə təsdiq olunur ki, bu yolla azərbaycanlıları qorxudub sındırmaqla, onları müharibəyə aparmaq istəyirlər. Konstitusiyamızın 31-ci maddəsinin 4-cü hissəsində düzünə göstəriş var ki, Azərbaycan Respublikasının vətəndaşlarının hər zaman maneəsiz öz ölkəsinə qayıtmaq hüququ var. Heç bir əsasla bu hüquqdan istifadə məhdudlaşdırıla bilməz. Quru yolla vətəndaşlarımızın vətənlərinə qayıtmalarına icazə verməməyimizdən istifadə edən Rusiya onları mənən sındırıb müharibəyə göndərir”.

O bildirib ki, bununla Rusiya ya Azərbaycanı hansısa qərarların qəbulundan çəkindirmək, yaxud hansısa qərarlar qəbul etməyə məcbur etmək və ya qəbul olunmuş hansısa qərara görə cəzalandırmaq istəyir:  b “Ona görə DTX və ya Baş Prokurorluq Cinayət Məcəlləsinin 214-cü (terrorçuluq) maddəsi ilə cinayət işi başlamalı və təqsirli şəxsləri beynəlxalq axtarışa verməlidir. Eynilə Qroznı üzərində sərnişin təyyarəsini vuranları da”.

Ana Vətən Partiyası sədrinin müavini Günay Ağamalı isə bildirib ki, artıq keçmiş ittifaq dövlətləri Rusiya orbitindən kənar, çoxvektorlu xarici siyasət strategiyasına üstünlük verirlər və bu da öz növbəsində Kremlin ambisiyaları ilə üst-üstə düşmür. Məhz bu səbəbdən son dövrlərdə Rusiya daxilində yaşayan qeyri-slavyan mənşəli xalqlara, xüsusilə miqrantlara qarşı arzuolunmaz davranışlar və bunun fonunda ənənəvi təzyiq metodlarının tətbiq edilməsi müşahidə olunur:

"Təbii ki, eyni ritorikaya Rusiyada yaşayan soydaşlarımız da məruz qalırlar və bu bizi narahat etməyə bilməz. AZAL-a məxsus təyyarənin vurulmasından sonra Kreml-Bakı xəttində yaşanan soyuqluq isə tamamilə rəsmi Moskvanın sərgilədiyi mövqe ilə bağlıdır. Çünki Rusiya tərəfi hələ də hadisə ilə əlaqədar üzərinə düşən öhdəlikləri lazımı səviyyədə yerinə yetirməyib. Əksinə, ölkəmizə qarşı Rusiya informasiya məkanında aparılan qərəzli anti-Azərbaycan ritorikası açıq şəkildə koordinasiya edilmiş xarakter daşıyır. Xüsusilə Vladimir Solovyov kimi Kremlə yaxın media fiqurlarının manipuliativ çıxışları prosesin tək-tək spontan deyil, bir mərkəzdən idarə olunan tendensiya olduğunun göstəricisidir. Aydındır ki, Rusiya daxilində bəzi siyasi qüvvələr hələ də Azərbaycanın 44 günlük Vətən müharibəsi və ondan sonra əldə etdiyi hərbi uğurları qəbul edə bilmir”.
Günay Ağamalı qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan diplomatiyası çoxqütüblü siyasət strategiyası əsasında bütün sferalarda uğurlu fəaliyyət göstərir və ölkəmizə yönəlik təsir metodlarını minimallaşdırır. Belə olduğu təqdirdə Cənubi Qafqazda möhkəmlənməyə çalışan Rusiyanın Ermənistanda hakimiyyət dəyişikliyinə cəhdlər edərək yenidən köhnə narrativləri canlandırmağa çalışması gözləniləndir. Lakin Rusiyadakı bəlli dairələr başa düşməlidir ki, anti-Azərbaycan ritorikasının davamı iki ölkə arasındakı əlaqələrin geridönüşü olmayan dərəcədə pozulması ilə nəticələnə bilər.

Ədalət Partiyasının sədri Mütəllim Rəhimli baş vermiş olaylarla bağlı bildirib ki, “Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlılara qarşı təhlükəsizlik qüvvələrinin vəhşicəsinə və heç bir qayda-qanuna sığmayan zorakı davranışları nəticəsində soydaşlarımızın qətlə yetirilməsi, həbs edilməsi ilə nəticələnən hərəkətləri bu ölkənin yenə də şovinist, diskriminasiya və islamofob siyasəti apardığını sübut edir. İşgəncə verməklə insanların qətlə yetirilməsi, reydlərin barbarcasına həyata keçirilməsi, onun əvvəlcədən dövlət qurumları tərəfindən sanksiyalaşdırıldığını və məqsədli şəkildə edildiyini göstərir.

Təəssüflə qeyd etmək lazımdır ki, dili, dini, kökləri eyni olan slavyan Ukrayna xalqına qarşı qəddar siyasət yürüdən Rusiya şəhər və kəndləri yer üzündən silir, soyqırımı həyata keçirir, yaşayış məntəqələrini ən son dağıdıcı silahlarla vurur. Belə olduğu halda Rusiyanın digər xalqlara qarşı daha qəddar və amansız davranışı təəccüb doğurmur və onun dövlət siyasətinin bir parçası olduğunu təsdiq edir.

Azərbaycan vətəndaşları Rusiyanın 20 Yanvar faciəsi, Xocalı soyqırımının törədilməsində iştirakını, torpaqlarımızın işğalı və 30 ilə yaxın işğal altında saxlanmasının arxasında dayandığını unutmayıb. Hazırda torpaqlarımızın işğalına son qoyulmasını və Ermənistanla sülh müqaviləsinin imzalanmasını həzm edə bilməyən Rusiya Azərbaycana məxsus təyyarənin vurulmasını, azərbaycanlılara qarşı ayrıseçkilik siyasətini aparmaqla özünün bütün hiddətini və iç üzünü açıb göstərir.

Ukrayna cəbhəsində apardığı müharibədə kifayət qədər itkilərə məruz qalan Rusiyanın öz qonşuları, xüsusilə də, Azərbaycanla münasibətlərinin pozulmasına yönələn bu cür hərəkətləri ona fayda verə bilməz.

Rusiya, nəhayət anlamalıdır ki, müasir dünyada orta əsrlərə məxsus zorakılığa, quldurluğa söykənən davranış və münasibətlər sistemi ona yeni bədbəxtliklər gətirir. Buna görə də, soydaşlarımıza qarşı törətdiyi, sivil dövlət anlayışı ilə bir araya sığmayan hərəkətləri birdəfəlik dayandırmalı, günahkarları cəzalandırmalı və zərərçəkənlərə dəymiş bütün maddi və mənəvi zərərin qarşılanmasını təmin etməlidir”.

Murad