adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
19 Fevral 2024 06:48
144
ANALİZ

Yeni dövrün böyük nailiyyətləri

“Əldə edilmiş bütün nailiyyətlərin mənbəyi Azərbaycan xalqıdır, onun mənə göstərdiyi inam və onun vahid amal ətrafında birləşmə bacarığıdır. Biz doğrudan da bütün dünyaya sübut etmişik ki, böyük xalqıq”. Bunu Prezident İlham Əliyev andiçmə mərasimindəki nitqində deyib. Azərbaycanın son illərdə inkişaf konsepsiyasına və əldə olunan uğurlara nəzər yetirəndə aydın olur ki, 2003-cü ildə cənab Prezident İlham Əliyev tərəfindən verilən bütün vədlər yerinə yetirilib.

 7 fevral seçkisi də bu vədlərin məntiqi davamıdır. Bu seçki suverenliyimizin tam bərpa olunduğu şəraitdə, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur daxil bütün ölkə ərazisində reallaşan ilk seçki idi. Son 30 ildə ilk dəfə olaraq – Xankəndidə, Şuşada, Laçında, Cəbrayılda, Füzulidə, Ağdamda, Kəlbəcərdə, Zəngilanda, Qubadlıda, Xocalıda, Xocavənddə, Suqovuşanda seçki məntəqələri yaradılmışdı. Təsadüfi deyil ki, Xankəndidə seçki bülletenlərində Cənab Prezident İlham Əliyev seçicilərin 100 faizlik səsini qazandı. Bu bir daha onu deməyə əsas verir ki, qarşıda bizi yeni-yeni uğurlar gözləyir. Yeni dövrün uğurları isə təkcə ölkəmiz üçün deyil, bütövlükdə region üçün mühüm əhəmiyyət kəsb edir.

Prezident İlham Əliyev andiçmə mərasimində konseptual çıxış edərək növbəti illər üçün prioritet olan məsələlərə toxundu. Hərbi, Təhsil, beynəlxalq əməkdaşlıq və digər məsələlərə toxunan dövlət başçısı sülh müqaviləsinin imzalanması və bu prosesin region üçün əhəmiyyətinə toxundu. Təhsil sahəsində konkret nəticə verən elmlərin tətbiqinin daha da gücləndirilməsi diqqət mərkəzində olan məsələlərdəndir. İnnovativ ideyaların təşviqi və tətbiqi təhsilimizin yeni mərhələdə  inkişafına hesablanıb.

Eyni zamanda Azərbaycan sosial dövlət olduğu üçün, təbii ki, qarşıda duran hədəflərdə vətəndaşların əməkhaqqı, pensiya və təqaüdlərinin artırılması nəzərdə tutulur. Qarşıdakı illər ərzində xalqımızın sosial həyat səviyyəsinin daha da yüksələcəyi heç bir sübhə doğurmur.

Dövlətin qarşısında duran yeni hədəflərdən danışarkən ordu quruculuğu məsələsini də xüsusi qeyd etmək lazımdır. Bildiyiniz kimi, hərbi qulluqçuların sosial həyat səviyyəsinin daha da yüksəldilməsi, ordunun müasir standartlara, yüksək texnologiyalara əsaslanan silah-sursatla təmin olunması Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir. Bütün bunlar isə ölkəmizin təhlükəsizliyini daha da möhkəmləndirmək üçün lazımdır.

Hazırda uğurla həyata keçirilən Böyük Qayıdış Proqramından irəli gələrək 30 ildən artıq öz doğma yurd yuvalarından, isti ocaqlarından ayrı düşən vətəndaşlarımız öz doğma el-obasına qayıdır. Həmin torpaqlarda vağzalı sədaları ucalır. İnsanların üzündə məğrurluq sevinc hissi ilə əvəz olunub. Bunlar reallıqlardır və bu reallığı yaradan isə Cənab Ali Baş Komandan İlham Əliyevdir. Cənab Prezidentin də dediyi kimi “İndi yeni dövr başlayır. Biz bu dövrə alnımız açıq, üzümüz ağ, başımız dik daxil oluruq. Bu dövrün böyük nailiyyətləri olacaq”.

Mətanət Səfərli

YAP Nəsimi Rayon Təşkilatının əməkdaşı