12 Oktyabr 2023 15:46
5826
MÜSAHİBƏ

 Zaur Əliyev: “Gülüstan”  müqaviləsi əslində Azərbaycanın ilk işğal sənədi idi" 

Bu gün Azərbaycan xalqının taleyinə qara hərflərlə yazılmış günlərdən biridir. 210 il əvvəl məhz ermənilərin Azərbaycan ərazisinə köçürülməsi “Gülüstan müqaviləsi” ilə başlayıb.

 Bu tarixi dəhşətin gizlinlərini, xalqımızın həyatında yaratdığı faciələri  siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyevlə müzakirə edirik 

- Zaur müəllim,  “Gülüstan” sülh müqaviləsinin yaranma səbəblərindən danışaq: Bu müqavilə nədir və imzalanması niyə labüd idi? 

-1813-cü ilin 12 oktyabrında “Gülüstan” sülh müqaviləsindən əvvəl Azərbaycanın ümumi ərazisi 410 min kvadrat kilometr olub. Azərbaycan torpaqlarının parçalanmasına xidmət edən bu biabırçı sülh anlaşması barədə Abbasqulu Bakıxanov “Gülüstani-İrəm” adlı əsərində belə yazırdı: “Həmin ilin baharında (1813-cü il) İran dövləti ruslar tərəfindən alınan ölkələri geri qaytarmaqdan naümid oldu. Rum (Osmanlı) barışığı və Xorasanda baş verən iğtişaş nəticəsində şah barışığa meyil göstərdi. Mirzə Əbülhəsən xan Şirazi İran dövləti tərəfindən vəkil edildi. Sərdar Ratişşev də gəldi. Qarabağın Gülüstan adlı yerində, hicri 1228-ci (1813) ildə, təşrin-əvvəl (oktyabr) ayının 12-də Rusiya və İran dövlətləri arasında əhdnamə bağlandı”.
Sülh müqaviləsinin müzakirəsi ilə bağlı və müqavilənin bağlanacağı yeri, yəni Gülüstan kəndini çar Rusiyasının general- leytinantı Rtişşev özü seçmişdi. Gülüstan kəndinə gələn Qacar nümayəndə heyətinə Mirzə Əbülhəsən xan Şirazi rəhbərlik edirdi. Bu nümayəndə heyəti nə az, nə çox 354 nəfərdən ibarət idi. Maraqlısı o idi ki, şahın razılığı ilə bu nümayəndə heyətində ingilislər, xüsusilə də Q. Uozli də daxil edilmişdi. İngilislər vasitəçi missiyanı Gülüstan sülhündə öz üzərinə götürmüşdülər
Bu müqavilə tarixə imzalandığı yerin, yəni Gülüstan kəndinin adı ilə- Gülüstan müqaviləsi kimi daxil oldu. Müqaviləni İran tərəfdən şahın vəkili Mirzə Əbdülhəsən xan, Rusiya tərəfdən isə Ratişev imzaladı. 11 maddədən ibarət müqavilə ilə yurdumuz amansızcasına bölüşdürüldü, düşmənçiliyə son qoymaq üçün iki istilaçı ölkə bundan sonra "əbədi dostluq şəraitində yaşayacaqlarına" söz verdilər.
General Ratişevin yazışmalarında bu müqavilə həm də “İran dövləti ilə ümümrusiya imperiyası arasında əbədi sülh haqqında traktat” kimi təqdim olunurdu. Qeyd etmək lazımdır ki, sülh müqaviləsinin maddələrinin razılaşdırılması üzərində də iş xeyli gərgin keçdi. Qacar sarayını bu müqavilənin bağlanmasına meyilləndirmək üçün Qor Uzeley də xüsusi canfəşanlıq göstərdi ki, general Ratişev də öz yazışmalarında Rusiya maraqlarının qorunmasına kömək edən bu ingilis diplomatına minnətdarlığını bildirirdi.

-Müqavilənin mətnində Rusiya və İranın bölüşdürə bilmədiyi Azərbaycan torpaqları haqqında nələr tam yəqinləşməmişdi ki, növbəti dəfə Türkmənçay müqaviləsinin imzalanmasına ehtiyac yarandı?


- Gülüstan müqaviləsi giriş və 11 maddədən ibarətdir. Müqavilənin mətni öz dövrünün dil üslubiyyatına uyğun olaraq hazırlanmışdır. Ona görə bugünkü gün üçün onun dili həm rus dilində, həm də fars dilində kifayət qədər ağırdır və bu mətnin Azərbaycan dilinə tərcüməsi əlavə şərhləri və izahatları tələb edir. Azərbaycan dilində bu müqavilənin mətni kütləvi informasiya vasitələrində çap olunsa da, onun yenidən və daha peşəkar səviyyədə tərcüməsinə ehtiyac var. Çünki bu mətnin hər ifadəsi özlüyündə hüquqi öhdəliklərin daşıyıcısıdır və onların tərcüməsindəki yanlışlıq həmin öhdəliklərin lazımınca təsəvvür edilməsini çətinləşdirə bilər.
Müqavilənin sonuncu maddəsindən göründüyü kimi, Gülüstan müqaviləsi rus dilində tərtib olunub və sonra da fars dilinə tərcümə edilib. Qeyd etmək lazımdır ki, müqavilənin fars dilinə tərcüməsində kifayət qədər sərbəstliyə yol verilib, mətndə fars dilinin üslubiyyatından irəli gələn çoxlu təkrar məzmunlu ifadələr işlədilib. Sülh müqaviləsinin bağlanması üçün aparılan müzakirələrin şahidi olmuş İngiltərənin İrandakı elçiliyinin katibi Moriyer də bu məqamı müşahidə edərək yazırdı: "Gülüstan müqaviləsinin farsca nüsxəsi İran ibarələri ilə yazılıb".
Bu müqavilə ona xidmət edirdi. 1813-cü ildə Gülüstan müqaviləsi bağlandıqdan sonra Azərbaycanın bir hissəsi, o cümlədən Qazi-Qumuq, Tiflis, İrəvan və Qarabağ xanlıqları Rusiyanın himayəsinə keçdi. Az sonra Quba, Dərbənd, Şirvan və Bakı xanlıqları da Rusiya qoşunları tərəfindən işğal olundu.
Gülüstan sövdələşməsinə görə hər iki dövlət döyüşlərdə əsir düşənləri müqavilənin (traktat) imzalanmasından sonra 3 ay ərzində azad etməsinə, özbaşına mövqelərini tərk edənlərin könüllü vətənlərinə dönməsinə, qayıtmaq istəməyənlərə qarşı isə məcburiyyət tətbiq edilməməsinə, ümumiyyətlə, belə şəxslərə amnistiya tətbiq olunacağına, hər iki dövlətin tacir gəmilərinin Xəzər dənizində hərəkət etməsinə, Rusiya gəmilərinin İran sahillərinə, İran gəmilərinin isə Rusiya sahillərinə yan almasına, gəmi qəzası zamanı bir-birlərinə kömək göstərmələrinə, hərbi gəmilərə gəldikdə isə Xəzər dənizində yalnız Rusiya bayrağı altında hərbi gəmilərin hərəkətinə ixtiyar verilməsinə dair razılıq əldə edilmişdir.
 

- Demək belə görünür ki,  Rusiya bu müqavilədən daha çox yararlanmağı, İranın xoşuna gəlmədi? 

- Bundan başqa ticarət əlaqələri çərçivəsində hər iki dövlətin vətəndaşlarının tacir olduqlarını və vətəndaşlıqlarını təsdiq edən sənəd əsasında sərhədi quru, yaxud dəniz yolu ilə keçərək ticarətlə məşğul olmaları və digər şərtlər müqavilədə öz əksini tapmışdır.

Şah ilə dostluğuna və İran dövlətində güclü hakimiyyətin olması arzusunun səmimiyyətinə sübut olaraq, rus imperatoru İran dövlətinin işlərinə digər dövlətlərin müdaxilə etməsinin qarşısını almaqda, şah tərəfindən hökümdar kimi təyin olunmuş oğluna həmişə kömək etməyə, şahın oğlanların arasında baş vermiş mübahisə zamanı hökmranlıq edən şahın xahişi olmadan müdaxilə etməyəcəyinə özünün və davamçılarının adından söz vermişdir.

Şah öz növbəsində isə özünün və taxt – tac varisləri adından Qarabağ, Gəncə, Şəki, Şirvan, Dərbənd, Quba, Bakı xanlıqlarını və Talış xanlığının rus imperiyasının hakimiyyəti altında olan ərazilərini, həmçinin bütün Dağıstan, Gürcüstan (Şuragel vilayətiylə birgə), İmeretiya, Quriya, Minqreliya və Abxaziyaya çəkilmiş sərhəd və Qafqaz sərhəd xətti arasında yerləşən bütün ərazilərin və orada yaşayan millətlərin Xəzər dənizinə qədər rus imperiyasına məxsus olmasına razılığını bildirmişdir.

 

- Maraqlıdır iki qəsbkar Azərbaycanı öz aralarında "ata malı" kimi bölür, bəs Azərbaycan bundan yararlanmaq haqqına malik deyilmi? 


-"Gülüstan müqaviləsi"ndə bircə dəfə də olsun "Azərbaycan" adına rast gəlinmir. "Türkmənçay müqaviləsi"ndə də Azərbaycanın adı göstərilməyib. 3-cü bənddə bu xanlıqların adı qeyd olunur. Lakin Gülüstan müqaviləsində işğal olunan Azərbaycan xanlıqları olsa da, bir dəfə də Azərbaycan adı çəkilmir. Bu baxımdan da Gülüstan tariximiz üçün alçaldıcı müqavilədir. Halbuki Hərb Tarixi Arxivindən gətirdiyim əvvəlki dövrə dair sənədlərdə “Azərbaycan xanlıqları”, “Azərbaycan qoşunu” ifadələri dəfələrlə təkrar olunur. Gülüstan müqaviləsi parçalanmağımızın başlanğıcı oldu. Sonrakı dövrdə isə müstəmləkə rejimi, soyqırımlar, deportasiyalar, Azərbaycan ərazisində erməni dövlətinin qurulması və daha nələr-nələr oldu. Bunların hamısı Gülüstandan başlandı. Rusiya və İran törətdikləri cinayəti, işğal faktını gizlətmək üçün Azərbaycan adını müqaviləyə salmayıblar. Gülüstan müqaviləsi ilə təkcə Azərbaycana aid torpaqlar deyil, həm də Dağıstan camaatlıqları və gürcü çarlıqları Rusiyanın ixtiyarına keçmişdi.

 

Bizim faciələrin başlanğıcı olan Gülüstan müqaviləsində qeyd edilən ən əsas məsələlərdən biri – İran, Azərbaycan torpaqlarına köçmək istəyən ermənilərə nəinki maneçilik törətməməli, əksinə kömək edilməli idi. Müqaviləyə əsasən, həmin ermənilərin mal və mülklərini satmağa İran hökuməti yardım göstərməliydi.

- Səhv etmirəmsə, "Gülüstan" müqaviləsindən sonra ermənilər Qafqaza ayaq açmağa başladılar?

 

- Bəli, 1814-cü ildən ermənilər Gəncə, Bakı və Qarabağda sərbəst şəkildə məskunlaşmağa başladılar. Ruslar çox qısa zamanda ermənilərdən hökumət strukturlarında da istifadə etməyə girişdilər. Bu zaman Rusiyadan kömək umaraq öz hakmiyyətini qorumaq istəyən xanların vəziyyəti lap ağırlaşdı. Bir çoxlarının xan titulu daşımaq ixtiyarı əlindən alınmış, maksimum özünü bəy adlandırmağa icazə verilmişdi. Azərbaycan xanlarına bölgədə olan rus generalının qəbuluna düşmək şansı da tanınmırdı. Onları, uzaqbaşı, polkovnikin köməkçisi qəbul edirdi. 1819-cu ildə Şəki xanlığı, 1820-ci ildə Şirvan xanlığı ləğv edildi. 1822-ci ildə Qarabağ xanlığı da ləğv edildi və onun yerində komendant üsul- idarəsi təsis edildi. Ruslar onları Qacarlara qarşı müharibəyə dəvət edən xanlıqları məhv etməyə başladılar. Xan sülalələri məhv olduqca ermənilərin saraylarda mövqeləri güclənməyə başlandı.

-Deməli bu müqavilədə Azərbaycanın "xeyri" ancaq işğal olunmaq və parçalanmaq olur...

-Əlbəttə ki,  İranla Rusiya arasında imzalanan Gülüstan və Tükmənçay müqavilələri Azərbaycanın işğal faktını rəsmiləşdirmək üçün imzalanıb: “Bu müqavilələr bağlanan zaman Azərbaycan İranın tərkibində olmayıb. Azərbaycan ayrı-ayrı xanlıqlardan ibarət ölkə idi və mərkəzləşdirilməmiş dövlət strukturu yox idi. Bu hər iki müqavilə isə İranla Rusiya arasında Azərbaycanın bölüşdürülməsi xarakteri daşıyır. Sadəcə olaraq başqa bir dövlətin əraziləri iki dövlətin arasında bölüşdürülüb”.


Bəs niyə Gülüstan, ardınca da Türkmənçay müqavilləri imzalandı. Rellıq budur ki, bu müqavilələr Rusiya və Qacar dövləti arasında imzalanan zaman Şərqdə 600 illik böyük dövlətçilik ənənələri olan Osmanlı imperiyası var idi. Buna görə də dünyanın o zamankı ağaları Fransa və İngiltərə bu məsələdə susdular. İngiltərə və Fransa bu coğrafiyada Osmanlıdan sonra ikinci bir türk dövlətinin yaranmasını istəməzdi, amma Qacarları da devirmək mümkün deyildi. Onlara Osmanlı ilə mücadilə edəcək fars dövləti lazım idi. Buna görə də Qacar xəndanının yıxılması prosesi bu müqavilələrdən sonra başlandı.

Avropaya və Rusiyaya Osmanlı ilə üz üzə duracaq bir dövlət lazım idi, Qacarlar isə o dərəcdə Avropaya inandılar ki, ölkə ərazisində Türk dilinə qadağa qoydular İngiltərə və Fransanın planı bvaş tutmuşdu. Ardında Pəhləvilərin hakimiyyətə gəlməsində də Avropa ölkələrinin rolu böyük olmuşdu. Amma Avropanın planın Pəhləvilərin Amerika yönümlü olması pozdu, buna görə də 1970-ci il Ağ inqilab adlandırdığımız olayda mollaları hakimiyyətə gətirdilər. Buna görə də Qacarları zaman zaman farslarla əvəz etmək planı işə düşdü. Nəticə. XX əsrin əvvələrindən bu günə qədər də İran adlanan dövlətdə hakimiyyətdə farslar rəhbərlik edirlər. Məhz bu gün də İranda türklərin hakimiyyətə gətirilməsi Qərb və Rusiyanın maraqlarına xidmət etmir, düzdü İrana qarşı sanskiyalar, təyziqlər var, amma bu regionda üçüncü Türk dövlətinin yaradılması üçün deyil. Çünki Türkiyə kimi güclü dövlətin yenidən 600 illik bir imperiya olması qorxusunu Qərb və Avropa yaşayırlar.

 -Zaur müəllim,  gerçək tariximizi ətraflı şəkildə araşdırdığınıza və bizim vasitəmizlə oxuculara, xalqa çatdırdığınıza görə sizə təşəkkür edirik!

 Əntiqə Rəşid