Zlatan Ibrahimoviçdən Arda Güler barədə: “Hər dəfə onu seçərdim”
Məşhur futbolçu Zlatan Ibrahimoviç Türkiyə millisinin Fransa ilə oyunundan sonra Arda Güler haqqında diqqətçəkən fikirlər səsləndirib.
Adalet.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, İbrahimoviç Arda Gülerin yalnız istedadlı futbolçu olmadığını, xüsusi keyfiyyətlərə malik oyunçu olduğunu bildirib. Onun sözlərinə görə, Arda komanda yoldaşları eyni səviyyədə olmasa belə, oyunu idarə etməyə, hücumlar qurmağa və məsuliyyəti üzərinə götürməyə davam edir.
"Fransa ilə oyunda onun niyə bu qədər yüksək qiymətləndirdiyimi tam olaraq göstərdi. Olise, Dembele, Mbappe və Çerki ilə eyni meydanda idi, amma Arda heç də yad görünmürdü. O, həmin səviyyəyə aid idi", - deyə Ibrahimoviç bildirib.
Məşhur futbolçu Arda Gülerin hazırda izləməkdən ən çox zövq aldığı yarımmüdafiəçi olduğunu vurğulayıb:
"Onun dünyanın ən yaxşı yarımmüdafiəçisi olduğunu demirəm. Sadəcə, izləməyi seçdiyim futbolçunun Arda Güler olduğunu deyirəm".
İbrahimoviç Ardanın futbol zəkasını da xüsusi qeyd edib. O, futbolçunun ilk toxunuşu, meydanı görməsi, texnikası, ötürmələri, driblinqi və yaradıcılığını yüksək qiymətləndirib.
"Arda Güler klassik 10 nömrədir. O, ötürmələr edilməmişdən əvvəl onları görür və başqalarının heç nə görmədiyi yerlərdə imkanlar yaradır", - deyə isveçli futbolçu əlavə edib.
İbra Ardanın öz nəslinin ən böyük "10 nömrə"lərindən biri olmaq potensialına sahib olduğunu da bildirib. O, futbolçunun oyununda Mesut Özilin izlərini gördüyünü, lakin Ardanın öz mirasını yaratmaq imkanına malik olduğunu söyləyib.
Bruno Fernandeş, Cud Bellinqem, Pedri və Vitinya kimi futbolçuları da izləməkdən zövq aldığını deyən Ibrahimoviç seçim etmək məcburiyyətində qalsa, Arda Gülerə üstünlük verəcəyini vurğulayıb:
"Amma yalnız birini seçməli olsam? Arda Güler. Hər dəfə".


Bakı -°C

