Aqil Abbasın təbliğata ehtiyacı varmı?! - Rəşad Məcid yazır

RƏŞAD MƏCİD
197648 | 2020-02-05 09:00
Sosial şəbəkələrdə, saytlarda deputatlığa namizədlərin təbliğat-təşviqat materiallarına rast gələndə, seçicilərlə görüşlər zamanı çəkilmiş foto və videoları görəndə yadıma istər-istəməz Aqil Abbas düşür və qeyri-ixtiyari öz-özümə sual verirəm: Aqilin belə bir təbliğata ehtiyacı varmı?!

Bu dilsiz-ağızsız təbliğat fotoları, videolar seçicilərini yalnız seçkidən-seçkiyə yada salan namizədlər haqqında, əslində, çox söz deyir: onların ahıl kənd adamları ilə, cavanlarla, hətta uşaqlarla ünsiyyəti elə ilk baxışdan qurama, qeyri-səmimi təsir bağışlayır. Bu mənzərə ilə üzləşəndə ona görə ilk növbədə Aqil Abbas yadıma düşür ki, zəhmətkeş, əlləri qabarlı kənd camaatına belə mövsümi iltifat göstərən həmin namizədlərdən fərqli olaraq mən onu həmişə kənd-kəsəkdə, sadə adamların arasında, onların dərdinə yanan, dadına çatan , uşaqla uşaq, böyüklə böyük görmüşəm və nə gizlədim, çox vaxt bu aşırı səmimiyyətə heyran qalmışam.

Mənim bu müşahidələrimin bir çoxu illər əvvəl Aqil haqda yazdığım "Unikal adam” yazısında yer almışdı. İndi bu seçki fotolarının yaratdığı təəssüratın havasında o yazıdakı bir neçə məqamı yenidən xatırladım.




Aqil üçün Qarabağa - Ağdama, Ağcabədiyə, Fizuliyə , Bərdəyə səfər etmək həmişə böyük sevinc və rahatlıqdır. Aqillə xarici ölkələrdə çox səfərlərdə olmuşuq, amma həmişə hiss eləmişəm ki, onun Qarabağa gedəndə tapdığı rahatlığı heç nə əvəz eləyə bilməz. Aqilin adamlarla kənddə-kəsəkdə, çayxanada, müxtəlif məclislərdə lap belə ayaqüstü elədiyi söhbətlər heç vaxt millət vəkili, yazıçı kimi görüntü yaratmaq cəhdi olmayıb, həmişə ürəkdən, içdən gəlib.

Tanıdığım bu illər ərzində Aqillə bağlı çox hadisələrin şahidi olmuşam - xaricdə təhsil alan tələbədən "Allah Aqil müəllimdən razı olsun, mənə neçə ay öz cibindən təqaüd göndərib, onun hesabına oxuya bilmişəm” sözlərindən kövrəlmişəm, Qarabağda bir kəndli qadının camaatın arasından çıxıb Aqilin üstünə gəlməsini, onu bağrına basaraq loppadan öpüb "Sənə qurban olum, balam sənin hesabına oxuyur” deməsindən qəhərlənmişəm, yol qırağında əkinini suvaran kəndlinin əlindəki beli kənara atıb əllərini üstünə silə-silə Aqilə yaxınlaşdığını, onu qucaqlayıb "Sənin hesabına sulayırıq buranı, artezianları sən düzəltdirdin” dediyini eşidəndə təəccüblənmişəm.

Aqilin insanları depressiyada saxlayan o qədər problemləri anında, bir zənglə, bir xahişlə, bir "Sən allah”la həll elədiyinin şahidi olmuşam ki! - "Rəis, xahiş edirəm”, "Başçı, sən allah”, "Prokuror, kasıb adamdır, imkanı yoxdur”. Və məsələ anındaca həll olunub.

Aqil məmurlarla da rahat oturur, danışır, gülür, sonra onlardan ayrılıb eyni coşqu ilə çayxanada ən sadə adamlarla söhbətini davam etdirir. Parlamentdə də eyni tonda çıxış edir, ordan çıxıb özünü hansısa tədbirə çatdırır, sonra hansısa ziyafət,daha sonra çayçıda domino... Yas mərasimində , toy məclisində də ona qulaq kəsilirlər, maraqla dinləyirlər.Amma fərqi yoxdur, bu dinamikanın içərisində o, həmişə elə həmin Aqildir - dəyişməyən, özünə xas , səmimi...

Aqil Abbas həmişə belədir - orijinal xarakteri, böyük qəlbi, xeyirxahlıq və yaxşılıq eləməyə daima açıq ürəyi ilə. Və məncə, bütün ömrünü insanlara xeyirxahlıq eləmək təşnəsi ilə yaşayan, el-obanın qayğısına qalan, həmişə ona üz tutanların heç birini naümid geri qaytarmamağa çalışan bir adamın - Aqil Abbasın 10-15 günlük kampaniya dönəmində şablon və şit təbliğata heç bir ehtiyacı yoxdur.

TƏQVİM / ARXİV