“Ruhlar şəhəri” - Rəşad Məcid yazır

RƏŞAD MƏCİD
3725 | 2022-10-11 12:25

Ağdamda gözüyumulu hər yeri tapa bilərəm, amma gözüaçıq mümkün deyil.

Bunu işğaldan azad olunandan sonra Ağdama ilk dəfə gedəndə demişdim. Amma indi, ikinci dəfə gedəndə əzbər bildiyim , səkisinin, asfaltının hər çökəyinə, hər döngəsinə , tininə bələd olduğum küçələrdən əsər- əlamət qalmadığını görəndə düşündüm ki, heç gözüyumulu da tapa bilmərəm.

Küçələr büzüşüb kol basmış cığıra dönüb , səkiləri dəmir boruları çıxartmaqdan ötrü qazıq-qazıq edib yarğana çeviriblər.

Uşaqlığımız keçən dörtmərtəbənin yerində ancaq daş qırıntıları qalıb.

Vaxtilə Köhnə hamam məhləsi deyilən , Əli İbrahimov küçəsi adlanan , indi kol- kos içində itib batan çöllükdən fəhmlə tapdığımız çığırla yaşadığımız döngəyə burularkən birdən hiss etdim ki, dünyada cəngəl basmış küçəylə gedib öz evini tapa bilməmək qorxusu da varmış. Bir nişanəsi qalırmı görəsən?

Evimizi qalın divarlarının qalıqlarından tanıdım. Köhnə , pas tutmuş əşyalar xatirələri canlandırdı.

Dostum Vaqifgilin evi isə əksər evlər kimi yerlə birdi. Nə divarı , nə başqa nişanəsi var. Vaqif evlərini kafel qırıntılarından tanıdı…

Sarsıntı içində , düşmənə lənət oxuya-oxuya dolaşdıq doğma şəhərimizin uçuqlarını. Oxuduğumuz məşhur Ağdam şəhər 1 nömrəli orta məktəbin uçuqları arasında gəzib dolaşdıq, keçmişi , uşaqlığımızı, sinif yoldaşlarımızı, müəllimlərimizi yada saldıq, gələcək Ağdamı xəyal etdik.

“Dünyanın ən varlı şəhəri!”

“Ağam şəhərim! Adam şəhərim! Ağdam şəhərim!”

“Ruhlar şəhəri”

TƏQVİM / ARXİV