Medianın və deputatlığa namizədlərin seçki məsuliyyəti - Rəşad Məcid yazır

RƏŞAD MƏCİD
3481 | 2024-08-16 12:54

Mətbuat Şurasının sədri Rəşad Məcid 2024-cü il sentyabrın 1-ə təyin olunmuş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər xüsusunda medianın və deputatlığa namizədlərin fəaliyyətinə dair fikirlərini bildirib:

- Qarşıdan ərazi bütövlüyümüzün və suverenliyimizin tam təmin olunduğu dövrün ilk parlament seçkiləri gəlir. Ayrı-ayrı deputatlığa namizədlərin sosial şəbəkələrdəki paylaşımlarına nəzərən, onların prosesə necə fəal hazırlaşdıqlarını, seçicilərlə canlı görüşlər keçirdiklərini müşahidə edirəm. Çox xoşdur ki, deputatlığa namizədlər içərisində saf, səmimi seçki təbliğatı aparanlar var və onlar ənənələrimizə hörmət amilini rəhbər tutmaqla yanaşı, özlərinin kreativ yanaşmalarını da ortaya qoyurlar. Bütün bunlar ölkədə aktiv seçki ab-havasının mövcudluğundan xəbər verir. Heç şübhəsiz, seçki günü yaxınlaşdıqca, xoş mənzərələr daha pozitiv çalarlarla zənginləşəcək.

Seçkiqabağı təbliğat-təşviqat mərhələsi olduqca həssas zaman kəsiyidir. Həm deputatlığa namizədlər, həm də cəmiyyətin aparıcı ictimai institutu sayılan media, habelə jurnalistlər həssaslığa adekvat yanaşmalıdırlar. Hesab edirəm ki, media üçün bu yanaşma ilk növbədə mühüm peşəkarlıq tələbidir.

Ümumən, media və deputatlığa namizədlər birgə və birbaşa əməkdaşlığa üstünlük verməlidirlər. Bir çox hallarda deputatlığa namizədlərin seçicilərlə görüşlərinə dair sosial şəbəkə paylaşımları media üçün materiala çevrilir. Əlbəttə, bu da məqbuldur. Ancaq daha yaxşı olar ki, hər iki qütb seçkiqabağı təşviqat-təbliğat kampaniyasında müştərək fəaliyyət göstərsin. Görüşlərə media təmsilçiləri də dəvət olunsunlar. Beləliklə, jurnalistlər də seçicilərlə birbaşa təmas qurma, onların fikirlərini öyrənmə və cəmiyyətə çatdırma imkanı əldə etsinlər ki, bu da son dərəcə vacibdir.

Mətbuat Şurası hər zaman bildirib ki, jurnalistlər namizədlər barədə “qara piar” kampaniyası aparmaqdan çəkinməlidirlər. Şura monitorinqlərində bu məqama xüsusi diqqət yetirib və yetirməkdədir. Əlbəttə, “qara piar”ın yolverilməzliyi o demək deyil ki, namizədlər tənqid olunmamalıdırlar. Sadəcə, cəmiyyət tənqidin səmimiliyinə inanmalı və nəticə çıxarmalıdır. Doğru nəticə çıxarmalıdır ki, seçkidə də düzgün qərar versin.

Bir şəxs, indiki halda deputatlığa namizəd davamlı olaraq media tərəfindən hədəfə alınacaqsa, məlumdur ki, burada səmimiyyətdən və ciddilikdən söhbət gedə bilməz. Əksinə, belə durum jurnalistikanın ictimai çəkisinə zərər gətirəcək. Arzu və tövsiyə edirəm ki, media təmsilçilərimiz fəaliyyətlərində, seçki prosesi ilə bağlı məsələlərdə bu məqamı nəzərə alsınlar, jurnalistika prinsiplərini rəhbər tutsunlar.

Digər tərəfdən, cəmiyyət jurnalistika üçün materialdır. Hazırda deputatlığa namizədlərin seçicilərlə keçirdikləri görüşlər, ümumən onların fəaliyyətləri eyni xüsusiyyətə malikdir. Yəni jurnalistlər cəmiyyətə, cəmiyyətin seçki fəallığına yanaşmada nə qədər məsuliyyətli olmalıdırlarsa, deputatlığa namizədlər də eyni qaydada davranmalıdırlar.

Fikrimcə, deputatlığa namizədlər ümumi stereotipləri nəzərə almalı, elə hərəkət etməli, elə məsələləri qabartmalıdırlar ki, insanlar arasında fərqli assosiasiyalar doğurmasın. Bir sözlə, korrekt olmalı, cəmiyyətə hansı impulsları ötürdüklərinin fərqinə varmalıdırlar. Habelə seçki situasiyasının məxsusiliyini, seçicilərin ovqatını, onların namizədlərə yanaşmada hansı tələblərdə olduğunu düşünməli, reallığa uyğun davranmalıdırlar. Unutmamalıdırlar ki, bu davranışdan cəmiyyətin təkcə onlara deyil, bütövlükdə seçkiyə münasibətinin formalaşması asılıdır. İstər namizədlər, istərsə də media prosesin insanlarımız tərəfindən hansısa formada qeyri-ciddi qarşılanma ehtimalına yol açan bütün təmayüllərdən uzaq dayanmalıdırlar.

Media və deputatlığa namizədlər bir-birilərinə münasibətdə daha təmkinli mövqe tutmalıdırlar. Düşünməlidirlər ki, onların qarşılıqlı şəkildə nələrisə ədavətə çevirmələrinə dair səhnələr cəmiyyət üçün xoşagəlməz haldır, mənfi nümunədir. Tərəfləri belə hallardan uzaq durmağa, hər bir seçkinin, o cümlədən, sentyabrın 1-də keçiriləcək Milli Məclisə seçkilərin xalqımızın və dövlətimizin taleyində müstəsna əhəmiyyətini əsas tutmağa, birgə məsuliyyət nümayişinə çağırıram.

  • Oktyabr:
  • 25

TƏQVİM / ARXİV