adalet.az header logo
  • Bakı 19°C

ÇAY QIRAĞINDA BİTİB, SUSUZ QALAN AĞACLARIN SAĞLIĞINA… - Aqil ABBAS yazır

AQİL ABBAS
1757 | 2023-01-09 09:10

(Abdal-Gülablı Şakirin xatirəsinə)

(povestdən bir parça)

Maşını doqqazda saxladı, düşüb darvazanı açıb həyətə salmağa ərindi. Kənddə bircə itlər ayıq idi, hərdən də ərincək-ərincək hürürdülər ki, həyət sahibsiz deyil. Amma Abdal tərəfdə bir it nə təhər boğazını cırırdısa, elə bil bütün günü yalsız qalmışdı. Maşından düşəndə onun köpəyi də bir-iki ağız ərincək-ərincək hürdü, qonşunun qancığı da onun itinə hay verdi. Amma gördü cavab gəlmədi, susdu.

Maşından qarmonu götürüb girdi həyətə. Qurdbasar da, köpəyin adını lağla Qurdbasar qoymuşdu, mağmının biriydi, gəldi ayaqlarına başını sürtüb yaltaqlandı. Heç vaxt köpəyi bağlamazdı. Həm də nəyi vardı ki, gəlib aparaydılar.

Hamı yatmışdı. Amma televizor açıq idi, nə isə həmişəki kimi mənasız bir veriliş gedirdi, söndürdü. Necə yorulmuşdusa soyunmağa ərindi. Elə paltarlı-paltarlı uzandı divana. Bir tərəfdən yorğunluq, bir tərəfdən içkinin təsiri, elə o dəqiqə daş kimi düşdü.

Son zamanlar toyların da şiti çıxmışdı, dadı-duzu qaçmışdı. Arvadlar kimi dikdaban tufli geymiş genbalaq gədələr ortadan çıxmırdı. Tər dabanlarından çıxanacan oynayırdılar, əslində bu oynamaq deyildi, başı kəsilmiş xoruz kimi atılıb-düşürdülər. Hərəsi də cibindən bir beşlik çıxarıb boyun-boğazlarının tərini silir, sonra da atırdılar aşıqların qabağına. Tez-tez də havanı dəyişdirirdilər. Əslində bu havaların heç birini də tuta bilmirdilər. Elə nağaranın ritminə atılıb-düşürdülər.

Əvvəllər toy elə toy idi – dəmiynən-dəstgahıynan, səliqə-səhmanıynan. Padşah fərraşa əmr edərdi ki, filankəsi çək ortaya. Fərraş da həmin kəsin ayağına bir-iki çubuq çəkib gətirərdi padşahın hüzuruna.

- Toya gec gəldiyin üçün cərimələnirsən, get cəriməni yazdır.

Həmin kəs də gedib dəftərə cəriməsini yazdırardı, qırmızı stolun üstündəki noğuldan da birini götürüb atardı ağzına.

Sonra padşah ikinci əmrini verərdi:

- Fərraş, indi onu apar aşıqların yanına, havasını desin.

Fərraş da həmin kəsin ayağına yenə bir-iki çubuq çəkib gətirərdi aşıqların önünə. O da üçdən-beşdən atardı stolun üstünə:

- Bir Sev məni çalın, - üzünü tuturdu xanəndəyə; - arada bir segah da gedərsən.

Aşıqlar başlayardı. O da gedib xanımını rəqsə dəvət edərdi, ikisi süzərdi, başqasının oyuna girməsi ayıb sayılardı. Yalnız özləri kimisə dəvət etsələr, həmin adam çıxardı ortaya. Bir mahnı da çəkərdi altı-yeddi dəqiqə.

İndi hamı tökülür ortalığa. Aşıqlar yorulub əldən düşürdü, ortadakılar isə yox.

Bu gün onunku gətirməmişdi. Genbalaq gədələrdən biri havanı yarımçıq saxlayıb demişdi:

- Qaqa, pis çalmırsan, amma qarmonun hərdən keçi kimi mələyir.

Şakirə belə söz?! Özünü saxlaya bilməmişdi:

- Qaqa, yazıq qarmon neynəsin? O oturan yerdə səni oturtsam, öküz kimi böyürərsən.

Rəmiş olmasa meyidini atacaqdılar, Rəmiş girdi araya, genbalaq gədələr Rəmişdən qorxub geri çəkildilər.

Hətta biri onu hədələdi:

- Eybi yox, qalsın qulluğunda. Rəmiş həmişə sənin yanında olmayacaq ha.

Sonra toy sahibi gəldi, o da cavanlara təpindi:

- Səhərəcən başınıza heyvan kimi beşlik təstiyərəm, rədd olun bayıra.

Toydan çıxanda qorxdu ki, yolda qabağını kəsərlər, amma yaxşı qurtardı.

Yuxudan duranda gün günortaya doğru iməkləyirdi. Əl-üzünü yudu. Arvad deyinə-deyinə çay gətirdi:

- Zəhərrənəssən?

Tərs-tərs arvada baxdı, amma bir söz demədi. Çünki söz futlyarın içindəydi. Gətirib futlyarı qoydu stolun üstə və açdı. Futlyar sözlə doluydu. Arvad qalaqlanmış, əzik-üzük üçlükləri, beşlikləri, onluqları görəndə, hətta iyirmi beşliklər də vardı, elə bil günortaya doğru iməkləyən gün düz onun gözündən boylandı:

- Uyyy, Şakir, saa qurban olum.

- Bayaxdan zəhər yedirdirdin?..

- Qələt edirdim dədəmlə.

Şakir əlinin dalıyla pulları sığallayıb əzik-üzüyünü düzəltdi, sonra saymağa başladı.

Ömründə heç bir toydan bu qədər pulla qayıtmamışdı. Ailənin üç-dörd aylıq xərci vardı futlyarda. Üçlük-beşliklərdən sayıb iki yüz manat verdi arvada:

- Sabax gedərik bazara, uşaxlara əyin-baş almağa. Sən də özünə bir şey alarsan. Qalanını da qoy bir yerə.

- Şakir…

- Nədi az?

- Bir söz demək istiyirəm, hirsdənməzsən?

- De dana.

- Deynən dədəmin o qürbətdəki goru hirsdənməyəjəm.

Şakirin dədəsinin gorunun yerini bilən yox idi, hardasa Mozdok tərəflərdə idi.

- Dədəmin goru haqqı, sarsaq söz olmasa hirsdənmeyjəm.

- Camaat gedir Tiflisi, İrəvanı gəzir, hələ Kislovodskini demirəm. Tiflis, İrəvan cəhənnəm, bəs, sən məni havaxt Bakıya aparassan?

- Ağdamda dərdinə dərman tapılmayanda.

Bu vaxt həyətdən səslədilər:

- Şakir əmi, ay Şakir əmi!

Çıxdı bayıra, Market Vəlişin oğlu idi.

- Nədi, ə?

- Qağam deyir dükanın işıqları yanmır.

- Get gəlirəm.

Sallana-sallana getdi dükana tərəf.

Bu dükan başqa kənd dükanlarından fərqlənirdi. Meşədə dağların yamacına döşənmiş bu kənd xüsusilə yayda çox qonaqlı-qaralı olurdu. Hələ Abdaldakı sanatoriyaya gələn bahalı maşınlar və bahalı maşınlardakı bahalı geyim-gecimli şəhər camaatı da kəndə ayrı bir rəng qatırdı.

Ona görə də Vəliş dükanın səliqə-səhmanına, malların çeşidinə xüsusi fikir verirdi. Briqadir olan vaxt sədr onu əmək qabaqcılı kimi rayon həmkarlarının sədri Zeynal müəllimdən Bolqarıstana putyovka alıb göndərmişdi sanatoriyaya. O da briqadirlikdən çıxıb bu dükanı açandan sonra dükanın qapısının üstə iri hərflərlə yazdırmışdı : «Gulablı market». Camaat soruşanda ki, ə, market nədi? Demişdi ki, Bolqarıstanda bütün dükanların üstünə market yazılır. Deyirəm, bəlkə bura xaricilər də gəldi bilsinlər ki, bura haradı.

Şakir:

- Salam, ə nemes! Gənə noluf, işıqların niyə yanmır?

- Mən nə bilim, ə, mantyor sənsən.

Şakir sayğacdakı qoruyucunu açdı, qoruyucu yanmışdı.

- Ordan bir sim tap gətir.

Market Vəlişin oğlu eşələyib bir sim tapıb gətirdi. Şakir simi sarıdı qoruyucuya, yenidən yerinə bağladı və işıqlar yandı.

- Ə, nemes, - atasını nemeslər öldürmüşdü deyin, xoşu gəlmədiyi adama nemes deyərdi, - bir aç bax dana.

Uşaq:

- Şakir əmi, qağam heç lampuşkanı da özü dəyişmir. Deyir işıq ilandı, bircə dəfə çalır.

- Ə, qağan otuz ildi ilanla yatır, bəs niyə çalmır?

Market Vəliş:

- Baban sırıyıb da o ilanı maa.

Hər ikisi güldü.

- Ə, eşitdim dünən toyda qırğın olub?

- Nemes, sən öl, Rəmiş olmasaydı məni minəjeydilər.

- Sən də dilini qoy dinməz yerinə də, yetənə yetirsən, yetməyənə bir daş atırsan.

- Mən neyniyim, özləri gəlib ilişirlər də.

Bu vaxt dükanın ağzında bir «Moskviç» saxladı. Maşından düşən Market Vəlişi səslədi:

- Vəliş, ay Vəliş!

Şakir səsindən tanıdı ki, Surendi. Çıxdılar bayıra. Hər ikisi qucaqlaşıb Surenlə öpüşdü.

- Ara, Şaka, elə səni axtarırdım.

Şakir maşına baxıb dedi:

- Bu nədi, ə, nemesin bayıssıoğlu, Moskviçə bir zilin yükünü vurmusan.

Suren:

- Neyniyim ey, məktəb gəlir, uşaqlara pal-paltar, dəftər-kitab lazımdı. Aparıram bazara, görüm nə çıxar? Maşın xarab olub, onsuz da mitili çıxıb.

Market Vəlişin oğlu içəridən stol-stul çıxarıb bir çay süfrəsi açdı.

Şakir:

- Ə, nemesin bayıssıoğlu, otur bir nəfəsini al, düzələr.

Şakir Surenin maşınının kapodunu açdı, sonra maşını işə salıb qulaq asdı, sonra kapodu örtüb mühərriki söndürdü:

- Ə, bu şəhərə gedib çıxa bilməz, sveçanın ikisi yanıb. Düzələr. - sonra üzünü tutdu Market Vəlişin oğluna:- Ə, nemesin oğlu, ala açarları, get mənim maşınımı gətir.

Uşaq getdi maşını gətirməyə.

Market Vəliş çay süzdü.

Şakir:

- Ə, nemesin bayıssıoğlu, evdə nə var, nə yox, arvad-uşax nətəərdi?

- Şaka, bu payız böyük gədəyə toy eliyəjəm.

- Allah mübarək eləsin!

- Sizinkilərə də qismət olsun. Şakacan, gərək qardaş oğlunun toyunu özün aparasan. Bir xahişim var, saa canım qurban, gərək Rəmişi də gətirəsən. Sən öl, hər şey yaxşı olacaq. Şabaş da sizin.

- Sən Nairini gətir, bəlkə onun havasına Rəmiş gələ.

- Ara, nə danışırsan, Nairi heç sədrləri filan yerinə almır. Heç Gevorqovu da eşitmir. Mən kiməm ki? Bir meşəbəyi. Anahidi gətirərəm. Sən öl, özüm ölüm, bilirsən ki, o Nairidən gözəl oxuyur. Vid-fasonu bir az babat olsaydı indi xalq artisti oydu.

- Ə, ay Allahın ermənisi, havaxt Allah yoluna gələssiniz, gəl səni sünnət elətdirim, özü də zurna-balabannan.

- Ara, sən musulmansan? Araq içirsən? İçirsən! Donuz əti yeyirsən? Yeyirsən…

- Kababını.

- Olsun kababını. Donuz əti də yeyirsən, nə bilim nədi, araq da içirsən, bizdən fərqiniz nədi? Sünnət edirsiz, onu da yəhudilərdən oğurlamısınız.

- Ə, nemes, şükür edin ki, biz sünnət edirik, yoxsa bilirsiz, siz yoxuydunuz.

- Şakacan, niyə?

- Allah millətləri düzəldəndə sizə palçıq çatmıyıf. Ona görə də bizi sünnət etdirib ki, o ətləri yığıf sizi düzəldiblər.

Hamısı gülüşdü.

Market Vəlişin oğlu Surenin «Moskviç»ində nə vardı hamısını yığdı Şakirin «Jiquli»sinə.

Suren maşındakı bankalardan birini götürüb verdi Şakirə.

- Bu nədi, nemesin bayıssıoğlu? Çaxırdı?

- Ara, nə çaxır, böyürtkən arağıdı. Heç dədən-baban da görməyib.

Şakir üzünü tutdu Market Vəlişə:

- Ə, nemes, qoy xaladelnikə. Yaxşı oldu, bu gün sədrin qonaqları var.

Sonra üzünü tutdu Surenə:

- Ə, nemesin bayıssıoğlu, bəs Vəlişinki?

- Ona srağagün bir balon zoğal arağı göndərmişəm.

Şakir üzünü tutdu Market Vəlişə:

- Mənsiz içmisən?

- Sən öl, əlimi vurmamışam.

Suren oturdu Şakirin «Jiquli»sinə:

- Şakacan, qai saxlasa nə deyim?

- Ə, nemes, qai qələt eliyər mənim maşınımı saxlayar. Onu elə günə qoyaram ki, rayondan qaçar.

Suren Şakirin dranqulet «Jiquli»sini sürüb getdi. Şakir də Surenin «Moskviç»inə oturub sürdü qaraja, ustanı çağırdı:

- Ə, qaqa Surenin maşınıdı, gör nə olub? Deyəsən sveçaları işləmir. Sa Allah, bunu tez düzəlt, apar qoy Vəlişin dükanının qabağına, yazıqdı, qayıdanda götürsün. - dedi və kapotun üstünə iki dənə onluq atdı.

Usta:

- Baş üstə, qaqa. Vallah, pul lazım deyil.

- Ə, nemes, götür. Axşam toydaydım, halal xoşun olsun.

Şakir piyada üzü yuxarı qalxmağa başladı.

… Katibin Bakıdan qonaqları vardı, Abdala aparırdı. Abdal-Gülablı haqqında danışırdı:

- Aşıq Valehin kəndidi. Heç bilirsiniz bu balaca kənddən necə kişilər çıxıb? Aşıq Valeh, Abdal Qasım, Qurban Pirimov, general Murtuz Quliyev, Sara Qədimova, Aşıq Xaspolad, Rəmiş, Səxavət. Camaatı da duzdu ey başdan-ayağa. Adamla elə məzələnirlər ki, bir gün sonra başa düşürsən ki, nə deyirlər. Hələ bir Şakirləri var, elə qurtdamış sözlər deyir ki, bir batman balla yemək olmur, yaxşı da qarmon çalır. Sədrə demişəm, gətirəcək. Görüm üç nəfər alim, şair ona söz çatdıra biləcəksiz, ya yox?!

Katibin maşını kəndə girəndə Şakir üzü yuxarı qalxırdı.

Katibi gülmək tutdu:

- Budey, sözünün üstünə çıxdı. Saxla maşını.

Sürücü maşını Şakirin yanında saxladı. Katib də maşından düşdü, qonaqları da.

Şakir yaxınlaşdı əvvəl Katiblə, sonra qonaqlarla görüşdü və hamısını da tanıdı:

- Xoş gəlmisiniz bizim Peykanlıya.

Katib hal-əhval tutdu. Ordan-burdan danışdı, Şakir haqqında xeyli söhbət elədi. Sonra qonaqlara göz vurub dərədəki yeddi-səkkiz eşşəyi göstərib dedi:

- Ə, Şakir, eşşəklər gülablılıdı?

Qonaqlara baxdı, udqundu. Dillənmədi.

Katib:

- Nədi, ə, Şakir, deyəsən söz tapa bilmədin?

Şakirin üzündə bir təbəssüm yarandı və dedi:

- Yox, yoldaş Katib, onlar da sizin kimi gəlmədi.

Qonaqlar bir anlıq tutuldular, amma Katib şaqqıldadı:

- Gördüz də, hələ bu harasıdı?

Şakir üzünü qonaqlara tutub dedi:

- Siz Allah, məni bağışlayın. Heç olmasa Xudu müəllim bağışlasın.

Xudu müəllim əlini vurdu Şakirin çiyninə:

- Əjdahasan.

Katib:

- Hardadı, ə, sədr?

- Bilmirəm, deyirdilər siz çağırmısınız, yəqin indilərdə gələr.

Maşın qalxdı Abdala. Katib yenə kəndin tarixindən, camaatdan, Abdal Qasımın lətifələrindən danışırdı.

Şakir çatdı mağazaya. Mətəyə xeyli adam yığışmışdı. Bayaqdan Katiblə Şakirin söhbətini uzaqdan seyr edən Market Vəliş:

- Oğulsan ey, xala oğlu. O boyda katib düşüb sənlə əllə görüşür.

Şakir elə təzəcə dominoya başlamışdı ki, Sədrin maşını sürətlə gəlib girdi kolxozun həyətinə.

Şakir dilxor-dilxor əlindəki daşları atdı stolun üstünə, qalxdı:

- Kişi gəldi. Gedim görəm nə deyir.

Sədr maşından çox əsəbi düşdü və üzünü Şakirə tutub dedi:

- Ə, meymun oynadan, yaxın gəl görüm!

- Baş üstə.

- O eşşəkləri yığ bura, bir-iki deyiləsi sözüm var, - dedi və keçdi kabinetinə.

Şakir sürücüdən soruşdu:

- Ə, bunu yenə kim dəli eləyib?

- İspalkomla danışıb.

Day Şakir bir söz demədi, endi dərəyə, bayaq Katibin ona göstərdiyi eşşəkləri qabağına qatıb gətirib doldurdu kolxozun həyətinə. Mətədəki adamlar təəccüblə soruşdular:

- Ayə, bu eşşəkləri həyətə niyə doldurursan?

- Heç, Sədr dedi ki, eşşəkləri yığ, iclas keçirəcəm.

Hamı yığıldı idarənin çəpərinin başına.

Sürücü:

- Bu nədi,ə, nağayrırsan?

- Ə, nemes, eşitmədin, demədi ki, eşşəkləri yığ, iclas keçirəcəm?!- dedi və qalxıb kabinetin qapısını döydü:

- Sədr, hamısını yığdım həyətə.

Sədr çıxdı eyvana və gördü ki, həyət eşşəklə doludu, camaat da çəpərdən boylanır. Başını fırladı:

- Ə, nənəsi köhnə, sənlə bir yerdə orda neçə eşşək var?

Şakir başladı saymağa:

- Bir, iki, üç, dörd, beş, altı, yeddi - sonra əlini sinəsinə qoyub saydı; - səkkiz - və dedi: - Sənli, mənli doqquz dənədi.

Camaatı gülmək tutdu.

- Qancıx köpəy oğlu. Səni itin alt qılçı eləməsəm mən də mən olmaram.- üzünü də tutdu çəpər başındakı adamlara:

- Dağılın, ə, avara uşağı avaralar. Sən öl, sizə ot yolduracam.

Və daha sonra sürücüyə dedi:

- Açarı ver bu qancıq oğlu qancığa.

Sonra da cibindən iki dənə əllilik çıxarıb verdi Şakirə:

- Ala, get Əlişgilə, denən bir dənə toğlu versin. Qoy maşına, qalx sanatoriyaya. Mən də bu it uşaqlarının dədələrinə toy tutub gəlirəm.

(Ardı gələn şənbədə )

 

TƏQVİM / ARXİV