Yazıçı-publisist Əlövsət Bəşirlinin 85 yaşına
Belə bir deyim var: Həyat – səhnədir! Mən bu deyimin kimə məxsus olduğunu indi xatırlamıram. Amma az qala 10 günə yaxındır ki, tez-tez xatırlayıram bu deyimi. Təbii ki bu da səbəbsiz deyil. Çünki gözümün qabağına yaşadığım həyatı gətirirəm, başıma gələnləri xatırlayıram və həmin anda öz-özümə sual verirəm:
- Bütün bunların özümdən başqa kiməsə bir dəxli varmı? Kimsə bundan iynə ucu boyda təsirlənibmi? Kimsə buna bir əks-səda veribmi? Və nəhayət, kimsə bunun necə bir yaşam olduğunu hiss edibmi?
Bax bu suallar ayrı-ayrılıqda cavabı ilə birlikdə böyük bir mövzudu, lakin bütünlükdə mənim həyatımdı və eyni zamanda da mənim tamaşaçı kimi oturub baxdığım səhnədi. Orda baş verənləri təkrar yaşamaq həm ağırdır, ikiqat acıdır, amma həm də bu günə şükürlər üçün bir dayaq nöqtəsidir, güvəncdir. Deməli, bütün bunların da ən maraqlı məqamı məhz əvvəldə səsləndirdiyim sualların birinə söykənən bir gerçəklikdir. Həmin sual da mənim yaşamımın ifadəsini qələmində, sözündə oxucuya çatdıran bir ağsaqqal dostumun həm bədii, həm də gerçək anlamda yanımda olmasıdır. Yəni barəsində indi yazacağım müqtədir qələm sahibi, yazıçı-publisist Əlövsət Bəşirlinin mənim həyatımı ədəbi müstəviyə gətirən “Gecə döyülən qapılar” sənədli-publisist yazısıdır...
Bu gün ailəvi dost olduğum yazıçı-publisist Əlövsət Bəşirlini əvvəllər mən ancaq imzası ilə tanımışdım. Və təbii ki, bütün tanıdığım imzalar içərisində olan bu imzada bir sanbal var idi, çəki var idi. Oxuyanda hiss edirdim ki, sözün, qələmin sahibi həyatın içindən çıxıb bərkə-boşa düşməyin, sözü qəlpə-qəlpə cümləyə çevirməyin bütün qaydalarını bilir və keçib gəlib onlardan. Ona görə də oxuduğum publisist yazıları, məqalələri məndə bir əminlik yaratmışdı. Bu əminlik də Əlövsət Bəşirli imzasının və sözünün gerçəkliyi ifadə etməsi, fantaziyadan daha çox, yaşanmış həyatın inikası olması idi. Və...
“Ədalət” qəzetində bir yazı yazmışdım özüm haqqında, yaşadıqlarım barəsində. Orda yazmışdım ki:
Yandı evim-eşiyim,
Yandı divarım-daşım...
İsit, qoyma üşüyüm,
İsit məni, göz yaşım.
Bəli, həmin yazını bu gün adını fəxrlə çəkdiyim, ruhuna dualar oxuduğum görkəmli yazıçımız Nahid Hacızadə oxuyub mənə zəng etdi:
- Mədətoğlu, düş yanıma.
Və mən də başımı aşağı salıb düşdüm Nəşriyyatın 5-ci mərtəbəsində Nahid müəllimin iş otağına. Onunla üzbəüz bir nəfər oturmuşdu. Çöhrəsi mənə tanış gəldi. Hardasa gördüyümü düşündüm. Nahid müəllim məni həmsöhbətinə təqdim etdi:
Əlövsət, Mədətoğlu həm də yaxşı şairdi. Bəxtiyar Vahabzadə ona çox yüksək qiymət verib, - dedi.
Tanımadığım bir şəxsin yanında bu cür tərif, təbii ki, biraz məni sıxdı. Amma Əlövsət adı yaddaşıma işıq saldı. Xatırladım Əlövsət Bəşirlini. Bax beləcə başladı bizim üzbəüz tanışlığımız. Nahid Hacızadə bizim dostluğumuzun özülünü qoydu. Həmin özül üzərində Bəşirli ailəsi ilə dostluq, bir-birinə ehtiram və etibar boy göstərməyə başladı. Ən vacibi isə həmin ailənin çox incə ruhlu yazarları Dilarə xanım Vəkilova Bəşirli və bir də Aynur xanım Bəşirli artıq mənə yeni yaradıcılıq imkanları üçün bir növü yardımçı oldular. Çünki Dilarə xanımın yazılarım barəsində fikirləri, təklif və iradları bir oxucu və redaktor yanaşması idi. Təbii ki, bu da məsuliyyət deməkdir.
Həmin o görüşdən sonra Əlövsət Bəşirlinin “Ədalət” qəzeti ilə canlı ünsiyyəti demək olar hamıya sirayət etdi. İstər operatorumuz Gülər xanım, istər dizaynerimiz Şamxal bəy, istərsə digərləri Əlövsət Bəşirlinin redaksiyamıza gəlişini həmişə açıq üzlə, xoş ovqatla gözlədilər və qarşıladılar. Çünki Əlövsət Bəşirli redaksiyaya müsbət aura gətirirdi. Onun təması, irad və təklifləri, hətta “balalarım” deyə müraciəti hamı üçün səmimiyyətin gül çələngi idi. Bir gün də Əlövsət müəllim telefonda mənə dedi ki, Mədətoğlu, yaman kövrəltmisən məni. Bu şeirin çox düşündürür. Deyəsən, nəsə yaranır içimdə. Həmin şeiri təkrar dedi mənə telefonda:
Qayğılı çəkdiyim, dərdli çəkdiyim,
Bu boyda Bakıda dərddi çəkdiyim!
Mənim azadlıqda şərti çəkdiyim –
Cəzanın adını çəkənlər bilər!
- Mədətoğlu, nə çəkdiyini, qaçqınlığın, yurdsuzluğun sənə nə yaşatdıqlarını ürəyimə od sala-sala hopdurursan mənə. Hər şeydən məlumatım var. Erməni azğınlığını da, Xocalı faciəsini də, Qaradağlı qətlliamını da bilirəm, mətbuatdan da, efirdən də, tanış-bilişdən də eşidib öyrənmişəm. Amma sən bütün bunları öz yazılarınla, söhbətlərinlə sanki mənə diqtə edirsən. Elə bil əlimdən tutub məni doğulduğun Tuğ kəndinin məhəllələrində gəzdirirsən. Ermənilərin harda güllə atdığını, harda pusqu qurduğunu göstərirsən mənə. Artıq bütün bunlar mənim masamın üstündəki vərəqlərdə qeydlərə çevrilib. Yaxın günlərdə sənə ithaf etdiyim və sənin həyatından bəhs edən “Gecə döyülən qapılar” sənədli-publisist oçerkimi redaksiyaya təqdim edəcəm.
Bu xəbər məni bir anlıq çaşdırdı. Deməyə söz tapmadım. Hiss etdim ki, gözümün dibində şeh var. Ürəyimin döyüntüsü də biraz dəyişib. Toparlandım. Sadəcə təşəkkür etməyə söz tapa bildim. İçimdə isə o yazını oxuyacağım günün daha tez gerçəkləşməsi diləyi duaya çevrildi. Çox qısa zamandan sonra redaksiyada həmin əlyazmanın ilk oxucusu oldum. Bax onda bir daha Əlövsət Bəşirlinin bir yaradıcı insan olaraq nə qədər böyük diapazonda diqqətcilliyi, həssaslığı mənə bəlli oldu. Anladım ki, Əlövsət müəllim mənim yazılarımı oxuyanda, biz birlikdə olanda etdiyim söhbətləri, danışdığım xatirələri, döyüş bölgəsində yaşayan doğmalarımla əlaqələrimi, bir sözlə, bir nəfərin timsalında bir kəndin, bir elin həyatını özü üçün hər gün söz-söz cümlələrə çevirirmiş, qeydlər aparırmış. Ona görə də “Gecə döyülən qapılar”dakı yaşam reallığı yazıçı təxəyyülünün məhsulundan daha çox yazıçının reallıqdan götürdüyü mövzunun özüdü. Əlövsət müəllim bir yazıçı kimi həm də bu əsərində rəssamlıq edib, portret cizgilər çəkib. Mənim həyatımın cizgilərini...
Bu gün 85 yaşı olan Əlövsət Bəşirlinin təkcə yaradıcılığını yox, həm də bir Azərbaycan İNSANI olaraq şəxsi həyatını, əmək fəaliyyətini, dostlarını, demək olar ki, bütünlüklə tanımışam, öyrənmişəm. Tutduğu ən yüksək vəzifələrdə belə hamının tanıdığı, sevdiyi kimi qalan, dəyişməyən, heç vaxt hansısa bir vəzifədə kimlərəsə tapşırıq verdiyini və yaxud hesabat tələb etdiyini dilinə gətirməyən Əlövsət müəllim adi həyatda da, müxtəlif məclislərdə də, eyni formada, məzmunda qalan insandır. Bir az da açıq desəm o, heç bir halda dəyişmir, necə var elə də qalır. Mən 85 illik yubiley ilə bağlı içimdə olan müəyyən fikirləri, barəsində eşitdiklərimi və sözün verdiyi imkana söykənib hansısa pafoslu sözləri, cümlələri bu yazıya gətirə bilərdim, amma Əlövsət müəllimin, eləcə də Dilarə xanımın gözümün önündə olan sadəliyi, səmimiliyi məni bu fikirdən daşındırdı. Çünki səmimiyyət və sadəlik yarınmaq və yaxud pafos sevmir. O, olduğu kimi görünür və göründüyü kimi də olur. Əlövsət Bəşirlinin bu həyatda dostlarına bağlılığı, ailəsinə güvənci, qələmlə, sözlə yaşaması mənə imkan verdi ki, ikicə cümlə yazım:
- Əlövsət müəllim, Sizi tanımaq, oxumaq və dostunuz olmaq mənim üçün böyük şərəfdir. İstərdim ki, hər zaman telefonunuzdan gələn zəng “Mədətoğlu, hardasan?” – deyib qayğılardan, xəyallardan ayırsın məni. Və mən Sizinlə itirdiklərimizi xatırlaya-xatırlaya sabahkı günlərimizin yazılarından danışım. 85 yaşınız mübarək, doğma adam!