- Atom bombası yoxdu! Olsaydı Ağdam bazarında olardı! -
Bu sözlər elə-belə deyilməmişdi. Bu bazarda hər şey tapmaq olardı, heç Bakıda tapılmayan malları da. İtalyan tuflisindən tutmuş fin kostyumuna qədər, rumın mebelinə qədər. Alverçilər bunu hardan gətirirdi, necə gətirirdi heç kim bilmirdi, elə hökumət də.
Bazar nə qədər böyük olsa da, hamını burda yerləşdirmək mümkün deyildi. Ona görə də çölündə də bir bazar vardı. Bazarda taxça ala bilməyənlər onun çölündə taxça qururdular, taxça qura bilməyənlər də gətirdiklərini qabaqlarına töküb satırdılar.
Bazarın qabağındakı küçə çox enli idi, ümumiyyətlə, şəhərin bütün küçələri enli idi. Amma buna baxmayaraq, dörd yanında həmişə tıxac olurdu, heç bəzən keçmək olmurdu. Bazara girənlər və bir tərəfdən də taksilər və əhaliyə xidmət taksiləri, bunlar arxası kəsilmiş QAZ-24-lər idi, yük daşıyırdılar.
Bazarla üzbəüz Tələt əminin aptekiydi. Ağır-ağayana, ağsaqqal bir adamıydı, Çox xeyirxahıydı, yanına gələnləri boş qaytarmazdı. Öz aptekində olmasa da mütləq hardansa o dərmanları tapdırıb gətirərdi.
Bir dəfə Ağcabədinin Bayat kəndindən bir hazırcavab müəllim gəlir, resepti verir aptekçiyə. Qız reseptə baxıb deyir:
- Bu dərmanlar bizdə yoxdu.
Müəllim çıxır çölə, on-on beş dəqiqədən sonra yenidən qayıdır, qıza deyir:
- Qızım, mənə üç kilo kartof, iki kilo soğan, iki kilo ət ver.
Qız:
- Ay kişi, sənin başın xarabdı, bura aptekdi.
Səs-küyə Tələt əmi kabinetindən çıxır, yaxınlaşıb soruşur ki, nə davadı.
Qız deyir:
- Tələt əmi, görmürsən məni dolayır. Deyir üç kilo kartof ver, iki kilo soğan, iki kilo da ət.
Tələt əmi təəccüblə müəllimi süzüb deyir:
- Ay qardaş, görürəm ziyalı adamsız, bura kaptorq deyil, aptekdi.
Onda müəllim resepti verir Tələt əmiyə:
- Əgər bura aptekdirsə, bu dərmanları verin.
Tələt əmini gülmək tutur, resepti alır və deyir:
- Çıx bağda bir stəkan çay iç, yarım saatdan sonra gəlib dərmanları apararsan.
Tələt əmi başqa apteklərə zəng edir, dərmanları tapdırır.
Bazarın qabağındakı bağda iki çayxana vardı, bu çayxanalar da bazar idi - taksi sürücülərinin, bir də manısların bazarı.
Taksi sürücülərinin əlləri bəy şeyinə dəymiş avtoritetləri nərdtaxta, şahmat oynayardılar. Avtoritet olmayanlar isə yığışıb azarkeşlik edərdilər.
Əslində bu avtoritetlər heç vaxt öz taksilərini sürməzdilər. Səhər saat 7-də Dəmir yolu vağzalına getmək, kimisə Ağcabədiyə, ya İspanakertə daşımaq, axşam da yenə Dəmir yolu vağzalına bir-iki reys etməyə ərinərdilər, verərdilər köməkçiləri işlədərdi, sonra da haqq-hesab edərdilər. Və köməkçilərinə də günə 15 manat pul verərdilər, təxminən 300-400 manat edərdi ki, bu da ətin kilosu 2 manat 50 qəpik, yağın kilosu 3 manat 60 qəpik olan bir ölkədə böyük pul sayılırdı. Rayon Partiya Komitələrinin birinci katibləri də təxminən bu qədər maaş alardılar.
Bir Həsən kişi işsiz olduğuna görə Moskvaya dalbadal teleqramlar vurmuşdu. Axırda bu şikayətlərdən yorulan Moskva şikayətləri göndərmişdi Bakıya, Bakı da göndərmişdi Ağdama ki, bu adama bir iş verin, day zəhləmizi tökdü. Katib də göndərmişdi Bazarkoma ki, bunun qoluna bir qırmızı bağlayın bazarda gəzsin, bir 300 manat da maaş verin.
Həsən kişi də bazarda veyillənir, ayda 300 manatını alırdı.
Bir dəfə katib Həsən kişiylə rastlaşır:
- Day narazılığın yoxdur ki?
- Allaha şükür, yoxdur. Ayda üç yüz manat maaş alıram.
- Həsən kişi, üç yüz manat da mən alıram.
Həsən kişi gülüb deyir:
- Yoldaş katib, baxma, yenə sənin çax-çuxun olar.
Katib şaqqanaq çəkib gülmüşdü:
- Sənin də yəqin bazarda çax-çuxun olar.
Düzdür, katiblərin çax-çuxu olurdu, amma Həsən kişinin çax-çuxundan yox.
Hərdən şahmat oynayanlarla nərdtaxtaçıların az qala davası düşürdü:
- Ə, o daşı yavaş vurun dana, başımızı xarav elədiz.
Nərdtaxta oynayanlar:
- Nərdin gözəlliyi daşın şappıltısıdı. Xoşunuza gəlmirsə gedin ayrı yerdə oynuyun.
Bu bazarda manıslar da toy tutmaq üçün çayxanaya yığışırdılar. Söhbət həmişə toydan gedərdi, kimin gözəl oxumağı, kimin gözəl tar çalmağı, kimin xaric oxumağı söhbətləri gedirdi, müştəri gözləyirdilər.
Oğul evləndirmək istəyənlər başqa rayonlardan, hətta Bakıdan gəlib burdakı manıslarla toylarını danışardılar. O vaxtlar toyları xanəndələr aparırdı, özü də iki gün. Bəy tərifiylə də bitirərdilər.
Hələ dingilin-furuş oxuyan müğənnilər yoxuydu. Nə xınayaxdı, nə də qız toyu olurdu. Qız toylarına paltarbiçmə deyirdilər. Bir qadın çıxırdı stolların üstünə hədiyyələri yığardı. Adamlar paltar üçün parça, atrez hədiyyə edərdilər. Təbii ki, pul da salanlar olurdu. Məclisi aparan xanım deyərdi:
- Filankəs iyirmi beş manat. Oğluna-qızına borc olsun.
Və bir də xanəndələr toy danışmazdı, əsas şabaşa gedərdilər. Bəzən şabaş o qədər çox olurdu ki, toy sahibi dilxor olurdu.
Adlı-sanlı sənətkarlar adətən bu çayxanaya gəlməzdilər. Məsələn, Qədir Rüstəmov, Rəmiş, Aydın Məmmədov, Aydın Niftalıoğlu, Səxavət Məmmədov. Çayxanada onların nümayəndələri otururdu, danışığı da onlar aparırdı.
Qədirlə Rəmiş hər adamın toyuna getməzdi.
Rəmiş rayonda olanda hərdən maşını çayxananın yanında saxlayar, manıslarla salamlaşar və çayxananın bir günlük hesabını stolun üstünə atıb gedərdi.
Və hərdən də əhaliyə xidmət taksilərinin birinin banına piano qoyub şəhərin mərkəzi küçələrinə sürdürər və piano çalardı. Camaat da yığışardı yolun qırağına ki, Rəmiş indi piano çala-çala keçəcək. Çiynində də Rəmişin özünə oxşayan bir meymunu vardı. Meymunun boynunda enli bir qızıl zəncir vardı və zəncirdə də qızıl bir lövhə, üstündə də meymunun adı yazılmışdı: «Ramin». Hansısa çox sevdiyi bir dostunun oğlunun adı idi.
Bir dəfə bir uşaq gəlir evə ki:
- Papa, bayaq şəhərdə Rəmişi gördüm, çiynində də meymun.
Atası da qayıdır:
- Ay oğul, day denən iki meymun görmüsən də.
Bu söhbət şəhərdə yayılmışdı, amma Rəmiş inciməmişdi, əksinə, gülümsəmişdi.
Bazara girəndə sağ tərəfdə qeyri-adi, sağlam bir adam oturardı ki, əynində də yayda-qışda mayka olardı. Üzünə baxmağa adam qorxurdu, çünki üzü yanıb çox eybəcər hala düşmüşdü.
Və bir gün qəflətən yoxa çıxdı. Hərə bir söz danışırdı onun haqqında. Ən çox da deyirdilər ki, Amerikanın casusuymuş. Amerikada eşidiblər ki, Ağdamda atom bombası satılır, onu göndəriblər ki, görsün bu düzdü, yoxsa yox. O da gəlib bir-iki il bazarda oturub və dəqiqləşdirib ki, bu bazarda hər şey satılsa da atom bombası yoxdu və çıxıb gedib. Yanmış sifəti də maskaymış.
Bazarın özü şəhərin içində bir rayon idi. Birinci katibi də vardı, ispalkomu da, rəisi də, hətta prokuroru da. Rayonun nə rəhbərliyi, nə də güc strukturları bazarın işinə qarışmazdı, aylıq haqlarını alırdılar.
Bir nömrəli məktəbin direktoru Süleyman müəllim dəfələrlə yuxarılara şikayət eləmişdi ki, bizim uşaqların tərbiyəsini bazar pozur, onlarda bazar təfəkkürü yaradır, bu bazarı burdan köçürün.
Katib:
- Süleyman müəllim, ağsaqqal adamsan, bu bazarın üç yüz illik bir tarixi var, bunu necə köçürdə bilərəm? Vallah, o bazar əhli bizi burdan köçürər.
Süleyman müəllim:
- Onda məktəbin yerini dəyişin, təzə məktəb tikin.
- Bir nömrəli məktəbin də tarixi var, şəhərin ilk məktəbidi, onu da köçürə bilmərəm. İstəyirsən səni başqa məktəbə dəyişək.
- O məktəb mənim həyatımdı.
- Bazar da ordakı adamların həyatıdı.
Sonralar İspanakertdə Pedaqoji İnstitut açıldı və Süleyman müəllim də həmin İnstituta Azərbaycan bölməsinə dekan göndərildi, amma ürəyi məktəbdə qaldı.
Bazarın girişindəki qapının düz ortasında bir pinəçi oturardı. Adamlar məcbur olub onun sağından-solundan keçərdilər.
Bir dəfə rayonun, bazarın yox ey, rayonun ispalkonu Aydın müəllim bazarlıq eləmək üçün sürücünü göndərmir, maraq üçün özü gəlir.
İçəri keçəndə yolun ortasında oturmuş pinəçini görür və bazarın birinci katibinə deyir ki, bunu burdan götürün, qoyun bir kənara. Tez bazarın ispalkomu kişinin şey-şüyünü yığır, özünü də alır qucağına qoyur bir kənara.
Gecə Mərkəzi Komitədən bir məmur Aydın müəllimə zəng edir:
- Qardaş, bizim də o şəhərdə bir yaxın adamımız var, bu gün onu incitmisən.
- Kimdi?
- Bazarda oturan pinəçi.
Aydın müəllim havalanır:
- O palın-palçığın içində oturmuşdu qapının ağzında, dedim götürün ona bir rahat yer verin.
- Əşi, sən Allah, qaytarsınlar öz yerinə.
Aydın müəllim tez bazarın birinci katibinə zəng edir və deyir:
- Elə indicə, gecə olsa da o dəyyus pinəçinin şey-şüyünü qaytarın öz yerinə.
Yəni bazardakı pinəçinin də hardasa yuxarılarda bir dostu-tanışı vardısa, görün alverçilərin, satıcıların haralarda adamı vardı. Ona görə rayon rəhbərliyi bazarın işinə qarışmırdı.
ARDI VAR