(Elçin Əfəndiyevin doğum gününə)
Azərbaycanın ədəbi mühitinə və bədii sözün izləyicilərinə bəlli olan bir gerçəklik var. Həmin gerçəklik də ədəbiyyatımızın cəfakeşi, yaradıcılarından ən öndə gedənlərindən və tanıdanlarından olan Elçin müəllimin doğum günü ilə bağlıdı! Yəni, həm dolaysı, həm də birbaşa demək istəyirəm ki, bu il Elçinsevərlər özlərini ədibin yubley notunda kökləyiblər. İstər ölkəmizdə, istərsə də onun hüdudlarından kənarda Elçin müəllimi oxuyanlar Azərbaycan yazıçısının həyat və yaradıcılığı özləri üçün daxilən yeniləyirlər.Bu yubley sanki bizim yaddaşımıza bir göstəriş verib və biz də həmin zəruri göstərişə uyğun olaraq yazıçı Elçini ilk hekayəsindən bu günümüzə qədər cilidlənən kitablarını vərəqləyirik...
Elə buradaca xatırladım ki, mənim özümə görə yazmaq vərdişim, üslubum var. Adətən kiminsə barəsində yazı yazmağa başlayanda sözün hardan başlayıb harda bitəcəyini düşünmürəm. İçimdə, ağlımda olanları bir-birinin ardınca söyləyib yazımın məramını, məqsədini ortaya qoyuram. Və təbii ki, ürəyimin səsi, ağlımın hökmüylə yazdığım bu yazılarda qəhrəmanıma, yazımdakı obraza münasibətimi də olduğu kimi sərgiləyirəm. Necə deyərlər, özüm hansı haldayamsa, yazım da elə onun ifadəsinə çevrilir.Düşündüyüm, dərk etdiyim nədir, necədir onu yazıram...Özgə arşını ilə , kimin nə deyəcəyi ilə yox , öz arşınımın məndəki təsdiqlənmiş nəticəyə söykənib yazıram... Amma...
Amma bu gün ağlımda bir əmma var! Düşünürəm ki, mən bu yazı yükünün altından çıxa biləcəmmi? Və mən Elçin müəllimin yubleyi ilə bağlı oxucu sözünü dilə gətirməklə ölçülərdən kənara çıxmıram ki?
Bu məqamda bir zəruri qeyd etməliyəm - Bəli, bu yazını yazmaq mənim üçün çox çətindi. Çünki artıq Elçin müəllim məni tanıyır, Şuşaya,yəni Vaqif poeziya bayramlarına səfərdə onunla həmsöhbət olmaq, telefonla fikir bölüşmək xoşbəxtliyim və fürsətim olub! Bax, bu səbəbdəndi ki, hörmətli Elçin müəllimin doğum günündə bir oxucu, bir jurnalist və nəhayət, həm də bir şair kimi fikir söyləmək mənə çox çətindir.
Lakin daxili istəyimin mənə diqtəsi ilə bu yazını xalq yazıçısı Elçin Əfəndiyevin oxucusu olaraq onun doğum gününə ünvanlayıram. Və bir yazımda da vurğuladığım kimi, hələ doğulduğum Tuğ kəndində, orta məktəbdə oxuduğum illərdən tanıyıb sevmişəm Elçin Əfəndiyev yaradıçılığını. Xüsusilə onun unudulmaz xalq yazıçımız İlyas Əfəndiyevin oğlu olduğunu biləndən sonra ürəyimdə qəribə bir hiss baş qaldırmışdı. Özüm-özümə sual verirdim ki, görəsən iki yazıçı bir evdə mövzuları, yazdıqlarını müzakirə edirlərmi? Bir-birlərilə iki qələm adamı olaraq hansı mövzularda mübahisələri olur?
Məni qınamayın. Bu bir orta məktəb şagirdinin, bir cavan oğlanın tam səmimi duyğularından doğan sual idi. İllər keçdi və mən Elçin Əfəndiyevi həyatda da görməyə başladım. Müxtəlif tədbirlərdə çıxışlarını dinlədim. Xüsusilə İlyas Əfəndiyev cənnətə köçüb haqqa qovuşandan sonra İlyas müəllimlə bağlı keçirilən tədbirlərin böyük əksəriyyərtində iştirak etdiyimdən mən Elçin müəllimi orada yaxından görürdüm. Hətta bir dəfə şair dostum, qardaşım, ailəvi bağlılığım olan Çingiz Əlioğlu Milli Dram Teatrın foyesində tamaşaya gələn Elçin müəllimlə əhvallaşanda məni də yaxınlaşıb görüşməyə dəvət edir. Bir az ehtiyatla Elçin müəllimə yaxın gəldim və salam verdim. O da əlini uzatdı... Bax, bu mənim Elçin müəllimlə Şuşa ziyarətimizə qədər olan üzbəüz yeganə görüşüm idi...
Elçin Əfəndiyev mənim üçün gözəl novellaların, xüsusilə "Baladadaşın ilk məhəbbəti"nin müəllifidi... Elçin müəllim mənim üçün "Bir görüşün tarixçəsi", "Ox kimi bıçaq", "Mahmud və Məryəm"... " “Bayraqdar”, “Toyuğun diri qalması”, “Gümüşü furqon”, “Dolça” ,“Ağ dəvə”, “Ölüm hökmü”, " Baş" romanını müəllifidi... Elçin müəllim ayrı-ayrı şəxslər barəsində xatirə yazıların müəllifidi... Hansı ki o yazılar - xatirələr barəsində söhbət açılan şəxsləri bizlərə yenidən və həm də ətraflı şəkildə tanıdır...Elçin müəllim mənim üçün düşündürməyi və inandırmağı bacaran səhnə həyatı verdiyi obrazların müəllifidir... Elçin müəllim mənim üçün həm də ədəbi düşüncəylə fəlsəfi düşüncəni bir-birinə calaq edən yox, bir-birində ifadə edən yazıçı alimdi... nasir, həm də filosofdu... Ona görə də onun oxuduğum əsərlərini demək olar ki, hamısında mən hər bir sözün arxasında ikinci və bəzən də üçüncü sözün dayandığını görürəm. Sözlər qat-qatdı, bir -birinin arxasında dayanan insanlar kimi. Oxuduğun anda sənə adi görünür. Sonra həmin O görüntü səniyavaş və sakitcə özünə tərəf çəkir və başlayırsan gördüyünün ardınca getməyə. Gedib sonsuzluğa yox, işığa çatırsan. Sözün məbədində qaynayan o bulağın gözündə bütün rənglərin, bütün gözəlliklərin və həyatla insanın mücadiləsinin şahidinə çevrilirsən. Burda söhbət daha çox yaşatmaqdan, yaratmaqdan gedir. Dağıtmaq, məhv etmək istəyinə qarşı çıxmaqdan gedir. Və nəhayət, Elçin müəllimin bir nasir, bir dramaturq, bir ədəbiyyatşünas kimi oxucu önünə çıxardığı hər bir fikir, hər bir əsər dərhal müzakirə ünvanına çevrilir. Çünki təzə tərdi... Çünki hamının dediyi formada yox, məhz Elçinin dediyi formada ortaya qoyulubdu. Bu, özünəməxsusluqdu! Bu mənə görə həm də Elçinşünaslıqdı!
Mən Elçin Əfəndiyevin oxucusu olaraq özüm üçün bir gerçəkliyi də müəyyənləşdirmişəm və o gerçəkliyi özümün haqqım kimi qəbul etmişəm. Bu gerçəklik də mənə görə, bundan ibarətdir ki, Elçin Əfəndiyev pafos yazıçısı deyil. Elçin Əfəndiyev gerçəyin, yəni oxucunun yazıçısıdı! Və mən sevinirəm ki, bu gün Azərbaycan söz məkanından kənara çıxaraq Azərbaycan ədəbiyyatını tanıdanların önündə Elçin Əfəndiyev də var! Bu yer onun həm haqqıdır, həm də oxucularının ona verdiyi missiyadır! Bu gün Azərbaycan ədəbiyyatının öncüllərindən biri olan Elçin Əfəndiyev bizim üçün, Azərbaycan üçün, ədəbiyyatsevərlər üçün yazıb yaradır.
Bu gün ömrünün 80-ci baharını-yayını yaşayan və yazıb-yaradan Elçin müəllim barəsində ən yüksək mərtəbələrdə, səviyyələrdə fikir bildirilir...münasibət ifadə olunur..təbriklər deyilir, yazılır...Bunların hamısı da birmənalı olaraq Elçin müəllimin halal haqqıdır! Düşünürəm ki, bir vətəndaş , bir yazıçı xoşbəxtliyi Elçin müəllimin ömürlüyünü bəzəyib! Bu xoşbəxtlik də onun Şişanı, Füzulini, bütün Qarabağı işğaldan azad görməsidi! Doğum gününüz də, bu xoşbəxtliyiniz də mübarək olsun, əziz Elçin müəllim!
P.S. Çox hörmətli Elçin müəllim, inanın ki, sizə ünvanladığım bu kiçik yazı istəklərimin tam səmimi ifadəsidir. O sizə layiq olmasada, hər halda, mən oxucunuz kimi yaradıcılığınızla bağlı düşündüklərimi çatdırmağa çalışdım...