Azərbaycan ədəbiyyatı sevgi, məhəbbət və eşq üzərində köklənib. Bütün klassik və müasir poeziyamıza nəzər yetirmək kifayətdir. Nəsrdə də, dramaturgiyada da sevgi mövzusu aparıcıdır. Sevgi insanın bu dünyaya baxışını, həyat fəlsəfəsini, gözəlliyə estetik münasibətini də təyin edən meyara çevrilib. Təkcə iki sevən insanın subyektiv, qarşılıqlı münasibətləri deyil, dünyanın, kainatın, gerçəkliyin özü də bu ali və müqəddəs duyğunun içindən keçib. Dahi Füzulinin məhəbbət konsepsiyası dünyanın eşq vasitəsilə dərkidir və təbii ki, onun məhəbbət şeirləri, «Leyli və Məcnun» dastanı təkcə iki insanın münasibəti çevrəsində qalmır. «Yapəb, bəlayi-eşq ilə qıl aşina məni…». Bu misra eşqin bütün zamanlar üçün səslənə biləcək məramıdır. Əsrlər boyu cəmiyyət, mühit dəyişir, həyata, gerçəkliyə, dünyaya münasibət yeniləşir, mənəvi dəyərlər də həmçinin…amma yüksək və ali eşq öz romantik «örtüyündə» qalır.
Təfərrüata varmaq istəmirəm. Bu günlərdə Eyruz Məmmədovun iki romanını oxudum və bu romanlarda eşqin necə qüdrətli, qüvvətli, insanı yaşadacaq bir hiss olduğuna inandım. Eyruz Məmmədov «Exo Sumqaüyıta» qəzetinin baş redaktorudur, neçə nəsr və publisistika kitablarının müəllifidir, əsərləri rus, alman və ingilis dillərində də çap olunub, Azərbaycan Jurnalistlər Birliyinin, Rusiya Beynəlxalq Jurnalistlər Assosiasiyasının üzvüdür, «H.B.Zərdabi», «Qızıl Qələm», «Araz» bədii mükafatları laureatıdır. Əməkdar jurnalistdir.Amma əsərləri az təbliğ olunub.
Eyruz Məmmədovun bu iki romanında onu bir nasir kimi səciyyələndirən bir-iki məqamı qeyd etmək istəyirəm.O, hər iki romanında axtarışçı, soraqçı, təsvir etdiyi hadisələrin reallığına, həqiqiliyinə varan müəllif kimi diqqəti cəlb edir. İstər 1918-1920-ci illərin çox ziddiyyətli, mürəkkəb dövründə baş verən hadisə və olayları təsvir etsin,istərsə də qəhrəmanlarının Azərbaycandan çox-çox kənarda –Almaniyada, İtaliyada, Fransada sərgüzəştlərindən söz açsın, tarixi faktlara, coğrafi-kulturoloji-etnoqrafiq detallara, məlumatlara müraciət edir. Və hiss olunur ki, onun mütaliə dairəsi genişdir. İkincisi; Eyruz Məmmədov təsvir etdiyi obrazların hər birinin taleyinə biganə qalmır, yəni sonadək onları hadisələr burulğanından keçirir. Üçüncüsü; o, yazıçı mövqeyini gizli saxlamır, öz müsbət qəhrəmanlarının arxasınca gedir, hiss olunur ki, hərarətlə təsvir etdiyi qəhrəmanlarının məramı, ictimai idealları, qarşılıqlı münasibətləri onun da ürəyincədir, amma bu oğrazların heç birinə nəyisə diqtə eləmir.
«Dama Pika» romanında hadisələr Bakının ən mürəkkəb dövrlərinin təsviri ilə başlayır. Burada Bakının-o zamankı neft və milyonlar səltənətinin korifeylərindən tutmuş adi ev xanımlarına, kasıb insanlara qədər hamısının mənəvi aləmindən xəbər tuturuq. «Bakının bütün tanınmış adamları matəm məclisində iştirak edirdilər. Milyonçulardan Hacı Zeynal Tağızadə, Şəmsi Əsədullayev, Muxtar Muxtarov, Mirhəşim Hacınski, Nobel qardaşları, Rotşild, Bakının qubernatoru Saxarov Ağaəliyə başsağlığı verdilər, ona səbr və dözüm dilədilər»- burada bizə məlum olan milyonçuların bəzilərinin adları dəyişsə də, onları tanıyırıq. Ağaəli Nağıyev isə məlumdur ki, Musa Nağıyevdir. Matəm məclisində əsərin əsas qəhrəmanı-Toğrul da iştirak edir, o tanınmış iş adamlarından Hacı İbrahim Məmmədbəyovun oğludur. Bu matəm məclisinin təsvirindən sonra müəllif bütün diqqətini öz qəhrəmanına- Toğrula yönəldir. Toğrulun mənəvi inkişafını iki aspektdə izləyirik. Birinci halda o, kefcildir, günlərini Bakının bahalı restoranlarında, kafe-şantanlarında xanımlarla keçirir, qumar oyunlarına aludəçilik göstərir. Yaraşıqlı, boylu-buxunlu bir cavan olduğu üyçün xanımlar da ona meyl göstərirlər. Amma o, həm də ürəyi saf, təmiz və ağıllı bir gəncdir. Sevıgi münasibətlərində də ifrata varmır. Onun atası-anası oğullarının tezliklə evlənməsini arzulayırlar. Amma Toğrul ailə həyatını sevgi əsasında qurmaq istəyir. «Məhəbbətin kəşəri olduğuna. Onun yaratdığı gözəlliklərə xülya kimi baxırdı». Hələ ki, onun həyatında sevgi fırtınası baş vermir. Bakı qubernatoru Saxarovun bacısı Yelena nə qədər gözəl olsa da, onunla yalnız gün keçirməyi sevir. Qubernator isə bu «sevgi» münasibətini xoşlamır, Teymuru döydürür. Başqa bir məşuqəsi-Yeganə da mənən onu təmin etmir. Bundan sonra onun Kazanda-Anastasiya ilə sevgi macərası başlanır. Rusiyanın tanınmış qrafları, knyazları bu gözəl qadınla gün keçirmək üçün milyonlarını əsirgəmirdilər, amma Toğrulun düzlüyü, təmizliyi Anastasiyanın xoşuna gəlir. Onların arasında qadın-kişi münasibətlərinə aid nə varsa, baş verir, amma bu münasibətlər həqiqi sevgiyə çevrilmir. İkincir aspektdə:Nəhayət,bacısının ad günündə əsl sevgi, sonralar onun bütün varlığına hakim kəsilən məhəbbət-eşq fəsli başlayır. O, Almaniyadan Bakıya gələn, əslən türk qızı olan Aytelə vurulur. Burada qeyri-adi heç nə yox, yəni bu tanışlığın güclü və qarşısıalınmaz sevgiyə çevrilməsi təbiidir. İnsan ilu baxışdan da vurula bilər və bu hiss getdikcə onuün bütün varlığına hakim kəsilər. «Toğrul kənarda zərif və nəcib bir qızın dayandığını gbrdü. Diqqəti ona yönəldi. «Bu kimdir?», deyə sual etdi. Bu vaxt qeyri-ixtiyari olaraq gözlər toqquşdu. Sanki isti cərəyanlar bir-birinə sarıldı». Məlum olur ki, Aytel adlı bu qız əslən türk olan, sonralar adını dəyişdirən Henrixin qızıdır. «Toğrul anlayırdı ki, Aytel onun həyatı üçün maraqlı bir tərəfkeş ola bilər. İndiyəcən belə nəcib və gözəl qıza rast gəlməmişdi. Bu türk qızı mehriban,, həlim və istiqanlı idi. Onun səmimiyyəti, şirin ləhcəsi, gülərüz olması xoşuna gəlmişdi. Bununla belə, onun qəmli gözləri Toğrul üçün sirr olaraq qaldı». Qızın Bakıya növbəti səfərində onların aralarında əsl sevgi hissləri alovlanır və Toğrul hiss edir ki, onun həyatında ən gözəl bir hadisə baş verir. Amma…təbii ki, hər bir böyük sevginin qarşısında amansız maniələr, çıxılmaz keçidlər durur. Aytelin eşqi ilə çırpınan, həmişə onun gözlərinə baxmaq həsrətilə alışıb-yanan Toğrul Almaniyaya getmək istəyir, amma atası İbrahim bəy buna mane olmaq istəyir, səbəbi də budur ki, Aytel ağır xəstədir. Toğrul nə qədər sarsılsa da, inadından dönmür, Berlinə yola düşür. Berlində qızı görməsə də, atasıyla bu sevgisindən söz açır. Atası da qızının xəstə olmasını etiraf edir. Amma Toğrul yenə inadından dönmür, Aytelin sorağıyla İtaliyaya-Karpiyə yola düşür, qızı xəstəxanada tapır. Təxminən 60 səhifədə müəllif Toğrul və Aytelin münasibətindən söz açır-etiraflar, bəzən bir-birinə zidd mülahizələr, hətta keçici soyuqluq, sonra yenə Leylilik-Məcnunluq hissləri, mənəvi birləşmə…bütün bunlar bir sevgi dastanının xoş səhifələridir. Toğrul Bakıya qayıdanda isə Böyük Oktyabr Sosialist inqilabı qələbə çalmışdf, Azərbaycanda isə hakimiyyətə müsavatçılar gəlmişdilər. Müəllif öz qəhrəmanının ictimai-siyasi hadisələrə münasibətini də gizlətmir. Toğrulun lap öncədən bolşevik lideri Məşədi Əzizbəyovla görüşündə məlum olur ki, o, bolheviklərə inanmır. Daha sonra onu yenə öz dəstələrinə-kommunist cərgəsinə qatmaq istəyirlər, amma buna da izn vermir. Müəllif o zaman Bakıda baş verən hadisələrə də yer verir, atasının vəfat etməsi, sonra bolşeviklərin hakimiyyətə gəlməsi, onların əsl siması, milyonerlərə, iş adamlarına tutduğu divanlar…bunlar da nəzərdən qaçmır. Toğrul da bu amansız münasibətin bir qurbanına çevrilir, döyülür, təhqir olunur, xəstəxanaya düşür. Başına çox bəlalar gəlir, həbsxanaya düşür, nəhayət, vaxtilə əl uzatdığı, ölümdən xilas etdiyi bir insanın köməyilə həbsdən azad olunur, Tehrana yola düşür, oradan da Türkiyəyə gedir, anası ilə görüşür, bacısı isə artıq yoxdur. Nəhayət, Aytelin ardınca Berlinə gəlir.Məlum olur ki, onlar Parisə köçüblər. Və romanın sonluğu iki gəncin bir-birinə qovuşması ilə bitir. «Mən səni sevirəm, Toğrul… Mən də səni sevirəm, Aytel!. İki sevgili səkinin üstündə diz çöküb, məhəbbətin onların yollarına səpələdiyi çiçəkləri yığmaqla məşğul idilər. Yoldan ötənlər bu sevgililərə qəribə bir maraqla baxıb, keçib gedirdilər…»
Beləcə, bir sevgi dastanı sona çatır. Əlbəttə, bu birlik, bu vəhdət çox ağır sınaqlardan, məhrumiyyətlərdən keçir. Və bu romanda bizim məhəbbət dastanlarının təsiri, iz idə duyulur. Sevgililərin vüsalı çox maniələrdən, hətta az qala ölüm-itim qorxusundan sonra baş tutur. Elə məhəbbət dastanlarımızda olduğu kimi. Həm də romanın təhkiyə tərzində, hadisələrin nəql olunmasında bunu görə bilərik. Amma təbii ki, «Dama Pika» müasir romandır və burada məhəbbət dastanlarından fərqli olaraq ictimai-siyasi hadisələr, dövrün panoramı, çox sayda insanların bir-birilə münasibətləri əsas yer tutur.
Eyruz Məmmədovun «Zöhra və Kənan» romanında da məhəbbət süjeti aparıcıdır. Bu əsərdə də ictimai-siyasi (özü də beynəlxalq miqyasda) hadisələrin təsviri fonunda iki gəncin sevgisi aparıcı xəttə çevrilir. Jurnalist Kənan Əlixanlı İraqa ezamiyyətə yollanır. Səbəbi budur ki onun atası İsmayıl kişi Bağdadda itkin düşüb. Kənan İraqda çox hadisələrlə və insanlarla qarşılaşır, dəhşətli hadisələrlə üzləşir, hətta ölüm təhlükəsi də onu haqlayır.Əlbəttə, müəllifin İraq həyatına, orada baş verən hadisələrə nə dərəcədə bələd olması da az şərt deyil və deyə bilərik ki, Eyruz Məmmədov bu sahədə xeyli məlumatlıdır. O, İraqda olmuşmu-olmamışmı, bunu deyə bilmərəm, amma o romandan dlğrudan da İraq qoxusu gəlir. «Kənanın maşınını bir neçə yerdə saxladılar, sənədlərini yoxladılar, şübhəli-şübhəli baxıb buraxdılar. Məntəqələrin birində bir saat gözləməli oldu. İstidən təritmişdi. Ətrafa göz gəzdirdi. Uzaqda istehkamlar qurulmuşdu. Zirehli tanklar görsənirdi. Ağır yüklü maşınlar bir-birinin ardınca şimala tərəf gedirdi…Torpaqların çox hissəsi dərin çalaya çevrilmişdi. Bu, raketlərin, top və qrad mərmilərinin nəticəsiydi». Romanda belə səhnələr çoxdur. Amma Kənan bütün məhrumiyyətlərə dözür. O, təkcə atasının axtarışı ilə məşğul olmur, həm də İraqda baş verən hadisələrlə təmasda olur, müxtəlif əqidəli insanlarla görüşür.Həbsə də düşür və zirzəmidə olarkan ona xeyirxahdlıq göstərən Zöhra adlı qızla tanış olur, bu tanışlıq get-gedə sevgiyə çevrilir. «Zöhranın savadı yox idi. Lakin mühakiməsi dərin, baxışları, fikirləri təmiz idi. İncə qəlbi və geniş ürəyi vardı. Kənana vurulmuşdu. Gənc qızın həyatında ilk dəfə olaraq ürəyi məhəbbət eşqi ilə çırpınırdı». Romanda bir-birindən maraqlı, amma eyni zamanda ölüm-itimlə, qorxulu hadisələrlə şərtlənən vaqiələr baş verir. Kənan atasının ölümünü də görür. Çox çalışır ki. onu Azərbaycana aparsın, amma bu, mümkün olmur. Kənanı Əl-Süleymaninin qətlində suçlandırırlar, amma o, qatil deyil.Zöhra da Əl_süleymaninin qızı deyil, onun bapbası Əl-Süleymaninin atasını güllə ilə vurub öldürüb, sonra dağlara qaçıb, tapa bilməyiblər, Zöhranı isə girov götürüblər. Nə yaxşı ki, o, Kənana rast gəlib. Amma Kənan İraqda ən əziz dostlarından birini-jurnalist Cennini itirir. «Kənan doğma Bakıdan uzaq bir yerdə ilk dəfə özünü qərib saydı. Peşə borcunu yerinə yetirməyə gəlmişdi. Ona elə gəlirdi kui, Bağdadda gedən müharibədən reportajlar hazırlayacaq, atasını axtarıb tapacaqdır. Ağlına gəlməzdi ki, başına minbir hadisələr gələcək. Bu hadisələrin içindən sağ və salamat çıxmağını böyük bir xoşbəxtlik sayırdı. Onu burada hər an öldüyrə bilərdilər. Görunür, Allah-təala Kənana qıymayıb».Amma müsibətlər yenə Kənandan əl çəkmir. Sevgilisi Zöhraya qovıuşmalı ikən onu zəhərli bir ilan çalır və Zöhra o zəhəri Kənanın qıçından rədd etmək üçün sovurur və zəhər onun bütun bədənininə işləyir. Beləliklə, Kənan vaxtimlə onu ölümdən xilas eləyən bir qızın sevgi yolunda ölümdən belə çəkinmədiyinin şahidi olur. Müasir dövrdə bundan böyük bir eşq ola bilərmi? «Kənan Zöhranın qəbri üstə diz çökdü. Onu tanıdığı gündən son günə kimi, bütün anları göz önünə gətirdi. Ağır, çətin və əzablı günlər olsa da, həmin günlərin özündə bir ümid, sevinc və inam vardı. Lakin hər şey məhv oldu. Ümid qırıldı, inam itdi. Kənan özünü saxlaya bilməyib hönkür-hönkür ağladı». Beləliklə, qəmli bir sevgi dastanının şahidi oluruq. Var olsun belə məhəbbət! deyirik.
Hər iki romanı biz tipinə görə «hadisə romanı» adlandıra bilərik. Çox arzulayırıq ki, Eyruz Məmmədov gələcə romanlarında obrazların psixoloji alminə də baş vursun, insan ürəyinin bütün gizlinlərinə də təsvir eləsin. İhər halda, uğurlar arzulayaq!