ƏLİBALA HACIZADƏ-90 - Vaqif Yusifli yazır

VAQİF YUSİFLİ
135 | 2025-09-10 12:14

«Çox vaxt məndən soruşurlar ki, niyə səni uşaq da, cavan da, qoca da, qadın da, kişi də-bir sözlə, hamı  belə çox istəyir? Mən uzun müddət bu cür sorğulara cavab vermirdim, ancaq bu sualları verənlərin çox olduğunu görüb indi deyirəm; çünki mən bütün insanları, sizin hamınızı ülvi, təmannasız bir məhəbbətlə sevirəm; çünki mən sevənlə sevmişəm, ölənlə ölmüşəm, ac qalanla ac, susuz qalanla susuz qalmışam; ona görə siz məni belə çox sevirsiniz, sevməyə bilməzsiniz; çünki yazılmamış bir qanundu: sevməsən, sevilməzsən».

Bu sətirlərin müəllifi görkəmli yazıçı, ədəbiyyatşünas, Azərbayjan oxucularının sevimlisi Əlibala Hajızadə idi.O, yetmişinji illərin ən populyar yazıçısı idi və bunu gizlətmək lazım deyil. Təkcə əsərlərinin geniş oxucu auditoriyası əldə etməsinə görə deyil, həm də bu yazıçının bir insan və sənətkar kimi sevilməsindəydi bu populyarlıq. «Mən çətin, əzablı, sıxıntılı bir ömür yaşamışam. Həyatım boyu gördüklərim, yaşadıqlarım, çəkdiklərim bəlkə də iki-üç insan ömrünə bəs edər»- bu sözləri Əlibala Hacızadə 70 yaşı olanda-iyirmi  il əvvəl söyləmişdi. Təbii ki, əsl yazıçı ömrü başlanğıcdan sonadək belə əzablı, sıxıntılı keçir, dünyada fiziki ömrü «xoşbəxtlik» sözü ilə uyğunlaşan yazıçılara nadir hallarda təsadüf edərsiniz. Amma bu əzablı, sıxıntılı ömür yazıçının istedadı və şəxsiyyətinə heç bir xələl gətirməyib. «Ümumiyyətlə, həyatda nə istəmişəmsə, Tanrım verib, gec verib, amma verib. Əvvəl sınayıb, sıxıb, imtahana çəkib, dözdüyümü, naşükür, asi olmadığımı görüb istədiklərimin ən yaxşısını əta edib mənə»- bu etirafın müəllifi də Əlibala Hcızadədir.Bir insan kimi çox mədəni, əsl Azərbaycan ziyalısıydı. Elə bir insan idi ki, qalmaqalı, kiminləsə çəkişməni, münaqişəni sevmirdi, lap elə incik düşdüyü (ya haqlı, ya haqsız) adamlarla da tezliklə dil tapa bilirdi. Bütün ömrü boyu bir iş yeri olub- Şərqşünaslıq institutunda çalışıb (elmlər namizədi idi), yalnız beş il (1966-1970) Əfqanıstanda mütərcimlik edib. Bütün tanınmış yazıçılarla, alimlərlə dost idi, xasiyyətində elə cəhətlər vardı ki, heç kəs bu ürəyi açıq, sözü-söhbəti duzlu insanla ünsiyyətdən çəkinmirdi. Amma ən çox oturub-durduğu, yol yoldaşı, süfrə yoldaşı olduğu, həqiqi dost deyə bildiyi beş-altı adam vardı: böyük alim Əkrəm Cəfər, şair Fikrət ca, yazıçılar-Nahid Hacızadə, Əlövsət Bəşirli, bir də Oqtay Rza. Hər bir yazıçı üçün hansı dövlət məmurundan, vəzifəli şəxsdən, nəşriyyat rəhbərindən ya messenetdan qayğı görmək heç vaxt unudulmur, çünki bu dünyada sözün sahibi olan insanlar o sözə qiymət    verə biləjək adamların qayğısına ehtiyac duyurlar. Əlibala Hacızadəyə də belə qayğı göstərən insanlar olub. O, belələrini ehtiramla xatırlayırdı. 1980-ci ildə, yayın qızmar günlərinin birində ulu öndər-Heydər Əliyev Saatlı rayonunda pambıqçı qızlar işləyən bir briqadaya gəlir, qızları başına yığıb onlara bu ağır zəhmətləri üçün təşəkkür edir və sonra soruşur ki, nəyə ehtiyacınız var, deyin, utanmayın. Qızlardan biri  utana-utana qabağa çıxıb deyir ki, sağ olun, Heydər müəllim, bizim heç nəyə ehtiycımız yoxdur, Amma bir xahişimiz var. Bu yaxınlarda bir «İtkin gəlin» kitabı çıxıb, ondan bizim kəndə jəmi bircə nüsxə gəlib çıxıb, qızlarımız onu oxumaq üçün növbəyə durublar, mən 23-cü adamam. Əgər mümkünsə, deyin, o kitabdan bir az çox buraxsınlar.

Ulu öndərin göstərişilə «İtkin gəlin» hərəsi 100 min tiracla iki dəfə nəşr edilir. Bu, Sovet dönəmində bir Azərbaycan yazıçısı üçün ən yüksək bir tiraj idi. 
Əlibala Hacızadənin ilk mətbu əsəri – «Mənim müəlliməm» hekayəsi 1956-cı ildə Uşaqgəncnəşrin buraxdığı «Gəncliyin səsi» almanaxında çap edilmişdi. İlk kitabı-«Heykəl gülür» hekayələr kitabı isə 1961-ci ildə işıq üzü gördü. Əlli beş illik yaradıjılığı ərzində o, bir nasir kimi tanındı da, sevildi də. Yaradıjılığa hekayə ilə başladı, sonra bir-birinin ardınja povestlər qələmə aldı, yetmişinci illərdə isə ilk romanı – «Təyyarə kölgəsi» çap olundu. Sonra isə onu məşhurlaşdıran digər romanlar yazıldı. Bir sözlə, o, müasir Azərbaycan nəsrinə  öz dəyərli töhfələrini verdi. 

Ə.Hacızadənin hekayə və povestlərinin mövzusu müasir həyatdan götürülürdü, yazıçı həm də uşaqlığının ən çətin və məşəqqətli keçən dövründən-müharibə illərinin acı həqiqətlərindən söz açırdı. O, təkcə hadisələri təsvir etmək, təqdim etdiyi obrazların səcyyəvi xüsusiyyətlərini  canlandırmaqla işini bitmiş hesab etmirdi, cəmiyyətdə baş verən mənəvi-əxlaqi prosesləri də bu əsərlərin süjetinə hopdururdu. Yəni onun təsvir etdiyi insanlar və hadisələr yaşadığı zamanın sosial-mənəvi atmosferini əks etdirirdi. «Həsrət, «Mərdlik», «Məhəbbət olmayan evdə» povestində müharibədən sonrakı illərin gerçəkliyi əks olunurdu. Ymumiyyətlə, Əlibala Hacızadə Azərbayjan nəsrində mənəvi-əxlaqi problemlərin bədii həllini canlandıran, müasir Leyli və Məcnunların hekayətlərin qələmə alan nasirlərdən biri olmuşdur. Onun «Təyyarə kölgəsi» və «Vəfalım mənim» romanlarında üç məkan təsvir olunur-biri elmi –tədqiqat institutudur, burada elmi məsələlər müzakirə edilir, ədəbi problemlərdən söz açılır, elmdə xaltura məsələləri pislənilir, təşkilatçılıq metodunda nəzərə çarpan karyerizm kəskin tənqid atəşinə tutulur.  İkinci məkan ailədir: cəmiyyətə layiq insan necə tərbiyə olunmalıdır, kişi ilə qadın, valideynlə övlad arasında münasibətlər necə qurulmalıdır-bu məsələlər ailə və cəmiyyət müstəvisində öz həllini tapır. Ailədə pis tərbiyə almış oğul əsl vətəndaş ola bilərmi? Üçücü məkanın ünvanı isə sevən ürəklərdir. Hər iki romanda məhz bu xətt diqqəti daha çox cəlb edir. 

Əlibala Hajızadənin «İtkin gəlin», «Əfsanəsiz illər», «Ayrılığın sonu yoxmuş» roman-trilogiyası isə  Əfqanıstanda baş verən ictimai-siyasi hadisələrdən daha çox lirik-sentimental məhəbbət macəralarını əks etdirir.Hər üç roman təsvir olunan hadisələrin dramatizmi, psixoloji məqamları ilə oxucuları jəlb edirdi və elə bu səbəbdən Azərbaycan oxucusu üçün həmin romanlar stolüstü əsərlərə çevrilmişdi. Romanlarda əfqanların yaşayış tərzi, milli əxlaqi səjiyyələri, etnoqrafik aləmi dərin müşahidələrlə qələmə alınmışdı, hiss olunurdu ki, Ə.Hacızadə Əfqanıstanda beş il müddətində təkcə tərcüməçi kimi fəaliyyət göstərməmiş, həm də bu xalqın həyat tərzini, məişətini, adət-ənənələrini, dini baxışlarını diqqətlə müşahidə etmişdir.

Əlibala Hacızadəni bir romançı kimi səjiyyələndirən özəl xüsusiyyətlər vardır. Onu çox vaxt Məmməd Səid Ordubadi ilə də müqayisə edirlər.O da Ordubadi kimi romanlarında maraqlı hadisələr qurmağı, xüsusilə macəraçılığa meyl etməyi, əsas hadisələri sevgi xətti ilə əlaqələndirməyi çox sevirdi. Acaq fərq burasında idi ki, Ordubadi epik nəsrin, Əlibala Hajızadə isə lirik nəsrin yaradıjılarından idi. Lirika onun sonralar qələmə aldığı «Dünyanı tanı», «Möcüzə», «Xoş gəlmisən Nərgizim», «Ölüm yoxdur» romanlarında da başlıca üslubu təşkil edir. Adını çəkdiyimiz bu son əsərlər isə müasir həyatda baş verən hadisələri əks etdirirdi. Bu əsərlərdə də insanın yüksək mənəvi keyfiyyətləri təbliğ olunur, mənfiliklər isə tənqid hədəfinə çevrilirdi.  
Əlibala Hajızadə həm də şərqşünas alim və ədəbiyyatşünas idi. Onun «Fərruzi Yəzdinin poeziyası», «İran romanının tarixi», «Mirzadə Eşqi-vaxtsəz söndürülmüş məşəl», «Sadiq Hidayət-hekayə ustası kimi» monoqrafiyaları, çoxlu sayda elmi-tənqidi məqalələri (bu yazıların əksəriyyəti müasir ədəbiyyatımızın tədqiqinə həsr olunub) var. Haçansa onun bu sahədəki fəaliyyəti də tədqiq olunmalıdır.

Və nəhayət, onun şeirləri haqqında. O, heç vaxt özünü şair adlandırmırdı. Ancaq yazdığı şeirləri də onun yaradıcılığından təcrid oluna bilməz, çünki bunlar sözün həqiqi mənasında ŞEİRdir. Lirik, kövrək və həzin qəlb çırpıntılarını, romantik sevgi duyğularını əks etdirən şeirlər və heç də təsadüfi deyil ki, o şeirlərin bir çoxu xanəndələrin, müğənnilərin repertuarına da yol tapıb. Qoy bu yazını da ruhu bizimlə olan, xatirəsi ürəyimizdən silinib getməyən o gözəl insanın bir şeiri ilə sona yetirək:

    Ölüm bu dünyanın o üzündədi,
    Bu üzü dünyanın güldü, çiçəkdi.
    Ölməzlik-məhəbbət zirvəsindədi,
    Məhəbbət-əbədi ömür deməkdi.

    Hcranın yolları bitməz-tükənməz,
    Vüsal yollarına qar ələnibdi.
    Ömrünü eşqinə qurban deyən kəs,
    Xəyanət əliylə güllələnibdi.

    Sızlama ürəyim, sən dözümlü ol,
    Dünya gah ajıdı, gah da şirindi.
   Bir gözünlə ağla, bir gözünlə gül,
   Dünya əzabına dözənlərindi.


 

  • Sentyabr:
  • 5

TƏQVİM / ARXİV