adalet.az header logo
  • Bakı 25°C
  • USD 1.7

Faiq QİSMƏTOĞLU: Beyin axını

FAİQ QİSMƏTOĞLU
240 | 2022-05-24 14:38

Savadlı və istedadlı adamlar harda olsa, gec-tez özlərinə yer tapa bilirlər. Amma görünən odur ki, bəzən bu savadlı və istedadlı adamlar bir çox bürokratik əngəllərlə, süründürməçiliklə üzləşirlər. Ən azından ona görə ki, müxtəlif səlahiyyətli şəxslərin bəziləri onları sıxışdırır, gözüm-çıxtıya salır və bu adamlar da ərizəsini yazıb ya işdən çıxır, ya da hansısa bir xarici ölkəyə üz tutur.

Ancaq bu o demək deyil ki, bu gün ölkəmizdə istedadlı və savadlı adamlara münbit şərait yaradılmayıb. Hətta dövlət qulluğuna, hüquq-mühafizə orqanlarına işə qəbul şəffaflıqla aparılır. Bu imtahanlardan yüksək nəticə əldə edən gənclər müxtəlif vəzifələrə qəbul edilirlər.

Gəlin onunla razılaşaq ki, Dövlət İmtahan Komissiyasının keçirdiyi dövlət qulluğu ilə bağlı bütün imtahanlar ədalətli və obyektivdir. Amma çox təəssüf ki, ayrı-ayrı qurumlar dövlət qulluğunda yüksək bal toplayanları müsabiqə yolu ilə seçəndə heç də hər şeyə ədalətli yanaşmırlar. Yəni burda bir çox halda dolayısı yollarla və kimlərinsə tapşırığından istifadə olunur.

Bir faktı da qeyd edək ki, bu cür neqativ halların mövcudluğu imtahan zamanı yüksək bal toplayan gənclərdə inamsızlıq və ümidsizlik hissləri yaradır. Başqa sözlə demiş olsaq, onların bir çoxu yüksək nəticə əldə etsə də kənarda qalır, amma bir başqası qısa zaman kəsiyində dövlət qulluğunda işə düzəlir.

Mənim tanıdığım bir gənc var. Əliyev Nurşən Rəhman oğlu. Neçə illərdir ki, dövlət qulluğuna keçməklə bağlı imtahan verib, yüksək də nəticə əldə edib. Amma onu indiyə kimi heç bir yerdə işə götürmürlər. Atası Rəhman Əvəz oğlu Əliyev deyir ki, dəfələrlə aidiyyatı qurumlarda olmuşuq, söz veriblər işə götürəcəklər, gözləmişik, gözləmişik bir nəticə hasil olmayıb. Və axırda da kor-peşiman geri dönmüşük. Sonda əlacım kəsilib dövlət başçısına müraciət etmişəm. Yəni bizim hörmətli prezidentimiz gənclərə ümid bəsləyir və onların işlə təmin olunmasına böyük önəm verir.

Mənim də oğlum bayaq dediyim kimi, çox yüksək nəticə əldə edib. Bilirsiz, məni narahat edən nədi?! Məni narahat edən savadlı və istedadlı gənclərə qarşı olan laqeydlik və ədalətsizlikdir. Çünki mən bunu konkret olaraq öz oğlumun timsalında görürəm. Savadı da var, istedadı da, tərbiyəsi də. Sadəcə olaraq işi yoxdur.  Oğlum da görürəm ki, çox narahatdır. Hər gün fikir-xəyal edir, çox həyəcanlı anlar yaşayır. Mən də ona təsəlli verib deyirəm ki, oğul, ürəyini sıxma, gec-tez haqq-ədalət öz yerini tapacaq. Bütün sənədlərini aidiyyatı qurumlara göndərmisən, yəqin orda da vicdanlı və insaflı adamlar var. Onlar baxıb görəcək sən layiqli kadrsan, vətənpərvər gəncsən, əvvəl-axır sənə iş verəcəklər, bir azca da döz. O da deyir ki, ata, neçə illərdi dözürəm, gözləyirəm. Axı belə də ədalətsizlik olmaz?!

Bəli, bir çox halda biz istedadlı və savadlı gənclərə qarşı çox ədalətsizlik edirik. Daha doğrusu, onların ürəyini, qəlbini sındırırıq. Və onları küsdürürük. Onlar da küsəndə tay burda qalmırlar, çıxıb gedirlər xarici ölkələrə. Bizdə bir çox halda belə ədalətsizliklər baş verəndə istedadlı uşaqların xaricə getməsi elə özü dövlətimizə və xalqımıza mənəvi bir zərbədir.

Biz onların ağlından, savadından istifadə edə bilmirik, xarici ölkələrdə isə onlarda çox asanlıqla istifadə olunur. Bu uşaqlar da beş il, on il xaricdə işləyəndən sonra yüksək əmək haqqı alır və bir də Vətənə qayıtmaq istəmirlər. Sadəcə olaraq biz yaxşı-yaxşı düşünməliyik, savadlı və gənc istedadların qədrini bilməliyik. Başqa sözlə demiş olsaq, xaricə gedən beyin axınlarının qarşısını almalıyıq.

Çünki onlar bu Vətənə, bu dövlətə daha çox gərəkdirlər. Gənc var ki, Vətəni müharibədə silaha sarılıb qoruyur, gənc də var ki, öz kəşfləri, yenilikləri və yaratdığı orijinal yeniliklərlə xalqa və millətə xidmət eləyir. Biz bu gənclərin qədrini bilməliyik. Gedənlər gedib, heç olmasa qalanları küsdürməməliyik. Nə vaxta qədər hansısa vəzifəli adamların savadsız övladları yüksək kresloda əyləşəcək və bu millətin və xalqın dərisini soyacaq?! Bizim millətə xalqını və millətini sevən istedadlı və savadlı gənclər lazımdır. Biz onları qorumalıyıq!

TƏQVİM / ARXİV