Əvvəlcədən onu deyim ki, barəsində yazmağa başladığım bu adamı şəxsən tanımamışdım. Sadəcə bir neçə dəfə uzaqdan-uzağa görmüşəm. Belə bir adam haqqında yazmaq isə bütün qarabağlıların sevimlisi, Qarabağda haqqı olan Vasif Quliyevin təşəbbüsü olub. Belə ki, bir neçə gün bundan öncə adətinə uyğun olaraq Vasif müəllim yenə telefonuma zəng çaldı. Hal-əhval tutandan sonra:
- Qapını bağla, düş yanıma, - dedi.
Təbii ki, Vasifin sözü də, haqqı da mənim üçün önəmli olduğundan dediyini etdim.
Düşdüm nəşriyyatın 3-cü mərtəbəsindəki "Şuşa" nəşriyyatına, yəni Vasif Quliyevin otağına. Görüşdük, onunla üzbəüz oturmuş həmsöhbətini mənə təqdim etdi:
- Vaqif müəllimi tanıyırsan?
Bu sualdan sonra diqqətlə baxdım və xatırladım ki, mən Vaqif müəllimlə bir neçə dəfə Şuşada qarşılaşmışam, özü də işğaldan öncə. Söhbətləşdik. Bir-iki kəlmədən sonra yaddaş bərpa olundu. Vaqif müəllim də məni xatırladığını söylədi və...
Vaqif Məhəmməd oğlu Əmrahov 1956-cı ildə Laçın rayonunun Fərcan kəndində anadan olub. Həyat elə gətirib ki, o, ömrünün böyük hissəsini Şuşada keçirib. Orta məktəbi də elə Şuşada bitirib. Bu şəhərin hər kəs üçün yaxşı tanınan 4 nömrəli məktəbində orta təhsilini başa vurub və həyata da vəsiqəni bu məktəbin məzunu kimi qazanıb. Yəni 1973-cü ildə Şuşa şəhərində fəaliyyət göstərən 92 nömrəli tikinti idarəsində fəhləliyə başlayıb. Sonra Sovet ordusunda xidmət edib, necə deyərlər, iki ilini başa vurduqdan sonra əvvəlki ünvana, yəni 92 nömrəli tikinti idarəsindəki fəhləliyinə qayıdıb.
Bunu ona görə xüsusi vurğulayıram ki, böyük bir ailənin övladı olan Vaqif 9 uşağın içində yaşca ən böyüyü idi. Ona görə də valideynlərinə kömək etmək, uşaqların böyüməsində yardımçı olmaq yükü onun da çiyninə düşmüşdü. O da bu yükü şərəflə daşıyırdı. Artıq dövrün öndə olan təşkilatlarından biri, yəni Komsomol təşkilatı onu diqqətə almışdı. Fəallığı, işgüzarlığı Komsomolun bütün tədbirlərində xatırlanır, qeyd olunurdu. Ona görə də Fəxri fərmanlar, mükafatlar, Moskvaya Komsomolun qurultayına nümayəndə və sairə onun ömür kitabına yazılırdı. Bu da əməyə könül verən Vaqifi daha da həvəsləndirirdi. Heç də təsadüfi deyil ki, artıq 21 yaşında onun Şuşada ikiotaqlı mənzili vardı. Şəhərin 1 May küçəsindəki 26 nömrəli binanın 3-cü mərtəbəsində olan mənzilində o, ailə qurmaq xoşbəxtliyini də yaşamışdı.
Vaqif müəllimin həyatının ən unudulmaz anı Ulu Öndərin Şuşaya gəlişi ilə bağlıydı. Belə ki, Molla Pənah Vaqifin məqbərəsinin açılışı ilə əlaqədar olaraq Şuşaya gələn Ulu Öndərimiz burada ictimaiyyətin nümayəndələri ilə görüşərkən bu cavan oğlan onun diqqətini çəkmişdi. Özünəməxsus şəkildə onu yanına çağıran Heydər Əliyev cənabları Vaqiflə söhbət əsnasında öyrənmişdi ki, Şuşanın bu gənc komsomolçusu tikintidə çalışır, əmək qabaqcılıdır. Məhz həmin məqamda da ölkə rəhbəri Vaqifin təhsili ilə maraqlanmışdı. Biləndə ki, Vaqif orta məktəbi bitirib əlini çiyninə qoyub demişdi:
- Cavan oğlan, komsomolçusan, qabaqcıl fəhləsən, amma bu bəs eləmir. Sən həm də ali təhsilli mütəxəssis olmalısan. Bizim cavanların hamısı təhsil almalıdır.
Bu sözlər Vaqifi ruhlandırmış və o vaxtkı İnşaat Mühəndisləri İnstitutuna daxil olmuşdu. İkinci dəfə Ulu Öndərlə görüşəndə isə artıq o, tələbə idi. Görünür, tale xoşbəxtliyi artıq onu tapmışdı. Belə ki, 1980-ci ildə Vaqif Əmrahov Azərbaycan SSR Ali Sovetinə deputat seçilmişdir. X çağırış Ali Sovetin deputatı olan Vaqif Əmrahovun Şuşa üçün, şuşalılar üçün gördüyü işlər o dövrün sakinlərinin hər birinin yadındadır. Məhz fəallığı, camaatın, el-obanın xeyir-duasını qazanmağı onun ikinci dəfə, yəni XI çağırışda da Ali Sovetin deputatı olmasına imkan verdi. Beləliklə, 10 il, yəni 1980-90-cı illərdə Vaqif Əmrahov şuşalıları Ali Sovetdə təmsil etdi. Bu günün özündə də keçmiş xatirələrini mənimlə bölüşən Vaqif Əmrahov bildirir ki, həyatda ən böyük arzusu Cıdır düzündə kanat yolu çəkmək olub. Lakin mənfur qonşularımız, Qarabağın erməni rəhbərliyi buna imkan verməyib. O, bu istəyini dəfələrlə respublikanın əlaqədar təşkilatları qarşısında qaldırsa da, o vaxtlar Dağlıq Qarabağ rəhbərliyi hər dəfə layihəni görməməzliyə vurublar…
Bəli, bu gün Mərdəkanda qaçqın kimi məskunlaşan, amma artıq azad Şuşanın xoşbəxtliyini yaşayan Vaqif Əmrahov heç nə üçün təəssüflənmir. Ona görə ki, Şuşa azad olub. Ona görə ki, Qarabağ bizimdir! Deməli, onun 3 övladı da, 6 nəvəsi də şuşalı günləri böyük xoşbəxtliklə yaşaya biləcəklər, özü də yeni doğulan Şuşanın.
Söhbətimizin sonunda Vaqif müəllim vurğuladı ki, mən həyatın bütün sərt üzünü görmüşəm. Kiçik yaşlarımdan əllərim qabarlı olub, heç vaxt heç kimin haqqına əl uzatmamışam. Bu gün də bircə istəyim var - Şuşanın işğalından bir az öncə dördotaqlı mənzil almışdım Haqverdiyev küçəsində, istəyim odur ki, yenidən həmin ünvanda həyatımın qalanını şuşalı kimi yaşayım.
... Hə, bütün həyatı alın təri olan, zəhmət olan və heç kimin qapısını heç vaxt döyməyən, çox cüzi təqaüdü ilə yaşayan Vaqif müəllimin gözəl arzusuna biz də xeyir-dua veririk:
- Şuşalı günlərin ürəyincə olsun, Vaqif müəllim!