adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

Ömür küləyi - Əbülfət MƏDƏTOĞLU yazır

ƏBÜLFƏT MƏDƏTOĞLU
374 | 2022-09-02 11:40

Ələkbər Salahzadə ilə məni qarşılaşdıran şeir

 

Biz bir Allah bəndəsi olaraq bəzən həyatımızın fərqinə varmırıq. Günün necə axşam olduğunu, səhərin necə açıldığını unuduruq. Və beləcə bir də baxıb görürük ki, gün də, həftə də, ay da ötüb keçib. İlin kürəyini yerə vurmuşuq. Bunun içərisində ömür də gedib. Xatirələr qalsa da, amma o xatirələrin özündə olan gün, ay, il əlimizdən çıxıb. Elə bil ki, bir külək əsib və alıb aparıb hər şeyi...

Bu mənada təkcə təbiətdə deyil, insan həyatında da küləklər əsir və bu əsən küləklərin xəzrisi də, gilavarı da, cənub küləyi də, səmt küləyi də... Bir sözlə, bütün küləklərin ən güclüsü, ən önəmlisi olan ömür küləyidi. O da ömrümüzdə... ömür bağımızda...ömür bağçamızda əsir. Ömür küləyi bir növü yarpaq tökümüdü. Əsdikcə bizdən günləri, ayları çırpıb alır. Bax, onda...

Masamın üstündəki unudulmaz şairimiz, şəxsiyyəti və sözü ilə həmişə fərqlənmiş Ələkbər Salahzadənin «Od odası» kitabıdır. Bu kitabı təsadüfdən əlimə almamışam...Kitab rəfimin önündə dayananda hiss etdim ki, «Bir şairin bir şeiri»ndə növbə gəlib ona çatıb, yəni Ələkbər Salahzadəyə. Açdım onun kitabını. Diqqətimi çəkən də «fraqmentlər» silsiləsindən «Külək oldum». Elə o külək də köklədi məni bu yazıya. Ələkbər Salahzadə yazmışdı ki:

 

Şığıdıqca qan-tər tökür –

dəbərdə o çarxı külək.

Yorğun-arğın düşüb qalır

baş ağrıdan qırğı külək.

 

Mən həmişə tanışlığımızı, şəxsi münasibətimizi fəxrlə xatırladığım Ələkbər müəllimin bu ovqatında özümü də gördüm, özüm də qoşuldum ruhən ona, Bakı küçələrini gəzib-dolaşdım. Üz-gözümə toxunan küləyin əlindən qurtulmaq istəmədim. Çünki o, özü axırda yorulacaq, əldən, dildən düşəcəkdi. Ona görə də çırpır özünü hara, kimə gəldi. Mən də onun bu şıltaqlığında başqa bir nöqtəni, başqa bir çaları tapdım. Həmin nöqtə isə ruhumun sarı simini dilə gətirdi və yadıma sənin baxışlarının küləyi düşdü, xatırladım onu:

 

Baxışının küləyi

Ümid yarpağın tökür...

Bu üzülən ürəyin –

İlmələrini sökür...

 

Xatirələr müəyyən mənada həm də bir bütövlükdü, onun ip ucunu tapanda başlayır çözülməyə. Çözüldükcə də sanki kələf uzanır və hardasa bir cəhrə daraq da gəlib düşür yada. O yumaq kələfi özü də xatirədi bütün mənalarda. Xüsusilə ruhla, ürəklə bir olan sevgi anlamında da. Odur ki, küləyin bir top kimi diyirlədiyi, yumaladığı və o topun, o yumağın da küçə boyu, yol uzunu diyirlənib getməsi, çözümü pıçıltıdı, sözdü şair ürəyində, şair düşüncəsində. Həmin sözü də Ələkbər müəllim qələmə alıb və yazıb:

 

Boşla görək bu çax-çaxı,

o vaxtın o çarxı gərək –

cırıldadıb o cəhrəni

əyirə o çağı, külək!

 

Mən də çox istərdim ki, bu xatirələr başdan başlasın. O yumaqlar yenidən əyrilsin, yenidən kələflənsin, didilsin. Bir sözlə, ilkinliyinə, ilk nöqtəsinə qayıtsın. Çünki başlanğıc tərəddüdlü olduğundan onu qətiləşdirmək, onu əlində, ovcunda möhkəm saxlamaq bir müddət çətin olur. Baxmayaraq ki, bütün başlanğıclar hardasa, nədəsə mütləq bir boşluğu da özü ilə ortalığa çıxarır və deməli bu da sonucda yaşandı qayğıya, ağrıya, bəzən də düzəlməyən bir sıxıntıya gətirib çıxarır. Bax, onda:

 

Demirəm, kəndir sala

Açılmadı bir falla...

Məni gördüyün halla –

Barış, içində hönkür...

 

Son arzu, son nəfəs də

Çırpınır dar qəfəsdə!

Əbülfət adlı kəs də

Bax, dəvə kimi çökür!..

 

Yəqin ki, fərqinə vardınız. Hiss etdiniz ki, söhbət daxilən üzülməkdən, hardasa ağrılara diz çökməkdən gedir. Elə ağrılardır ki, onlar ilahi ağrılardır, müalicəsi də, dərmanı da, təbibi də sevgidi, diqqətdi. Təəssüf ki, biz bunu həmişə ya unuduruq, ya da görmürük. Ona görə də həyatımızın burulğanı, hətta xaosu qaçılmaz olur. O ana qədər ki, biz artıq ağrının nədənini, səbəbini dərk edirik. Gec olsa da, hər halda bizə həyat dərsidir. Bu mənada Ələkbər müəllim bu dəli küləyinin, əslində isə bu ömür küləyinin yenidən əsməsini, yenidən öz işini görməsini istəyir. Bu məntiqi bir qərardı, məntiqi bir istəkdi:

 

Bir də dolanıb gələrmi

bu çarxın o çağı, külək?

Ötüb vaxtı, yatıb baxtı,

Dönməyəydi çarxı gərək!

 

Bütün hallarda bizim ömür çarxımızın küləkdən asılı olmasını istəməzdim. Onun öz axarı ilə, öz surəti ilə fırlanması, zənnimcə daha gözəldir. Və bunun içərisində bir az rahatlıq, bir az qayğısızlıq var. Təəssüf ki, mənim istəyim sadəcə olaraq istəkdi. Onun gerçəkləşməsi də yalnız Allahın iradəsindən asılıdı. Sevgini verən Allahdı, birmənalı şəkildə o rahatsızlığı sevginin alın yazısı edibdi. Yəni rahat sevgi anlayışı yoxdu! Sevgi varsa, onun nazı da, qayğısı da, yuxusuz gecəsi də, həsrəti də, bir sözlə, bütün çalarları mövcuddur və yaşanmalıdır. Bax, buna görə də mən təkcə arzu yox, həm də bir daxili ərk ilə səndən istəyimi şeirləşdirirəm. Onu yaşamaq və ona qovuşmaq istəyirəm:

 

Döy qapımı hər səhər

Dua boxçan sinəndə...

Danış, hətta birtəhər,

Hər ürəyin dinəndə –

Məndən!

Hə, ömür küləyinin diktəsi məni unudulmaz Ələkbər Salahzadə ilə qarşı-qarşıya gətirdi, görüşdürdü. Və mən də onu xatırlaya-xatırlaya bu küləyi hər ikimizin şeir dəftərinə necə əl uzatdığını, misraların necə qarşılaşdırdığını yaşadım. Məkanı cənnət olan Ələkbər Salahzadənin şeiri ilə öz şeirimi ömür küləyinə bir hədiyyə kimi kağıza köçürtdüm.

TƏQVİM / ARXİV