Qələmin ucundakı mürəkkəb - İradə TUNCAY yazır

İRADƏ TUNCAY
36787 | 2022-12-13 00:32

O, təntənəli məclisləri sevərdi. Və bu məclisləri də çox yüksək səviyyədə təşkil etməyi bacarırdı. Sənəti, ədəbiyyatı bütün incəliklərinə qədər dərk edərdi. Görünür, xalqın içindən çıxmış olması, doğma dilin bütün laylarını dərindən bilməsi ona xalqa, xalqın ruhuna necə xitab edəcəyinə də yardımçı olurdu. Onun fenomen olduğunu kim inkar edə bilər? Yorğunluğunu da, gərginliyini də şer, sənət məclislərində unudurdu. Başqaları üçün təntənə yaratsa da, əvvəlki illəri deyə bilmərəm, son illərdə öz yubileyləri özünün iştirakı olmadan qeyd olundu. 65 illiyi Moskvada - xəstə, demək olar ki, ev dustağı. 70 illiyi Naxçıvanda - ölkənin durumu gərgin, parçalanma təhlükəsi var. 75 illiyi yenə xəstəlik və əməliyyat, 80 illiyi də məlum. Qəribə qismətdi, təntənə yaradan şəxsin qisməti. Ancaq yəqin ki, o, iştirakçısı və təşkilatçısı olduğu hər bir məclisin həm də onun şəxsən özünə aid olduğuna ürəkdən inanırdı. Sənət naminə imzaladığı hər bir fərmanda qələminin ucundakı mürəkkəbin ölkənin həyatında silinməz izlər buraxacağını da bilirdi. Qələmin ucundakı mürəkkəb... Qələm hökm verənin əlində olanda mürəkkəbin anlamı başqa olur.




Naxçıvan həm geoloqlar, həm də tarixçilər üçün bir muzeydi. Bu muzeyə yaxşı bələd olan alimin belə bir söz deməyə haqqı var - planetimizin yaşını öyrənmək istəyirsinizsə, Naxçıvana gəlin... Onda arxeoloqlar da çox söz deyə biləcək. Onlar da bu geoloji qədimlikdə qədim mədəniyyətin izlərini gəzəcək. İctimai-siyasi şərait burda qədimdən elm və mədəniyyətin inkişafına imkan yaradıb. Buranın sərt iqlimi, daşın, qayanın çoxluğu, münbit torpağın azlığı insanı axtarışa səsləyib. Bu yerin iqlim təzadı, coğrafi təzadı əsrlərlə Naxçıvanın həyatında da öz əksini tapıb - dərin uçurumlarla dolu feodal şərq dünyası, şüurlu fəaliyyəti azdıran zülmət mühit... Ancaq bununla belə bu mühitin qanunlarına sığmayan "vulkanik" proseslər, insanı işığa, böyük əməllərə səsləyən yeni fikir , yeni söz, yeni elmi axtarışlar... Və bu vulkanik proseslər zaman-zaman hər kəsdən seçilən şəxsləri yaradıb. Hər halda təbiətdə baş verən hadisələrlə cəmiyyətdəki hadisələrin birbaşa bağlılığı var. Cəmiyyətdə bir boşluq, bir aclıq yaranırsa, təbiət bu boşluğu doldurur, bu aclığı doydurur...


Bu danılmazdır ki, insan doğulub boya-başa çatdığı torpağın iqliminə bənzəyir. İqlim insanın xarakterinə, xarici görkəminə birbaşa təsir edir. Eləcə də tarix - yaşadığın torpağın tarixi və bu tarixi yaradan insanlar sənin bu gününü, sabahını müəyyənləşdirir. Genetik yaddaşında taxt-tac sahibləri, fatehlər varsa, demək nə vaxtsa yenidən sənin də günün, saatın gələcək. Həmin saatın, günün axtarışıyla tale səni ağır illərdən keçirəcək və birinci olmaq istəyi səni elə bir yola salacaq ki, nəsibin yeni cığırları tapmaq olacaq.

Onun xarakterindəki bütün qabarıq cizgilər bu torpağın, bu dağların, bu çayların cizgilərinə bənzəyir. Qəzəbi yandırıcı günəşin, mərhəməti, sevgisi ilıq yaz yağmurunun istisinə bənzəyir. Hər zaman hər yerdə birinci olmaq, kimsəyə tabe olmamaq istəyi. Diqqət cəlb eləmək bacarığı, hətta şöhrəti bölüşməmək istəyi elə Naxçıvanın təbiətinə bənzəyir.

34 il... 34 il bir məmləkətə rəhbər olmaq. Və təbii ki, bəxtinə bu illər ərzində qurmaq, yaratmaq, taleyi üçün məsuliyyət daşıdığın adamları yönləndirmək, ölkənin adının tanınması da yazılır. Onun haqqında çox yazılıb, çox deyilib. Haqqı olan da, olmayan da danışıb. Nəyin naminəsə deyilən sözlər də olub, ürəkdən gələn sözlər də. Oğlundan pay umanlar da çox olub, amma bu məmləkətdə onun mənəvi oğullarının da sayı çoxdur.

Mənə görə, onu lap yaxından tanıyan adamlar da xarakterini, onun cazibəsini izah edə bilməyiblər. Yazıblar, amma ümumi sözlər yazıblar. Deyiblər, amma kanonlardan çıxa bilməyiblər. Bizdən biri olan, xalq içindən çıxan, amma bizdən neçə boy yuxarıda duran bu şəxsin müəmmasını aça bilməyiblər. Amma o, hər kəsi çox yaxşı tanıyırdı...



Məni hər zaman heyrətləndirən bir məqam var. Dünyanı lərzəyə gətirən, silkələyən sərkərdələrin, hökmdarların - dünyaya sığmayan insanların sonda kiçik bir tabuta, dar məzara necə sığmasını anlaya bilmirəm. Bu qədər enerjini torpağın altında necə gizlətmək olar? Bu qüvvə torpağın altından qala bilməz - qalsaydı Yuli Sezarın, Makedoniyalı İsgəndərin, Əmir Teymurun məzarları atom reaktoru qədər güclü enerji mənbəyi olardı. Təbiətdə enerjinin itməməsi qanunu var, enerji bir şəkildən başqa bir şəklə keçir. Nə olduğunu bilmədiyimiz ruh da yəqin enerjinin şəkil dəyişməsidir. Zaman-zaman tarixin istiqamətini, axarını dəyişən insanların ruhu ayrı-ayrı seçilmiş fərdlərdə təzahür edir. Onlar hökm verirlər, Yaradanın hökmü ilə. Və hökm verənlərin tarixdəki izini tarixə köçürəndə onların əməllərinə yaşadıqları dövrün və məkanın kontekstində qiymət vermək lazım gəlir. Mənsub olduqları xalqın mədəniyyətinə, sənətkarlarına qiymət verə bilən hökm sahiblərinin tarixdə yeri bir ayrıdır. Saraya elm adamlarını, şairləri, sənətkarları yığıb onlara hamilik edən və bununla fəxr edən hökmdarlar da olub, onları zindanlarda çürüdən despotlar da. Hakimə fəxriyyə oxuyan sənətkarlar da çox olub, asi olub dərisi soyulanı da. Bunlar olub, tarix xatırlayır...

Mən isə yaxın tarixi xatırlayacam. Yenə Hökm Sahibini və Şairi. Onun hökmlərinin həmin Şairin taleyində xüsusi yeri olub. Kiminsə canfəşanlığı ilə, kiminsə günahını Şairin üstünə yıxıblar. Həmin Şair gözə soxulmağı bacarmırdı, yüksək kürsülərdən məddahlıq eləməyi də. Və ölkənin birinci şəxsinin onu tanımaması çox təbii idi. Əslində bu Şair haqqında fərmanı öz "dırnaqarası" yazıçı dostları hazırlayıb birinciyə qol çəkdirmişdilər. 37-ci ildə də Caviddən, Müşviqdən donos yazanlar elə onların həmkarları idi. Kimin istedadı varsa onu məhv eləmək lazımdır. Donos yazanların adını demirlər, ancaq Bağırovu günahlandırırlar. Yaradıcı adamların mələk simalarına baxıb aldanmayın - çoxu iblis xislətlidir.

Sonra başqa bir hadisə oldu. 80-ci illərin lap əvvəllərində Azərbaycanın Dövlət Mükafatına həmin Şairi də təqdim eləmişdilər - başqa biri, qılıncının dalı-qabağı kəsən biri - yüksək kürsülərdə qışqırmağı bacaran biri mükafatı qapıb aldı. Birinci şəxsin imzası ilə. Qələmin ucundakı mürəkkəbin hökmü... Birinci neyləsin - gözünün qabağında o tərəf-bu tərəfə qaçıb əl çalanlar həmişə eyni sifətlər idi...

Sonra Birincinin həyatında enmələr başlayanda elə ilk üz döndərənlər həmin o əl çalanlar oldu. Hələ şer də yazdılar - "Əlim, bağışla məni, əl çalmışam. Dilim, bağışla məni, şüar demişəm". Şer əzbər yadımda deyil, təxmini məzmununu deyirəm. Zamana aldanan yazıqlar... Görünür, Yaradan bu dövrü Ona sınaq göndərmişdi - yaxşını, pisi xəlbirdən keçirmək üçün, üzüdönükləri tanımaq üçün. Hər zaman başına sığal çəkdiyi, vəzifə verdiyi sənət adamları nəinki öz borclarını qaytarmaq istədilər, hətta üzünə də ağ oldular. Bu adamlar onun hakimiyyəti dövründə bütün imtiyazlardan bəhrələnmişdilər. Ancaq Allah Ona səbr də vermişdi, möhlət də. Qayıtdı... Həmin o vaxt qəlbində öz adamları vardı - kiminsə Ona yapışdırdığı yox, məhz özünün sınağından keçmiş. Həmin vaxt - özünün dönüşü zamanı hamıya xatırlatdı ki, lap yanınızda bir Şair var, fiziki cəhətdən zəif, gücsüz. Hər zaman, hər yerdə diqqət göstərdi. Hər hərəkəti ilə dedi ki, mən bu Şairi sevirəm. Bizim məmurların belə bir şakəri var axı, hər şey üçün Birincinin üzünə baxırlar. O da bunları bildiyindən hər vəchlə Şairə arxa durdu. Lap qələbəlik məclislərdə min adamın içində gözü onu seçirdi. Dayanırdı, kefini xəbər alırdı. Xüsusi olaraq vaxt ayırıb ayrıca qəbul edirdi. Şərəfinə təntənəli məclislər keçirirdi, müalicəsi üçün vəsait ayırırdı. Bu Şair başqaları kimi hardasa onun qabağını kəsib heç nə istəmirdi. Birinci bilirdi ki, Şairin nə xarakteri, nə də fiziki gücü ona tərifnamə oxumağa, şerlər söyləməyə imkan verməyəcək. Birinci bilirdi ki, şairlərin kövrək qəlbi diqqətə, qayğıya möhtacdır.

1995-ci ildə Dövlət Televiziyası ilə yayımlanan bir görüşü də xatırlayacam. Bəlkə çoxları unudublar, amma mən bütün təfərrüatı ilə xatırlayıram. Birinci o vaxt Şairə dedi ki, "Sən Azərbaycanın istiqlalına bizdən çox xidmət eləmisən". Və bir də dedi ki... "Olan olub, keçən keçib". (Həmin videolent Dövlət Televiziyasının arxivində də, bizim ailə arxivimizdə də qalır, şübhə eləyənlərə göstərə bilərəm). Bu, olub-keçənlərə incə bir işarə idi. İndi hər ikisi haqq dünyasında olan bu şəxsləri xatırlayanda fikirləşirəm ki, 90-cı illərin ağır, dolaşıq zamanında Şairi Allahdan aşağı, həm də Birincinin diqqət və qayğısı yaşatdı. Kimsənin adından danışmaq niyyətim yoxdu, öz gördüklərimi deyirəm.


O, böyük, təntənəli məclisləri sevərdi və bu məclislər onun göstərişi ilə çox yüksək səviyyədə təşkil olunardı. İndi kimsə deyəndə ki, o şer gecələri də, o yubileylər də sovet dönəminin qalıqları idi və bu gün ehtiyac yoxdu həmin məclislərə - böyük səhv edir. Hər xalqın ruhunun kökləndiyi bir sim var. Həmin məclislər də əslində milli birliyə bir çağırış idi. Xalqın qeydsiz-şərtsiz inandığı həqiqətlər var və yenidən onlara qayıtmaq lazımdı. Bu gün sağdan-soldan təzyiq altında qaldığımız bir zamanda həmin simləri tərpətmək vaxtı gəlməyibmi? Biz öz köklərimizin üstündə qüvvətliyik.


 2003-cü ilin ilk aylarında o zaman mədəniyyət naziri olan Polad Bülbüloğlu mənə telefon açdı və atamın 70 illiyi ilə bağlı bəzi söhbətlər eləmək üçün nazirliyə dəvət etdi. Görüşdük, nazir dedi ki, Birinci ona bu barədə göstəriş verib və deyib ki, Şair necə istəyirsə elə də edin. Qismət olmadı...

Həmin ilin sentyabrında atamı yuyundurub, paltarlarını dəyişmək üçün dolabı açanda asılqandan təptəzə, hətta etiketləri üstündə qalmış iki kostyumun asıldığını gördüm:

- Bunları niyə geymirsən?- deyə soruşdum.

- Yubileyimə geyinərəm- dedi.

Üzünə baxdım, amma demədim ki, seçki ilidi. Kimdi Şairi yada salan? Elə bil fikirlərimi oxudu:

- Qayıdacaq da... - dedi.


2003-cü ilin dekabrında Birincinin vəfatından sonra mən efirdə atamın əvəzinə bəzi xatırlatmalar etdim. Və bir ifadə işlətdim. Dedim ki, "Heydər Əliyev ətrafında fırlananların, ondan nə isə istəyənlərin kim olduğunu dəqiq bilirdi. Kimin insan, kimin həşərat olduğunu da". Adını çəkməyəcəm, haqq dünyasındadı, bir Xalq şairi çox qəzəblənib dalımca deyinib-danışmışdı, hətta həyat yoldaşıma da şikayət eləmişdi ki, İradə bizə həşərat deyib. Soruşanda ki, "sənin adını çəkib həşərat deyib?" Deyirdi ki, "yox, amma bizi deyib də". Nə qədər xofluymuşlar. Əgər onu bu ifadə özündən belə çıxarmışdısa, deməli, dediklərim hədəfə çatıbmış. Dava ilə özünə bütün titulları da almışdı, dava ilə yubiley də keçirmişdilər ona. Amma titullar adamı daha istedadlı, daha sevilən eləmir ki? Daha da şair eləmir ki?


Ancaq dəxli yoxdu, kimə aid olursa-olsun, millətin intibahı üçün yenidən sarı simə vurmağın vaxtı gəlib. Milləti bir əsrdən o biri əsrə daşıyacaq insanlara qayıtmağın vaxtı gəlib. Və mən böyük-böyük məclislərin iclaslarında sənət adamlarına ayrılacaq qəpik-quruşun davasını döyənlərə baxa-baxa fikirləşirdim ki...



Səndən sonra

Görüşlərin hərarəti sənsizləşib,

Kürsülərin cəsarəti sənsizləşib,

Ağsaqqallar səxavəti sənsizləşib...
 

 

                                                                                                                                

 05-09-2008

 

TƏQVİM / ARXİV