Sən məni düşünürsənmi? - Əbülfət Mədətoğlu yazır

ƏBÜLFƏT MƏDƏTOĞLU
179 | 2025-01-27 10:42

  MƏN SƏNİ  DÜŞÜNDÜYÜM KİMİ....

Bilmirəm, hardan gəldi ağlıma bu sual? Amma düzünü desəm, həmişə düşündürüb məni.  Həm də təkcə cavab almaq üçün yox, sadəcə bir insan olaraq, bir qarşı tərəf olaraq sənin də təkcə məni yox, ümumiyyətlə, yaşadığım  həyatı, keçirtdiyim hissləri, arzularımı, yuxularımı düşünmüsənmi, ağlından  keçirmisənmi? Axı normalda insan nəyisə düşünərək, arzulayaraq və yaxud da ehtiyac duyaraq gerçəkləşdirməyə, reallaşdırmağa çalışır. Məsələn, mən tanıdığım adamların timsalında bilirəm ki, hansısa bir maddiyyatı əldə etmək üçün ikiqat, üçqat işləyirlər, yeni ideyalar ortaya qoyurlar. Necə deyərlər, yuxularına haram qatırlar. Ta o vaxta qədər ki, istədikləri, arzuladıqları villaya, maşina, mülkə sahib olurlar. Yəni bu onların istəklərinin bəhrəsidi. Hansı yolla əldə etmələrindən asılı olmayaraq apardıqları mücadilənin onlara bəxş etdiyi bəhrədi…

Və yaxud başqa kimsə elmin, mədəniyyətin hansısa bir nöqtəsinə çatmaq üçün arxivlərdə, kitabların arasında gözünün nurunu, sağlamlığını xərcləyir. Elə ki, bir pillə irəliləyir, bir addım qabağa keçir, onun sevincini, uğurunu ictimailəşdirmək üçün dili söz tapmayanda gözlərindən yağan o şəfqəti, hətta əlinin, dodaqlarının titrəyişi belə göstərir ki, bu insanın halal haqqı ona necə də yaraşır, onu necə də qürrələndirir. Deməli, layiq olduğuna, qovuşmaq istədiyinə gəlib çatan bu elm və  yaxud mədəniyyət adamı sərf etdiyi zamandan, enerjidən cavab olaraq Allahdan töhfəsini alıb. Və …

 

Gözüm gəzir, ruhum çəkir şəkilin

Hər anımda o, olsa da yanımda!..

Bu qadını - Allahın Eşq vəklini -

Qoruyuram ürəyimdə, qanımda!

 

Şirinliyi çoxalanda nağlımın -

Arada bir sapı qaçır ağlımın!..

Əvvəlini unutmadan axrımın -

Məcnunluğu yaşadıram qanımda!..

 

Həyatımın hər naxışı, hər halı

Onda tapıb çox cavabsız sualı!

Olmayacam heç vaxt başı bəlalı -

Nə qədər ki, eşq var mənim canımda!

 

Söz çəmənin çiçək sevir, gül öpür

Bu çəməndə onun adın dil öpür!..

Əbülfəti qucaqlayıb il, öpür -

Yaşatdıqca həsrəti hər anımda!

 

Yuxarıda xatırlatdığım məqamlar heç də fikrimi birbaşa deməyə gücümün çatmadığını, yetmədiyini gizlətmək üçün deyil, əksinə mən həmin o nüanslarla sənin qarşında bir mənzərə açıram, bir mənzərə yaradıram. İstəyirəm ki, sən də bu dediklərimi düşünüb düşünmədiyini, yaşayıb yaşamadığını özün üçün daxilən vərəqləyəsən,  dəqiqləşdirəsən. Bax, onda mənim sənə ünvanlanan sualımın əsl mahiyyətinə gəlib çatacaqsan. Biləcəksən ki, mən səndən nəyi soruşuram, nəyin cavabını bilmək istəyirəm. Axı yaşadığımız və bizə aid olan zaman kəsiyində sənsiz bir anım olmayıb. Səni düşünmədiyim, səni aparmadığım vaxt və yer mənim üçün yoxdur. Hardayamsa yanımdasan, hara gedirəmsə mənimləsən, nəyi edirəmsə şahidisən. Bir az da fikrimi çılpaqlasam, hətta nəyi yeyirəmsə, dadını sən müəyyən edirsən. Çünki sənin sevdiklərini, sənin arzuladıqlarını özəl menyuma daxil etmişəm. Axı biz onu birlikdə seçmişik, birlikdə bəyənmişik. İndi isə…

 

 

Gecəni tələsmədən

Çıxarıram əynimdən ...

Bu vaxt buz tək ərimək -

Gəlib keçir eynimdən...

 

Düşüncələr dağılmış

muncuq kimi közərir...

Qələmimin ucuna -

şeh ətirli söz gəlir...

 

Tənhalığın zəhimi

Gözümdən nuru alır...

Ürəyiminsə fəhmi -

yoluma işıq salır...

 

Daralan nəfəsimi

sükut əsir götürür...

Tanrımasa səsimi -

Həmin Qadın ötürür!..

 

Bu xoşbəxtlik ölümün -

ölümünə ağlayıb...

Qadın, sevgin könlümün -

Özün, diri saxlayıb!..

 

Bax, hər şeyin birlikdə olduğu, hər şeyin sənin istəyinə uyğunlaşdığını bildiyin halda onda niyə demirsən ki, mən səni düşündüyüm qədər, sən də məni düşünürsənmi? Sən mənim yanımda, anımda olduğu kimi, mən də sənin yanında, anında varammı? Ümumiyyətlə, bizim olan xatirələrdən sən məni çıxartmamısan ki? Bax bu sualın cavabını istəyirəm səndən? Deyə bilərsənmi ki: - Xatirələrimizdən məni silmisən, yoxsa…

Qoşub məni karvana yol, köçə yol

Düyün düşüb bəbəyimdə neçə , yol...

Gözü bağlı yol ölçürəm, gecə, yol -

Mən hələ ki, solu tutub, gedirəm...

 

Tanıdığım ilk naxışdı ağ,qara

Ləpir salır ayaqlarım ağ qara!

Könül verən kimdi , mən tək ağlara -

Mən həmən o, yolu tutub, gedirəm!

 

Dünya düşüb. damcı kimi gözümdən

Ona görə qəlbim qırış, gözüm nəm!..

Sevənimi küsdürmüşəm özümdən -

"Ah" yükümü dolu tutub, gedirəm!..

 

Dağı aşmaq həm çətindi, həm asan

Əbülfətə əl çatmayan səmasan"

Ürəyimi elə qoydun dəmə sən -

Hələ də o, yolu tutub, gedirəm!

 

Düşünməyin ki, bütün bu yazdıqlarım daşa, divara, göyə, yerə ünvanlanan və cavabı olmayan fikirlərdi, sözlərdi. Xeyr, mən var olana inandığım kimi, varlığımda olanı da o inamla, o inacla yaşayıram, yaşadıram. Sona qədər də belə olacaq. O ana qədər ki, sən də məni mən səni düşündüyüm qədər düşündüyünü etiraf edəsən, ya da düşünmədiyini söyləyəsən…Və  bir  daha  biləsən ki:

 

Xəlbirində un ələmək nədirsə

Ələyində su daşımaq odu, o!..

Baxışları qara bulud gətirsə -

Kipriyiylə isladacaq odu o ...

 

Çox məna var hətta adi sözün də,

Gizlətsə də pak sevgini özündə!

Kövrələndə çeşmələrin gözündə -

Artıran , gah azaldandı yodu , O!..

 

Mən içimdə çox ağlayıb , gülürəm

Küsəndə də, öz üstümə gəlirəm!.

Lap ovcumun içi kimi bilirəm -

Allah ilə söhbətimin kodu, O!..

TƏQVİM / ARXİV