
Bəzən deyirlər ki, etibarsız dünyada yaşayırıq və hətta bunun üçün dəlil, sübut da tökürlər ortalığa. Fələyi də, dövranı da qınayırlar, ittiham edirlər. Bütün bunlar anlaşılandır. Çünki insanlar görə-görə, yaşaya-yaşaya bu nəticəyə gəliblər. Ataların təbirincə desək, «başına gələn başmaqçı olur».
Bəli, mənim onunla elə də sıx təmasım olmayıb. Sadəcə dəfələrlə məclislərdə qarşılaşmışıq. Özü də daha çox ədəbiyyatla, musiqi ilə bağlı məclislərdə və bir də aradabir telefon söhbətlərimiz olub. Tam səmimiyyətlə deyirəm :
- Bir süfrədə nə çörək kəsmişik, nə də çay içmişik. Sadəcə mənim onun duyumuna, ədəbiyyata, musiqiyə və bir də bu sahənin adamlarına göstərdiyi diqqətə bir heyranlığım olub. Mətbuatda barəsində hər cür yazılara rast gəlmişəm. O yazılar da dediyim özəlliyi heç vaxt kölgəliyə bilməyib. Çünki göz şahidliyi buna imkan verməyib. Üstəlik mənim «Ədalət» qəzetində, eləcə də digər mətbu orqanlarıda işıq üzü görən yazılarımla bağlı həmişə münasibət bildirib. Özü də ütüsüz münasibət. Yəni özünün təbirincə desək, gördüyü, duyduğu kimi sözünü deyibdir.
Bax, bütün bunlara görə o dünyasını dəyişəndə təəssüflənənlərdən biri də mən oldum. Həmin vaxt ancaq mərasimdə iştirak edib, bir də «Ədalət» qəzetində başsağlığı yazmağı bacardım. İçimdə isə ona sağlığında demədiyim bir fikir, bir söz gəzişməkdə idi. Elə bil ki, onu iş dünyamda kimsə tutub saxlamışdı, işıqlı dünyaya çıxmağa imkan vermirdi. Günlərin birində isə bu imkan öz-özünə yarandı. Səbəbi də yenə onun özü oldu, daha doğrusu sözü…
Yaxın günlərin söhbətidi. Dostlardan birinin iş otağında oturub söhbət edirdik. O nə iləsə əlaqədar otağı tərk etdi və mən də darıxmamaq üçün onun kitab rəfinin önünə gəldim. Və burada gözüm onun kitabına sataşdı. İcazəsiz-filansız kitabı götürdüm. Elə oradaca vərəqlədim. Və yazı-pozuya o qədər də bağlılığı olmayan dostumdan bu kitabı özümlə götürmək istəyimə icazə verməsini rica etdim. Sözümü yerə salmadı…
İndi həmin kitabla baş-başa qalmışam. Kitaba ön sözü şairə Fəridə Ləman yazıbdır. Kitabın müəllifi də Tağı Sadiqdir. Azərbaycanda çoxları onu Bakı Metropolitenin rəisi Tağı Əhmədov kimi tanıyıb. Amma söz adamları, musiqiçilər isə onu incə ruhlu, nəğməkar şair kimi də yaddaşlarına qeyd ediblər. Respublikanın xalq artisti Mələkxanım Əyyubova və digər neçə-neçə tanınmış ifaçılarımız onun sözlərinə bəstələnmiş mahnıları həmişə böyük şövqlə ifa ediblər və edirlər. Mən də o mahnılardakı sadə, amma ruh oxşayan ritmi, ahəngi, eləcə də gənclik ovqatlı misraları həmişə maraqla dinləmişəm. Hətta inanın ki, mahnının sözlərinin müəllifinin adı deyilməyəndə hansısa bir daxili instinklə onun məhz Tağı Sadiqə aid olduğunu hiss etmişəm. Elə indi oxuduğum kitabdakı şeirlər də mənim instinktimdə yanılmadığıma bir sübutdur. Çünki kitabdakı şeirlər eyni ruhun və həyata həmin o ruhun nəzərləri ilə baxan, yanaşan bir ürəyin barı, bəhəridir. Lap sadə şəkildə desəm, sanki bu şeirlərin hamısı eyni qələmlə, eyni gündə, eyni saatda, eyni əllə, eyni ürəyin pıçıltıları kimi kağıza köçürülübdür. Həmin kağız üzərində olanları oxuyanda əvvəldə vurğuladığım gənclik eşqi dərhal boy göstərir. Sanki deyir ki, baxın, mən burdayam:
Sənsizlik bilirsən necə çətindir,
Ürəyin nigaran qalmasın, gülüm.
Mənli olmaq sənin səadətindir,
Qaynasın bulaqlar, donmasın, gülüm.
Həyatın enişi, yoxuşu da var,
Hara getsən məni özünlə apar.
Sevənlər bir yerdə səadət tapar,
Sevən qəlblər heç vaxt solmasın, gülüm.
Boyu çinar kimi, sinəsi mərmər,
Sinədə bir cüt nar, o da təzə-tər.
Belin üzük kimi, görünmür kəmər,
Üstünü qocalıq almasın, gülüm.
Sadiqin həyatı sənə bağlıdır,
Çox əzab çəkibdir, sinədağlıdır.
Onu valeh edən sənli ağlıdır,
Sənsiz bircə günü olmasın, gülüm.
Yəqin ki, şeiri oxudunuz və bu misraların müəllifini gözünüzün önünə gətirəndə bəlkə də bu şeiri həmin insanın görünüşü ilə nə qədər ziddiyyət təşkil etdiyini düşündünüz. Əslində isə Allah hər kəsin içində sevginin, xeyirxahlığın, lap böyük anlamda insanlığın cücərtilərini yaşadır. Sadəcə o cücərtiləri böyütmək, pöhrələndirmək isə şəxslərin özlərindən daha çox asılı olur. Mən də tanıdığım Tağı Sadiqin həmin ruhun sahibi olduğuna birmənalı şəkildə əminəm və etdiyimiz söhbətlərdə onun ədəbi camiənin bəzən çözmədiyi, bəzən əhəmiyyət vermədiyi mövzuları da, yazıları da, özünəməxsus şəkildə necə incələdiyini bu gün da xatırlayıram. Hələ o vaxtlar özünə deməsəm də, düşünürdüm ki, Tağı Əhmədov əgər Tağı Sadiq olmasaydı, bəlkə də o məmur kimi daha sərt olardı. Görünür, uca yaradan onu Tağı Sadiq etməklə hardasa məmurluğu bir az yumşaldıb. Poeziya və musiqi onu sözün böyük mənasında insanlıqdan uzaqlaşmağa və yaxud insanlığı ucuzlaşdırmağa imkan verməyibdir. İnanmırsınızsa, bu şeiri də oxuyun. Görün bu misraların müəllifi nə qədər duyğusal, nə qədər həlim və həssas imiş:
Qara gözlər, xumar baxış süzülü,
Sədəf dişlər incə kimi düzülü.
Dərib iyləsəydim bu incə gülü…
Can alırdı bu ceyranın gözləri,
Can alırdı gözəlimin sözləri.
Oğrun-oğrun, ahəstəcə baxırdı,
Gözlər süzgünləşib hərdən axırdı.
Sinəmi yandırıb, yaman yaxırdı,
Can alırdı bu ceyranın gözləri,
Can alırdı gözəlimin sözləri.
Köynək qabarmışdı altda bir cüt nar,
Qəsdən geyinmişdi köynəyini dar.
Baxıb kövrəlirdim edirdim qübar,
Can alırdı bu ceyranın gözləri,
Can alırdı gözəlimin sözləri.
Busəsi şirindi sözləri kimi,
Gözləri ceyranın gözləri kimi.
Burda gözəl yoxdu bu pəri kimi,
Can alırdı bu ceyranın gözləri,
Can alırdı gözəlimin sözləri.
Əlləri əlimdə, üzüm-üzündə,
Baxıram, doymuram gözüm-gözündə.
Hürkək ceyran təki deyil özündə,
Can alandı bu ceyranın gözləri,
Can alırdı gözəlimin sözləri.
Və mən bu kitabdakı şeirlərin demək olar ki, hamısını oxudum və bir daha əmin oldum ki, bu şeirlər bir-birini sanki tamamlayır. Bir-birinə sanki yaşıl işıq yandırır ki, o şeir də kağıza köçürülsün, o da oxucuya, dinləyiciyə çatdırılsın. Deməli, bu da onu göstərir ki, Tağı Sadiq sözlə, qələmlə baş-başa qalanda bir növü istirahət edirmiş, yüngülləşirmiş, təzələnirmiş. Ona görə də ancaq özünü, öz duyğularına, öz baxışlarını və öz sevgisini poeziya nümunəsinə çevirib. Bu şeirlər müəllifin bizim hamımızın daha çox özünə yazdığı, özünə ünvanladığı məktublardı. Ona görə də mən kitabdakı şeirləri oxuyanda daxili bir əminliklə özüm-özümə pıçıldadım:
- Tağı Əhmədov məmur kimi, rəis kimi, valideyn kimi necə işləyib və nələr qazanıb, bunlar zaman-zaman unudulacaq. Amma Tağı Sadiqdən «Bir ömrün işığı» olan sözlərin hamısı da olmasa müəyyən hissəsi mütləq qalacaqdır. Çünki bu sözlər musiqilidir, düşündürücüdür, inandırıcıdır. Deməli, deyilən sözlər həqiqətən yadigardır. Yadigarlar isə unudulmur.