adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

Vaqif Bəhmənlinin ÜRƏYİ Mənim ürəyimlə yanaşı addımladı - Əbülfət MƏDƏTOĞLU yazır

ƏBÜLFƏT MƏDƏTOĞLU
415 | 2022-09-14 23:46

Onun imzası lap çoxdan tanınıb. Daha doğrusu, lap çoxdan təsdiqlənib. Hələ Böyük Bəhmənlidə, orta məktəbdə oxuyanda sinif yoldaşları da, müəllimləri də, el-oba da bilirdi ki, bir şair böyüyür bu  kənddə. Tələbəliyinin ilk illərindən də bu gənc şair imzasını yaxşı tanıda bildi. Universitet mühitində, sonra böyük mətbuatda və beləcə bir şair, bir cavan oğlan, soyadının yerində Bəhmənli sözünü yazdı. Bilmirəm o günə, a ana qədər Bəhmənli soyadlı yazar olmuşdu yoxsa yox. Amma mənim bildiyim budur ki, Bəhmənlini mən o soyadla daha çox sevdim və məndəki bu sevgiyə həmkarım, qələm dostum, bəzən fikir ortağım olan Faiq Qismətoğlu da şirinlik əlavə etdi. Zaman-zaman olan bu təmas özümüzdən-özümüzə, sözümüzə, evimizə, elimizə keçərək daha da şaxələndi. Bir də gördüm ki, barəmdə bir yazı yazılıb. Adı da «Namuslu sözün nişanəsi». Bu yazının müəllifi də Bəhmənli idi, məhz Vaqif Bəhmənli!

«Bir şairin bir şeiri» layihəmdə mən də dinc dayanmadım. Kifayət qədər yaradıcılığına bələd olduğum, demək olar ki, bütün kitabları ən dəyərli yatırımım olan Vaqif Bəhmənlinin kitablarından birini əlimə götürdüm. Bu kitabın doğum tarixi 1986-cı il idi. Kitabın adı isə «Yolum üstə bitən gül»dü. Ürəkdən-ürəyə, könüldən-könülə olan yaxınlığın bir nişanəsi də elə bu kitabın adında özünü təsdiqlədi. Necə deyərlər, nə vaxtdan bəri davam etdirdiyim, fikirlərimi paralelləşdirdiyim yol   yoldaşlığında  bu dəfə Vaqif Bəhmənlinin «Ürəyim» şeirinin qapısını açdım. Özü də özümün «Ürəyim» şeirim ilə.

Bu  təbii bir haldır. İnsan, xüsusilə şairlər ürəkləri ilə hamıdan çox həmsöhbət olurlar. Çünki ürəyin pıçıltısı onların qələmində sözə, şeirə çevrilir. Bu ilahi pıçıltıların arxasında dayanan ürək şairin sığındığı yeganə ümidgah, yeganə dayaq nöqtəsidi. Ona görə də ürəyinə güvənən şair onunla olan söhbətinin şeirli anlarını oxucuya tər-çiçək kimi təqdim edir. Bu tər-çiçəyin qoxusu da oxucunu o vaxt cəlb edir, öz aurasına alır ki, onda həqiqətən ürək öz işini elə ürək kimi də görür və bax, Vaqif Bəhmənlinin «Ürəyim» deyib üz tutduğu ürək də bu məqamda mənim fikrimə dəstək verir:

 

Yaz günündən isti yığan

Sünbül mənim ürəyimdi.

Dimdiyimdən nəğmə yağan

Bülbül mənim ürəyimdi.

 

Yəqin ki, artıq bu misraları oxuyandan sonra mənim fikirlərimlə razılaşmalı olacaqsınız, bəlkə də artıq razılaşmısınız. Çünki şair poetik bir yozumla sözü ürəyin səsi kimi, ürəyin özü kimi sərgiləyir və o misraların yaratdığı əks-səda şəxsən məni, yəqin elə sizi də inandırır ki, şair ürəyi isti yığan sünbül, həm də nəğmə yağan bülbüldü. Deməli belə olan halda mənim də bülbül olan ürəyim Vaqif müəllimin nəğməsinin ahənginə qoşulur. Bir növ onun səsinə səs verir və deyir ki:

 

dedin sənin yanında

heç nə düşmür yadıma

səndən ayrılan kimi,

başlayır darıxmağa

ürəyim!

 

dedim sənin yanında

söz tapmıram, danışım.

ayrılanda, həsrətlə

imkan vermir barışım –

ürəyim!

 

Elə bu ovqatla da bir növü özüm-özümü ittiham etsəm də, amma etiraf da etməliyəm ki, mənə həmin pıçıltıları yazdıran ürəyin qarşısında başqa heç nə edə bilməzdm. Çünki söhbət sevgidən, yəni Səndən gedir. Bir halda ki, mövzu da, ünvan da bəllidi, onda ürəyin ismarıcı da icra olunmalıdır. Əks halda ürək küsə bilər. Ürəyin küsməsi isə şairin qələminin susması kimi də yozulacaq haldır. Şükürlər olsun ki, Vaqif Bəhmənlinin ürəyi və qələmi məni bu fikirlərdən uzaqlaşdırıb yenidən öz gülüstanına, öz söz meydanına çəkib gətirir. Və mən həmin o məkanda, o ərazidə yenə Vaqif Bəhmənlinin səsini eşidirəm:

 

Həzin-həzin yırğalanan,

Gözündə nəm sırğalanan.

O buludmu yorğalanan –

Ağ tül – mənim ürəyimdi.

 

Fikir verdinizsə, şair dostum sözü o qədər məharətlə, zərgər dəqiqliyi ilə seçib ki, ürəyin ağ tül olmasını da adam həqiqət kimi qəbul edir. Çünki onun mayasında gerçək sevgi, gerçək vurğunluq var. O sevgi də hər kəsə işıq saçan günəş kimidir. Sadəcə onun şəfəqlərini görmək o işığa bürünmək, isinmək lazımdı. Bunu da yalnız işığa doğru can atanlar, sevgiyə qol açanlar duyur və yaşayırlar. Elə mən də həmin o Vaqif Bəhmənli poeziyasından əxz etdiyim mahiyyətin içərisində sənin səsini eşidirəm, yəni ürəyimin:

 

dedin bunun sonu nə,

yolu hara qədərdi?

bu görüşlər bəhanə,

yaşadığın kədərdi –

ürəyim!

 

dedim son da əvvəldi

dözəcəm sona kimi.

çatlasa, həsrətindən

yanacaq qana kimi –

ürəyim!

 

Kimsə bu məqamda məni suçlaya bilər, qınaya bilər. Şairliyimin əndazəsini aşdığımı xatırladar. Mən oxucu fikirlərinə qarşı çox səmimi bir şəkildə sayqı göstərərək bircə onu deyə bilərəm ki, ürəyin səsini duymamaq və sevgidən qaynaqlanan hisləri o səsin fonunda görməmək özü mənim üçün həm qəbahətdi, həm də ağrılı bir nüansdı. Yəni ürəyimin bütün titrəyişindən tutmuş döyüntüsünə, göz yaşımdan tutmuş qəhqəhəsinə, ağrısından tutmuş sevincinə qədər hər bir halı mənim həm varlığıma, həm də ruhuma hakim olub hər zaman. Ona görə də bu mövzuya, saf duyğulara həmişə bir bucaq altından, yəni sevginin gözündən baxmışam. Ona görə də kədəri də, həsrəti də, dözümü də, ürəyimin qanın, şirəsi qədər əziz bilmişəm. Onlar qədər mənə hakim olubdur saf sevgi, məhəbbət! Onun da müxtəlif cizgilərini, naxışlarını böyük ədəbiyyatda, böyük poeziyada aramışam, axtarmışam, görmüşəm. O cümlədən də Vaqif Bəhmənli şeirlərində kifayət qədər bu sevgidə tətənnüm edilir  və  onlarla  da mənim təmasım olubdu. Elə ürəyimin ürəyi ilə həmsöhbət olmasının bir səbəbi də budur:

 

Göy çəmənə girər olsan,

Bir gül bitib görər olsan.

Qan ağlayar dərər olsan –

O gül mənim ürəyimdi.

 

Yazımın əvvəlində Vaqif Bəhmənlinin poeziyasının, şeirinin hər bir nümunəsini tər çiçək, tər gül kimi təqdim etdim. Yəqin ki, indi oxuduğumuz bənddən sonra siz mənimlə həmfikir oldunuz. Çünki şair açıq-aşkar oxucuya bəyan edir ki, üzülən gül mənim ürəyimdi. Deməli, burda söhbət fiziki anlamdan, təbiət hadisəsindən yox, sevgidən, həssas duyğulardan gedir. O, həssaslığın bizim görmədiyimiz, amma duyduğumuz tərəfi də məhz hər birimizin ürəyindəki hissdi. Vaqif Bəhmənli bizdən fərqli olaraq həmin HİSSİ gül adlandırır və o gülə toxunmağı ürəyə toxunmaq kimi təqdim edir. Bax, sözün də, qələmin də gücü burdadır. Oxucunu inandıran söz və qələm bu yerdə yalnız düşünməyi və dəyər verməyi gözləyir. Təbii ki, bu gözlənti oxucudandır. Elə mən də öz ürəyimin son pıçıltılarını həmin o gözləmə məqamından istifadə edib sizə çatdırıram:

 

dedin çaşıb qalmışam

bilmirəm heç nə edim.

tay sən mənim özümsən

sənsiz mən hara gedim –

ürəyim?

 

dedim mən də dalğınam

ay arzum, ay diləyim.

dəniz sən, mən dalğanam.

ayır görüm sən bizi –

ürəyim, ay ürəyim!

 

Bəli, bax beləcə dənizdən dalğanı, özümdən özümü ayıra bilmədən Vaqif Bəhmənli ilə gəlib sözümün nöqtəsinə çatdım. Düşünürəm ki, ürəklərimizin yanaşı dayanıb, yanaşı addımlaması sözün də, oxucunun da xeyrinə oldu. Ən azından bizim ürəyimizin səsi onlara çatdırıldı. O səsdən onlara nə qalacaq bunu özləri daha yaxşı biləcəklər. Amma mənə qalan isə şair dostum, dəyərli Vaqif Bəhmənlinin ürəyinin tər qoxusu oldu. Onun da adı «Urəyim» idi. Sizə də duyğu dolu ürək arzu edirəm.

TƏQVİM / ARXİV