adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7

Yarpaq tökümündən fraqmentlər - Əbülfət MƏDƏTOĞLU yazır

ƏBÜLFƏT MƏDƏTOĞLU
398 | 2022-08-31 12:35

Abbas Abdullanın «Üzü dan yerinə» kitabından

 

Mənə görə həyatda ən ağrılı an əkib-becərdiyin ağacın quruması, tikdiyin binanın uçması, sevdiyin insanın itirilməsi...Bir sözlə yarpaq tökümüdü. Bunun qarşısını heç nə ilə almaq mümkün deyil. Doğrudur, biz insan olaraq özümüz-özümüzə təsəlli üçün deyirik ki, verən də Allahdı, alan da, yaradan da odur, öldürən də! Bu, doğrudur.   Və   bu doğru ilə biz barışırıq. Barışmaya da bilmərik. Çünki başqa bir yol yoxdur. Amma itirdiyimizin kimliyi, nə, nəçi olması vaxtında bilinməyəndə ağrı daha sarsıdıcı olur, daha üzücü olur. Doğru olanlardan biri də  budur ki,  bununla bağlı xalq şairi Cabir Novruz gözəl bir şeir də yazıb. Və deyib ki, «Sağlığında qiymət verin insanlara!». Çox təəssüf ki, biz bu şeiri də bilirik, hətta əzbər söyləyirik. Lakin əməlimizdə, işimizdə, həyatımızda onu reallaşdırmırıq. Elə bil oturub gözləyirik ki, itirək...və sonra da itirdiyimiz üçün oturub göynəyək...

Yəqin ki, Azərbaycan oxucusu gözəl şairimiz, özünəməxsus koloriti olan Abbas Abdullanı xatırlayır. Onun yaradıcılığına bələddi. Mən şəxsən Abbas müəllimlə «Ulduz» jurnalında redaktor olduğu zaman və sonra Yazıçılar Birliyində işlədiyim illərdə tez-tez zəngləşmişəm, görüşmüşəm, həmsöhbət olmuşam. Buna görə də Abbas müəllimin xatiri də, xatirələri də mənim üçün çox əzizdi, unudulmazdı. Xüsusilə onun mənə müraciəti o qədər isti və doğma idi ki, sanki biz min illər idi ki, bir-birimizə bağlanmışdıq və ....  Bu an elə  bil  hardansa bir meh əsdi deyəsən. O meh xatirə meh idi. Məni Abbas Abdullaya tərəf yönəltdi. Özümdən asılı olmadan əlimi uzadıb onun kitablarından birini götürdüm. Mən üzü Abbas Abdullaya tərəf səmtlənmişdim. Onun kitabı da «Üzü dan yerinə». Bilmirəm bu təsadüfdi, yoxsa elə o doğmalığın diktəsidi. Hər halda iksi də mənim üçün indi xatirələrin ip ucudu. O ip ucundan tutub Abbas müəllimin «Yarpaq tökümü»nü oxuyuram. Abbas Abdulla yazır ki:

 

Yarpaq tökümündən yaman qorxuram, əzizim,

sən necə?

Hər gün yol çəkir gözüm,

Yuxuma girirsən hər gecə?

Vəfasız yarpaqmı,

budaqmı,

yoxsa,

şıltaq uşaqlar kimi

verdiyini geri alan torpaqmı?

 

Doğru demisən ,Abbas müəllim! Mən də elə yaşımın bu çağında ruhumun nazilən, qəlbimin üzülən məqamında daha çox və daha tez-tez düşünürəm bu barədə. İtirdiklərim ömrümdən ömür aparır, günümdən gün. Elə bil ki, bütövlüyüm yavaş-yavaş əriyir, ilim aya, ayım günə tərəf əyilir. Və mən bu məqamlarda ən çox ürəyimdə, ruhumda sevgimi düşünürəm. Onun göy üzünə, Tanrı dərgahına doğru yaxınlaşdığını, məndən sonra orda qərar tutacağını indidən hiss edirəm. Və bilirəm ki, nə olur-olsun, Allahım öz verdiyini ortalıqda qoymayacaq. Onu öz himayəsinə alacaqdı. Çünki:

 

Ovcuma qızılı xəzəl yığıram,

Bu payız özünü çırpır üstümə...

Yaydan təngnəfəs – yorğun çıxıram –

Bu payız salıbdı cığır üstümə...

 

Həqiqətən ömrün payızı öz izini, öz sözünü izinsiz, soruşmadan həkk edir, naxışlayır həyatıma. Bu da təkcə bir ruh, ürək rahatsızlığı yox, həm də sözün bütün mənalarında yaşadığımın bütövlüyü önündə məni baş əyməyə, şükürlər etməyə həvəsləndirir, inandırır. Ona görə ki, bu payıza qədər mən bir yaz yaşamışam, bir yay keçmişəm. Onu misralara köçürmüşəm, ömrümün gününə, çiçəyinə bələmişəm. Bilə-bilə ki, yaydan sonra payız gəlir. Bunu sən də pıçıldayırsan, deyirsən mənə. Özü də o qədər ahəstə və incə bir söz seçimi ilə deyirsən ki, inanmamaq mümkün deyil. Və mən də sənə inananlardan biri kimi qəbul edirəm çəkdiyin mənzərəni də, dinləyirəm dediyin sözləri də:

 

Burda yarpaq tökümü yaxınlaşır, əzizim,

sizdə necə?

Bu gecə gizlicə bizə gəlmişdin.

Səni görmədi heç kəs,

sən hamını gördün,

xoşun gəldi körpələrdən.

Doyunca sənə baxmaq üçün

iki göz işıq oğurlamışdım səhərdən.

Hələ də səni görmək acıyam,

Hələ də...

 

Görün, daxili tələbat, lap açıq desəm, sevginin gücü nə boydadı. Yaşatdığı həsrətə şair etirazı hansı hikkədədi, hansı üsyandadı! Bunu görmək üçün mütləq sevən gözlə baxmalısan. Əks halda «Şair sözüdür» deyəcəksən. Mən də bunu heç istəmərəm. Çünki şair sözü heç də həmişə yalan olmur. Və bunu yazan, deyən şair də əslində öz sevgisini dolayısı ilə sənin diqqətinə yalan donunda çatdırıb, təqdim edib. Düşünüb ki, bu vasitə ilə könlünə yol tapsın. Necə ki, mən ömrümün payızını sənə belə pıçıldayıram:

 

Dağların zirvəsi dumanlanıbdı

Ümid də dizini bükübdü səssiz...

Gözümü, könlümü duman alıbdı –

Mən heç vaxt olmurdum belə həvəssiz...

 

Yəqin ki, nədən bu ovqatda olduğumu anladınız. Bildiniz ki, ömür payızının ən böyük zərbəsi təkcə yarpaq tökümü deyil, həm də bilərəkdən, düşünülmüş şəkildə çəkilən çəpərdi, bağlanan yoldu... Gözdən uzaqda dayanmaqdı... Telefonu bağlamaqdı... Bir sözlə unutdurmağa çalışmaqdı... Amma, sən nə edirsən et, payız öz işindədi, Allahdan gələn sevgi də öz taxtında! Bunu unudulmaz  Abbas Abdulla da mənə və hamıya bəyan edib. O yazıb ki:

 

Min doqquz yüz filanıncı ilin

yarpaq tökümü yadındamı?

yaman kövrəldir adamı –

sinəsi yaralı,

bahardan aralı yarpaqlar

yaşıl günlərinin arxasınca

qurumuş qollar kimi uzanan budaqlar.

 

Mən şeirin bu nöqtəsinə gəlib çatanda bir anlıq isinəndə yumrulanan ahı, hönkürtünü qovub saxladım. Dərindən bir nəfəs almaqla özümü o anın içərisindən çıxarmaq istədim. Amma bacarmadım. Bunun üçün mənə tərəf sənin əlin uzanmalı idi. Və mən də həmişəki kimi o əldən tutub ayaqda dayanmalı, yanında durmalı idim. Sən əlini uzatmadın... mən də ki...içində olduğum ovqat isə  artıq elə içimə də hopmuşdu. İçimdə də payız idi. Yarpaq tökümlü payız. O payız dilimin ucuna gətirdiyi sözlərin də canına, qanına hopmuşdu:

 

Sözü də saxlamır dilimin ucu,

Kədər iməkləyir bəbəyə tərəf...

Elə bil bu payız əlində qayçı –

Tələsir, toxunmuş gəbəyə tərəf...

 

Dəyərli oxucum, bu nostalji duyğuların sizə nə yaşatdığının fərqindəyəm. Yəqin siz də öz ömrünüzün payızı ilə nəfəs nəfəsə dayanmısınız. Və siz də o payıza qədər olan yolun xəritəsini çəkmisiniz gözünüzün önünə. Hardan başlayıb hara gəldiyinizi özünüz üçün pıçıldayırsınız. Amma unutmayın ki, şair Abbas Abdulla da həmin o xəritəni çəkib, həmin o xatırlatmanı edib. O da ömür payızının yarpaq tökümünə şairanə baxmaqla yanaşı, həm də bu şeir ilə sanki etiraz edib, müqavimət göstərmək istəyib. Necə deyərlər, bir şairlik edib:

 

Bir yarpaq tökümündə –

Günlərin bir günündə

Bürünəcəyəm taleyimə

Yansam da, donsam da

kimə nə?

Baş götürüb çıxacam

yaşadığım şəhərdən

Gözlə yolumu

paralel xətlər kəsişən yerdə.

 

Mən də ustadımın, unudulmaz Abbas Abdullanın sözünün işığında öz sözümə, öz misralarıma tərəf baxdım. Elə baxa-baxa da mən də ömür payızımı düşündüm. Təbii ki, baxışımın da, düşüncəmin də qəhrəmanı – QİBLƏSİ SƏN idin! Bunu Allah da bilir, onun bəndələri də. Baxmayaraq ki, sən Allahın verdiyini dilinə gətirmək istəmirsən...amma bu bir gerçəklikdir ki, ömrün payızı öz işini görür . Yarpaq tökümü adamı yaman ağrıdır:

 

Sıxıram ovcumda ürəyi didən

Ayrılıq ağrısın...amma ki, əbəs...

Mənəm bu payızla ürəyi gedən –

Bir ovuc su götür yanıma tələs...

 

Hə, deyəsən bu yazım kədər notlu doğuldu. Amma mən belə olmasını istəməsəm də, yarpaq tökümü özü öz aurasını yaratdı, öz şəklini çəkdi. Təbii ki, çəkilən şəkilin əsas rəssamı Abbas Abdulla idi. Mən də onun rənglərinə öz rəngimi uyğunlaşdırmaq cəhdləri etdim. İstəyim sadəcə olaraq Abbas müəllimin ruhunu sevdirmək və bir də Sənə yarpaq tökümünü     xatırlatmaq... Yavaş-yavaş hazırlaş... o tökülən yarpağın biri də sənin ovcuna düşəcək... Demək istədiyim budur.

TƏQVİM / ARXİV