31 Mart 2025 00:00
342
KRİMİNAL

“Çukurun Yamacı varsa, Füzulinin də İlhamı var” paylaşımı ölümə səbəb oldu

“TikTok”dakı paylaşıma görə başlayan mübahisə ölümlə nəticələnib. Gənclərdən biri məzara, digəri isə 19 illik həbsxanaya yola salınıb.

Adalet.az Musavat.com-a istinadla xəbər verir ki, hadisə Füzuli rayonunda baş verib. Tərəflər arasındakı mübahisənin səbəbi paylaşılan videoya görə olub.

Belə ki, qətlə yetirilən 21 yaşlı Azər Allahverdiyevin özündən kiçik qardaşı İlham "Tiktok"da “Çukurun Yamacı varsa, Füzulinin də İlhamı var” başlıqlı paylaşım edib.

Bu paylaşım Azəri qətlə yetirən 19 yaşlı Nemət Bayramlının xoşuna gəlməyib. Nemət düşünüb ki, İlham bu paylaşımla Füzulinin “vəziyyətinə baxıram” demək istəyib. Buna görə də, İlhama yazaraq paylaşımının mənasını soruşub.

İlhamla Nemət telefonda mübahisə edərkən Azər məsələdən xəbər tutub. Bundan sonrakı danışıq və mübahisə Azərlə Nemətin arasında olub.

Onlar rayonun Kürmahmudlu kəndi ərazisində görüşüblər. Tərəflər görüşə tək gəlməyib. Azər qardaşı İlham, atası və tanışları ilə hadisə yerinə gəlib. Nemətin yanında da 6-7 nəfər tanışı olub.

Azərin atası tərəfləri sakitləşdirmək üçün onlara deyib ki, barışsınlar. Gənclərə “barışmasanız, ikinizi də şillələyəcəm” deyib. Söhbət əsnasında Nemət Azəri kənara çağırıb, 1-2 dəqiqə təklikdə söhbət etmək istədiyini deyib. Onlar kənara çəkilən zaman Nemət cibində olan bıçaqla Azərin boyun nahiyəsindən vuraraq qaçıb. Azər qanitirmədən dünyasını dəyişib.

Nemət ifadəsində mərhum Azər tərəfindən hədələndiyini deyib.

“Mən sadəcə videonu nə məqsədlə paylaşdığını soruşdum. Azər İlhamın əvəzinə danışaraq məni təhdid etməyə başladı. Dedi ki, əvvəl “oğru” olmuşam, indi isə dövlət işində işləyirəm. Mənə dedi ki, “Quli”nin adamı olmuşam. Telefonda mənə “mən avaranın ayağına güllə atmışam, oğru yolunda getmişəm” dedi. Mən də fikriləşdim ki, məni də vurar. Buna görə gedəndə cibimdə bıçaq götürdüm”- deyən Nemət özünü müdafiə edərək qətlin baş verməsində günahkar kimi mərhumu göstərib.

Əlavə edib ki, Azər telefonda onu təhqir etdiyi üçün görüşəndə səbəbini soruşub: “Niyə söyüş söydüyünü soruşdum. Dedi ki, yaxı eləmişəm, kimə nə lazımdır, demişəm. Bunu deyib əlini belinə atdı. Düşdündüm ki, nəsə silah çıxaracaq. Cibimdə olan bıçağı ona tərəf atdım”.

Nemətin ifadəsindən məlum olub ki, İlhamın paylaşımına qıcıqlanıb. Onun fərziyyəsinə görə İlham həmin paylaşımla “Füzulinin vəziyyətinə mən baxıram” demək istəyib. Buna görə də ona yazaraq payalaşımın məqsədini soruşub.

Mərhumun atası isə Neməti günahlandırıb və onun avara olduğunu, digər şəxslərlə birlikdə oğullarına qarşı planlı şəkildə bu addımı atdıqlarını deyib.

Hadisənin əsasə şahidlərindən biri olan İlham qardaşının öldürülməsinin səbəbi kimi Nemətin açdığı yersiz mübahisəni göstərib:

“Nemət birinci mənə yazıb səbəb soruşdu. Ona dedim ki, həmin başlığı yazmaqda məqsədin baxış sayının artması, Füzuli uşaqlarının görüb dəstək olmasıdır. Amma Nemət söhbəti başqa yerə çəkərək uzatmağa başladı. Azər bu söhbəti eşidəndə Nemətlə danışdı. Söyüşü Azər yox, Nemət söyüb. Görüşə gedəndə atam dedi ki, Nemət atasını da götürüb gəlsin. Məsələ böyümədən danışıb həll edək. Görüşə də bu məqsədlə gedilmişdi. Orada olanda şəhidlərdən, rayondan danışılırdı. Atam da mehribançılıq olmasını istəyirdi. Sonra Nemət Azəri kənara çağırdı ki, söhbət eləsin. Birdən Nemətin qaçdığını gördük. Azər bizə tərəfə gələndə yerə yıxıldı”.

Mərhumun atası Nemətə ağır cəza verilməsini tələb edib.

Hökmə əsasən, Cinayət Məcəlləsinin 120.2.2 (Xuliqanlıq niyyəti ilə adam öldürmə) və 228.4-cü (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə), maddələri ilə ittiham olunan Nemət Bayramlı 19 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.