Göz nurunun keşiyində duran xanım- Akademik Zərifə Əliyeva

Məşhur Məmmədov
Milli Məclisin deputatı
Tarixin yaddaşında bəzi adlar var ki, zaman keçdikcə daha da ucalır, nəsillərə nümunəyə çevrilir. Belə adlardan biri də akademik Zərifə Əziz qızı Əliyevadır. Zərifə xanım təkcə Azərbaycan tibb elminin deyil, ümumilikdə ölkəmizin ziyalı obrazının təcəssümü, elmə, insanlara və vətənə sonsuz məhəbbətin rəmzidir.
15 aprel Zərifə xanımın anım günüdür. Bu tarix təkcə bir itkinin xatırlanması deyil. Bu tarix bir ziyalının ömür salnaməsinin, fədakarlığının, vicdanla, məsuliyyətlə yaşanmış həyatın təkrar-təkrar vərəqlənməsidir. Bu gün biz Zərifə xanım Əliyevanı ehtiramla yad edirik.
Zərifə xanım 1923-cü ilin yazında - aprelin 28-də Şərqin işıqlı guşələrindən biri olan Naxçıvanda – Şahtaxtı kəndində dünyaya gəlmişdi. Qanında maarifçiliyin, zəhmətin, yüksək mənəviyyatın toxumu vardı. Tanınmış ictimai xadim Əziz Əliyevin tərbiyəsində böyümüşdü. Hələ uşaqlıqdan elmə, kitaba, insana sevgi onun varlığına hopmuşdu.
1947-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirərək həkimlik yoluna qədəm qoydu. Bu yol sonadək onun əqidəsinin, vicdanının, sevgisinin yolu oldu.
Zərifə xanım oftalmologiya sahəsində ilk addımlarını atanda ölkədə bu sahədə ciddi problemlər vardı. Xüsusilə traxoma xəstəliyi geniş yayılmışdı. Gənc həkim – gənc qadın həkim bu ağır sahəyə addım atdı. O, şəhərlərdən kəndlərə, uşaq evlərindən səhra xəstəxanalarına qədər hər yeri dolaşaraq göz nuru uğrunda mübarizə aparırdı.
Elmi fəaliyyətində gözün peşə xəstəlikləri, onun müalicəsi və profilaktikası əsas yer tuturdu. Dissertasiyasında bu mövzunu araşdırdı. Onun elmi yanaşması, praktiki nəticələri sayəsində yüzlərlə insan görmə qabiliyyətini bərpa etdi. O, insanlara təkcə fiziki deyil, mənəvi işıq da bəxş edirdi.
Tədqiqatları sırasında qlaukoma, katarakta, uveit, virus mənşəli xəstəliklərə dair əsərləri tibbin inkişafına ciddi töhfələr verdi. Zərifə xanım göz həkimi kimi baxsa da, insanın ruhuna da toxunmağı bacarırdı. Onun xəstələri təkcə müalicə almır, həm də mərhəmətə, şəfqətə qərq olunurdular.
Zərifə Əliyeva yalnız elmi tədqiqatçı, klinik həkim deyildi, o, həm də unikal pedaqoq idi. Azərbaycan Tibb İnstitutunda uzun illər çalışaraq gələcəyin oftalmoloqlarını hazırladı. Onun tələbələri bu gün dünyanın müxtəlif yerlərində insanlara nur bağışlayır, müəllimlərinin adını fəxrlə daşıyırlar.
Zərifə xanımın yazdığı dərsliklər, monoqrafiyalar, elmi məqalələr – həkimlər üçün əsl yol xəritəsi oldu. “Terapevtik oftalmologiya” adlı fundamental əsəri bu gün də aktualdır. Elmin səliqəsi, sözün həssaslığı, insanlara xidmət istəyi bu kitabın hər səhifəsində duyulur.
O, həm də ilk azərbaycanlı qadın alim idi ki, SSRİ Tibb Elmləri Akademiyasının Averbax adına mükafatına layiq görüldü. Bu mükafat – onun zəhmətinin, fədakarlığının rəsmi təsdiqi idi.
Zərifə xanım yalnız elm adamı deyil, həm də örnək bir həyat yoldaşı, ana, qadın idi. Onun həyatında xüsusi yer tutan şəxs – Ümummilli lider Heydər Əliyev idi. Onlar uzun illər ərzində bir-birini tamamlayan, dəstəkləyən, anlayan bir cütlük kimi həyatın bütün mərhələlərindən birlikdə keçdilər. Zərifə xanımın zəngin mənəvi dünyası Heydər Əliyevin dövlətçilik fəaliyyətində də görünməz şəkildə iz qoyurdu.
Oğluna –Prezident İlham Əliyevə verdiyi tərbiyə, verdiyi dəyərlər bu gün qalib Azərbaycanı uğurla idarə edən bir liderin formalaşmasında əsas dayaqlardan biri oldu.
1985-ci ilin 15 aprel günü Zərifə xanım Əliyeva əbədiyyətə qovuşdu. Lakin onun izi, işıqlı xatirəsi elmdə, təbabətdə, insanların xatirəsində silinmədi. O, qaranlıqda gözləri görməyənlərin nuru, elm yolunda azanların bələdçisi olaraq qaldı.
1994-cü ildə nəşi doğma Vətənə gətirildi və Fəxri Xiyabanda dəfn olundu. Onun məzarı bu gün də insanlar üçün bir ziyarət, ehtiram, minnətdarlıq məkanıdır.
2023-cü ildə Prezident İlham Əliyevin Sərəncamı ilə Zərifə Əliyevanın 100 illik yubileyi dövlət səviyyəsində qeyd olundu.
Zərifə xanım Əliyevanı tanıyanlar onun səmimiyyətini, təbəssümünü, diqqətini, alicənablığını unuda bilmir. O, elə bir ömür yaşayıb ki, haqqında danışdıqca bir cümlə daha artıq demək gəlir insanın ürəyindən.
Bu gün – anım günündə bir daha dərin ehtiramla, minnətdarlıqla onu xatırlayırıq.
Akademik Zərifə Əliyeva – nur saçan bir ömür, örnək bir qadın, əbədi bir addır, bu qədirbilən Azərbaycan xalqı üçün hər zaman belə olacaq.
Digər Xəbərlər

Zərifə xanım Əliyeva oftalmologiya tarixinə zəngin töhfələr verib

Gürcüstan prezidenti Azərbaycana gəldi - YENİLƏNİB + FOTO

Akar: Ermənistanın ağlını başına toplaması lazımdır

Azərbaycan və Malayziya XİN-ləri arasında siyasi məsləhətləşmələr aparıldı

Hulusi Akar: Azərbaycan və Türkiyə müdafiə sahəsində birgə çalışmalıdır

"Nümunəvi ömür yolu..." - Millət vəkili yazır

"Zərifə Əliyevanın nurlu xatirəsi hörmətlə anılır" - Əhliman Əmiraslanov
