Könül dünyamızı şadlandıran ruh adamı

Elxan Məmmədlini qiyabi olaraq çoxdan tanıyırdım. Azərbaycan radiosunun “Sarıtel”, “Gözəlləmə”, televiziyanın isə “Ustadnamə”, “Sazın, sözün sehrində” verilişlərinin aparıcısı kimi, bütövlükdə Azərbaycan aşıq sənətinə dərindən bələdçiliyi, folklorumuza vurğunluğu, səsindəki qətiyyət, dilindəki, üslubundakı şirinlik diqqətimi həmişə çəkib.
2001-ci il idi deyəsən. Qış gecələrinin birində radioda “Sarıtel”ə qulaq asırdım. Verilişin qonağı yaşlı Şirvan aşığı idi. Elxan Məmmədlinin:
-Ustad, yaşın yetmişi haqlayıb, yaxşı bilərsən, Şirvanda neçə aşıq havası var? –sualına həmin aşıq:
-Dəqiq bilmirəm, 20-25 olar, - dedi.
Cavab məni necə qeyzləndirdisə, radionun üstünə bir qapaz vurdum. Aşıq Əhməddən eşitmişdim ki, Şirvan havacatlarının sayı 100-ə yaxındır. Lakin həm Şirvan aşıqları, həm də bu mühitin tədqiqatçıları tənbəllikdənmi deyim, etinasızlıqdanmı deyim, bu havaları araşdırıb rəsmiyyətə salmayıblar. Elə ona görə də, uzun müddət bəzi Qərb aşıqları, alimlər, qələm əhli Şirvan aşıq mühitini tənqid atəşinə tutublar...
Hə, qayıdıram sözümün canına. Elxan Məmmədli həmsöhbətinə:
-Ustad, efirdəsən, sözünə məsuliyyətlə yanaş! Şirvan aşıq havalarının elə 60-70-ni mən tanıyıram. Sizin kimi qocaman sənətkarlar belə səhvlər eləyərlərsə, gənc aşıqların sizdən öyrəndiyi yanlış olar...
Yerindəcə verilmiş bu qıpqırmızı cavab, sərt düzəliş Elxan Məmmədliyə hörmətimi, onun verilişlərinə marağımı birə-beş artırdı. Onu yaxından tanımaq, həmsöhbət olmaq keçdi könlümdən. Çox çəkmədi ki, AMEA Folklor İnstitutunun dissertantı oldum və institutun dəhlizində həmyerlim Ağaverdi Xəlilin rastlaşdığımız adamı mənə “Aşıq yaradıcılığı” şöbəsinin müdiri Elxan Məmmədli kimi təqdim etməsi bu arzumu reallaşdırdı. Elə o vaxtdan yaxından tanıdım Elxan müəllimi. Dostlaşdıq, necə varsa, eləcə - maskasız, sözünə, əməlinə düz, məsuliyyətli, dosta-tanışa sədaqətli, mehriban...Çox vaxt mənə “bacı” deyə müraciət etməsi, yazılarıma səmimiyyətlə münasibət bildirməsi bizi daha da doğmalaşdırmışdı...
2003-cü ilin payızında Kürdəmirə Aşıq Şakirin 80 illik yubileyinə gəlişində iki gün qonağımız oldu. Çoxdan arzuladığı Aşıq Əhmədin ziyarətinə getdik. Aşıq Şakirin oğlanları Ağaməhəmmədlə, Məmmədağa ilə, Eynulla Cəbrayılovun şagirdi xanəndə Səfalı Əliyevlə həmsöhbət oldu Aşıq Əhmədin sazlı-sözlü ocağında. Özü demişkən, Kürdəmirə səfərindən ona bir bacı, 3-4 “Sarıtel” verilişi üçün dürlü-dürlü söz, mənə isə bir etibarlı, sözübütöv, gözü, könlü tox qardaş qaldı...
2005-ci ildə üçüncü – Aşıq Əhliman Şirvanlıya ad etdiyim “Qoca Şirvanın balasıyam mən” kitabımın Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Tədris teatrının binasında təqdimat mərasimini Elxan Məmmədli apardı. Namizədlik dissertasiyamın müdafiəsində də mənə yaxın dost kimi dayaq oldu Elxan Məmmədli. Ədəbiyyat muzeyində işə başlayandan sonra isə o, hazırladığım tədbirlərin əksəriyyətində iştirak edirdi. 2012-ci ildə Şirvan Aşıqlar Birliyinin sədri Əməkdar Mədəniyyət işçisi Ağamurad Şirvanlıya həsr etdiyim kitaba ön söz yazaraq redaktorluğunu da Elxan Məmmədli öz üzərinə götürdü...
Milli, əziz bayramımız olan Novruzun ilk günündə aldığım gözlənilməz, acı xəbərdən sarsıldım. İnternet saytında yazılırdı ki, tanınmış folklorşünas alim Elxan Məmmədli martın 21-də vəfat etdi... İnanmadım, axı 3 ay öncə Ağsuda məşhur balaban ustadı Kalvalı Əli Kərimovun yubiley tədbirinə dəvət etmişdim onu, çıxış da etdi. Həmişəki kimi yaşından çox gümrah, sağlam görünürdü. Yeni ildə də zəng vurmuşdu, qardaşımın vəfatını gec eşitdiyinə təəssüflənmiş, yas mərasimində iştirak edə bilmədiyi üçün üzrxahlıq etmişdi...Bir neçə gün acı xəbərin təəssüratından ayrıla bilmədim. Sən yaxşı adam idin, ağacların tumurcuqlayan, yarpaqların çırtlayan vaxtında yaxşıların sırasından bir yarpaq da qopdu...
Verilişləri, söz-söhbəti ilə könül dünyamızı şadlandıran ruh adamı, ruhun şad, məzarın nurlu olsun!
Yaqut Bahadurqızı,
Filologiya üzrə fəlsəfə doktoru