27 Mart 2025 08:22
618
ƏDƏBİYYAT

Tarixdə unudulmaz qəhrəman kimi qalan Telman Tanrıverdiyev

Azərbaycan tarixinə nəzər salsaq, görərik ki, vətənpərvərliyin dərin kökləri vardır. Hər bir insanın qiyməti onun vətənə, millətə xidməti, ləyaqəti isə vətənpərvərlik hissi ilə ölçülür. Tariximizin şanlı səhifələrində qalan Milli Qəhrəmanlarımız- Mübarizlərimiz, Poladlarımız... bunu əyani olaraq bütün dünyaya sübut etdilər. Vətənimizin cəsur oğulları el-obası və xalqı üçün yaşadı, gələcək nəsillər onların həyat və döyüş yollarını örnək bildilər.

 Bu sadəcə orduda xidmət etmək deyil, vətənə sadiq olmaq, sevmək, torpağa bağlı olmaqdan keçir. 

Azərbaycan torpağı hər bir azərbaycanlı üçün müqəddəsdir. Çünki bu torpaqlar bizə əcdadlarımızın əmanətidir. Vətəni qorumaq hər birimizin həm vətəndaşlıq, həm də övladlıq borcudur. Hər bir azərbaycanlı vətənini sevməyə, onun suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü qorumağa borcludur.

Heç şübhəsiz ki, ana vətənini qanı-canı bahasına qoruyan və yaşadan qeyrətli, igid oğullarımız Azərbaycanın ərazi bütövlüyü uğrunda od-alovdan keçərək şanlı zəfər tarixi yazdılar. Onların şücaəti, igidliyi, vətənpərvərliyi və qorxmazlığı sayəsində bu gün torpaqlarımız düşmən əsarətindən azad edilib. Bu bir həqiqətdir ki, qəhrəman oğulların sayəsində şəhidlərimizin qanı yerdə qalmadı. 

Bəzən qəhrəmanlıq bir anda olur, amma neçə əsr, neçə qərinə danışılır. Qəhrəmanlıq milli-mənəvi bağlılıqdan, mənəviyyat zənginliyindən, vətənə bağlılıqdan xəbər verir. 

Bu hadisələr ümumilikdə ədəbiyyat tariximizdə yeni qəhrəmanlıq səhifələri yaratdı.

Vətən qəhrəmanları elə dastanlar yazdılar ki, qərinələr , qərinələr keçəcək, amma hər zaman onlar haqqında danışılacaq, yazılacaq. Torpağı vətən edən şəhidlərimiz canlarını torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda fəda etməklə, vətənə əsil oğul, gələcək nəsillərə gözəl örnək olmağın nümunəsini göstərdilər. 

Qəhrəmanlıq tarixində igidliyi, vətənə bağlılığı və xeyirxah əməlləri ilə hər kəsin qəlbində silinməz yeri olan oğullardan biri də haqqında söhbət açacağımız Telman Tanrıverdiyevdir.

 

Telman Tanrıverdiyevi tanıyaq

Telman Əliş oğlu Tanrıverdiyev 2 fevral 1956-cı ildə Laçın şəhərində anadan olmuşdur. 1972-ci ildə Laçın şəhərindəki 1 nömrəli məktəbi müvəffəqiyyətlə bitirmişdir. O, 1974-1976-cı illərdə həqiqi hərbi xidmətdə olmuşdur. 1977-1982ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki BDU-nun) Hüquq fakültəsində təhsil almışdır.
  1984-cü ildən 1991-ci ilədək Laçın Rayon Partiya Komitəsində təlimatçı vəzifəsində çalışmış, paralel olaraq Sosial İdarəetmə və Politologiya İnstitutunda (indiki Prezident yanında Dövlət İdarəçilik Akademiyasında) Dövlət və Bələdiyyə İdarəetməsi ixtisası üzrə təhsil almışdır.

 Təhsilini başa vuran Telman Tanrıverdiyev 1991-ci ildə Daxili İşlər Nazirliyinin Laçın Rayon Polis Şöbəsinin rəis müavini vəzifəsinə təyin edilir. 1992-ci ildə Laçın rayon prokuroru təyin olunur. 

1995-ci ildən 1998-ci ilədək Gəncə şəhər prokurorunun, 1998-ci ildən 2004-cü ilədək Kürdəmir rayon prokurorunun, 2004 – 2009-cu illərdə Lənkəran şəhər prokurorunun, 2009 – 2010-cu illərdə Abşeron rayon prokurorunun və 2010 – 2016-cı illər ərzində Bərdə rayon prokurorunun böyük köməkçisi vəzifələrində çalışmışdır.
  2016-cı il tarixdə Prokurorluq orqanlarında xidmətdə olmanın son yaş həddi ilə əlaqədar olaraq təqaüdə çıxmışdır. Xidmətdə olduğu illər ərzində Azərbaycan Respublikasının Baş Prokuroru tərəfindən dəfələrlə mükafatlandırılmışdır.
  1993-cü, 1995-ci, 1999-cu, 2002-ci, 2006-cı, 2008-ci, 2012-ci, 2013-cü və 2016-cı illər ərzində prokurorluq orqanlarında qüsursuz xidmətlərinə görə müxtəlif mükafatlarla təltif olunmuşdur. Döyüşlərdə iştirakına görə “Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi” tərəfindən “Fədai” medalı ilə təltif edilmişdir.
  Telman Tanrıverdiyev 17 avqust 2020-ci il tarixdə “Covid-19” infeksiyasının təsirləri nəticəsində vəfat etmişdir. Allah rəhmət eləsin!
 

Düşmənə sarsıdıcı zərbə endirən DÖYÜŞÇÜLƏRƏ RƏHBƏRLİK EDƏN QƏHRƏMAN

 

  Xatırladaq ki, verilən məlumata görə, Telman Tanrıverdiyevin 1991-ci ildə Laçına rəis müavini təyin olunan ərəfələr müharibənin şiddətli vaxtları idi. Rəis müavini təyin olunduğu gündən döyüşlərin ən qaynar nöqtələrinə gedir və bir çox əməliyyatlara rəhbərlik edirdi.
  Şuşanın Xankəndi şəhərinə bitişik Kərkicahan kəndinin azad olunması əməliyyatına tabeçiliyində olan 25 nəfərlə rəhbərlik etmişdir. Laçın polislərindən Çingiz Abbasov, Şərafəddin Əsədov, Seymur Şükürov, Əbülfət Kərimov, Elçin Məmmədov, Mənsur Quliyev,  Nüsrət Balakişiyev və başqa əməkdaşlarla birlikdə böyük bir erməni dəstəsini qovub kəndi azad etmişlər. 

 Döyüş yoldaşları onu “İRƏLİ!” yox, “ARXAMCA!” gəl, deyən bir komandir kimi xarakterizə edirlər.
  Daha sonra Laçın polisinin üzvlərilə birlikdə Laçın rayon Minkənd kəndi ilə Sisyan ərazisinin sərhəddində yaylağa gətirilən İmişli, Zərdab, Beyləqan və digər rayonların əhalisinə məxsus minlərlə mal-qaranın çoxsaylı erməni kəşfiyyatçısı tərəfindən oğurlanmasının qarşısını almış, iri və xırdabuynuzlu heyvanların geri qaytarılmasına nail olmuşdular.
   

Silahdaşları Telman Tanrıverdiyevi qürurla xatırlayırlar

 

 Döyüş yoldaşı Çingiz Abbasov Telman Tanrıverdiyev haqqında bunları söylədi: “O, çox cəsur, təmkinli və mərd komandir idi. Onun haqqında çox danışmaq olar. Amma mən çalışacam ki, bəzi məqamları diqqətə çatdıram. 1992- ci il dekabr ayının ortalarında, rəis müavini Telman Tanırverdiyev mənim sərhəddə yerləşən 29-cu postdan təcili olaraq  şöbəyə gəlməyimi  xahiş etdi. Mən tez bir zamanda şöbəyə gəldim. Qeyd edim ki, qonşu rayonlar bizi həmişə fövqaladə vəziyyətlərdə köməyə çağırırdılar. Bu mənada Telman müəllim dedi ki, Cəbrayıl ərazisinə ermənilər hücuma keçib, kömək istəyirlər. Və bildirdi ki, mən 25-30 nəfərlə köməyə gedirəm, sən isə qalan ehtiyat qüvvələri hazır saxla, hadisələrin gedişi barədə sizinlə mütəmadi əlaqə saxlayacağam, deyib axşam saat 21:00-da yola düşdülər. Gecə saat 3:00-da əlaqəyə çıxdı, dedi ki, hər şey yaxşıdır, narahat olmayın, düşmən geri oturduldu. Səhərisi qayıtdılar Laçına...

Növbəti dəfə belə çağırışlardan biri Şuşadan gəldi. 1992-ci il Daşaltı əməliyyatında Şuşadan kömək istədilər. Biz 30 nəfər döyüşçü ilə Telman müəllimin rəhbərliyi altında Şuşaya köməyə getdik. Orada Müdafiə Nazirliyinin nümayəndəsi Telman müəllimə döyüş əməliyyatının planı barədə danışdı. Telman müəllim mənim Laçına qayıtmağımı, yəni hər ehtimala qarşı hər şeyə hazır olmağımızı bildirdi. Bu minvalla lazımı dəstəyi verib, iki gündən sonra onlar da Laçına qayıtdılar.

 Telman müəllim qayıdarkən bələdçinin onları yolda qoyub qaçmasından danışıb çox təəssüflənirdi. Bələdçi qaranlıq düşən kimi qaçdı. Biz mühasirəyə düşdük, səhərə kimi atışma davam etmişdi. Bizdən qabaq gedən qrup pusquya düşmüşdü, çox sayda şəhid və yaralı var idi. Onları Nəbilər və Zarıslı tərəfə çıxartdıq...

 Bəli, Telman müəllim böyük qəhrəman olub.

 1992-ci ilin mart ayının ortaları idi, aşağı yol postundan xəbər gəldi ki, Bakıdan 100-ə yaxın maşın karvanı gəlib Şuşanın mal-qarasını çıxarmağa.Telman müəllim əmr verdi ki, bir dənə də olsun maşın Laçın istiqamətindən Şuşaya buraxılmasın. Beləliklə, maşın karvanı geri qaytarıldı. Şüşada vəziyyət gərgin idi…

 May ayının 1-də Şuşanın rəis müavini Eldəniz müəllim zəng edib Laçından kömək istədi. 

-Telman müəllim məndən soruşdu, kimləri göndərək köməyə? 

-Dedim Zabux postunu dəyişib, Oktay Güləliyevin rotasını göndərək. Biz ehtiyat qüvvəni götürüb Zabux postuna getdik. Telman Tanrıverdiyev Oktayı Güləliyevin rotasını səfərbər edib Şuşaya köməyə getdilər. Onlar may ayının 7-nə kimi tar sexinin yanında Telman müəllimin idarəçiliyi ilə döyüşürdülər. Elə həmin gün səhər saat 8:00-da xəbər gəldi ki, nazir Laçına gəlib, təcili Laçına gəlsin. Laçını ermənilər artileriya və müxtəlif çaplı silahlarla vururdular. Onlar dərhal Laçına qayıtdılar. Ermənistan tərəfindən atılan raketlərin ardı-arası kəsilmirdi. Çox sayda şəhidlərimiz var idi. Mayın 8-də Şuşa işğal olundu. OMON döyüşçülərindən xəbər gəldi, bəs nazirə çatdırın ki, erməni tutmuşuq deyir may ayının 11-13-də ermənilər 3 istiqamətində 16 batalyonla Laçına hücuma keçəcəklər. Bu baxımdan Telman müəllim Ermənistan tərəfdən sərhəddə ermənilərin hücumunun qabağın almaq üçün əmr verdi. O, bütün əməliyyatları özü idarə edirdi...

10 may nazirin əmri ilə Laçın polisi şəhərdən çıxarılıb yuxarı Fərəcan istiqamətinə göndərildi. Həmin vaxt mən və Telman müəllim Akif müəllimə müraciət etdik. Bildirdik ki, nəyə görə bizi şəhərdən çıxardırlar?

Biz şəhərdə qalıb əhalini qorumalıydıq. O, bizə bildirdi ki, bu  nazirin əmridir. Beləliklə mayın 18-nə kimi Laçından xəbərimiz olmadı.18-də xəbər gəldi ki, Laçın işğal olunub. Bizə Bakıya gəlməyi əmr etdilər.  Nazir Kəlbəcər istiqamətində Laçının şimalına girmək üçün səfərbər olmağımızı əmr etdi. Biz iyun ayının 3-də Laçının Qorçu kəndinə gəldik. Gələn gündən başlayaraq xüsusi kəşfiyyat, mobil döyüş qrupları yaratdıq. Bunların hamısına rəis müavini Telman Tanrıverdiyev rəhbərlik edirdi. İyun ayının ortalarında Telman müəllim   bir neçə kəşfiyat qrupunun kəndlərə göndərilməsi göstərişini verdi. 3 kəşfiyyat qrupundan biri Vağazin, biri Şamkənd, digəri isə Mişni kəndi istiqamətinə göndərildi. Telman müəllimin özü isə Pricahan kəndinə getdi, bu vaxt Mişni kəndində atışma başladı. Ehtiyat qüvvəsi olmadığı üçün köməyə gedə bilmədik. Telman müəllim təcili Qorçuya qayıtdı. Səhərisi gün o biri qruplar da qayıtdılar. Bildirildi ki, Mişnidə ermənilərlə atışma olub, 30-a yaxın erməni məhv edilib, 8 nəfəri isə əsir götürülüb. Bu əməliyyata da rəs müavini Telman Tanırverdiyev rəhbərlik edirdi. O, sentyabr ayının 10-na qədər gedən döyüşlərdə şəxsi heyətin yanında olub. Hoçaz döyüşləri başlayan vaxt artıq Telman müəllim Laçının rayonunun prokuroru təyin olunmuşdu. Prokuror olmağına baxmayaraq, yenə də döyüşlərdə iştirak edirdi. Prokuror olduğu müddət ərzində döyüş yoldaşlarını yaddan çıxarmırdı, tez-tez ərzaq, paltar, digər yardımlar edirdi”.

 

Onun silahdaşlarından  təqaüddə olan Ədliyyə polkovniki Nizami Cavanşir oğlu Quliyev də Telman Tanrıverdiyevlə döyüşdə olub. O, bu barədə elə həmin məqamlardan danışır: “Biz Telmanla uşaqlıqdan bir böyümüşük. Aramızda aşağı-yuxarı bir il yaş fərqi varıydı. O, bir yaş böyük idi. 

 

1992-ci il may ayının 7-də DİN-nin nazir müavini Laçında vəziyyətin ağır olduğunu, təcili olaraq oraya ezam olunmağımızı və orada olan məxfi sənədlərin qorunması göstərişini verdi. Bizim üç nəfər idik- Şuşa türməsinin rəisi Aydın, Penitensiar xidmətin müavini Məzahir Nəbiyev və mən. Elə həmin gün bizə lazım olan silahları verdilər və biz yola düşdük. Biz Şuşaya girəndə yolda gördük ki. Artıq Şuşa camaatı çıxır. Lesaqorda DİN-nin naziri Tahir müəllim də orada idi. Artıq bizə bildirdilər ki, Şuşa işğal olunub, Ermənilər Zarıslıya qədər gəliblər, onların tank və canlı qüvvələri orada mövqe tutublar. Biz Laçına qayıtdıq, vəziyyət çox gərgin idi. Artıq Laçına bir çox istiqamətlərdən girməyə cəhd edirdilər. Elə həmin ərəfədə biz Telman Tanrıverdiyevlə qarşılaşdıq. O gəlişimizin məqsədini soruşdu, bu barədə ona ətraflı danışdıq. Telman artıq Şuşanın işğal olunduğunu bildirib, məyus halda gileyləndi. “Silahlı dəstələrimiz torpağı qoyub qaçır. Qabağını ala bilmirəm”- deyb çox təəssüflənirdi. Onun nə qədər stress və həyəacan keçirməsi, əllərinin əsməsi və səsinin titrəməsindən hiss olunurdu. Biz vəziyyəti belə görüb mənimlə birlikdə xüsusi tapşırıq üçün gələnləri Bakıya yola saldıq. Telman müəllim mənə nə qədər təkid eləsə də, “mən belə vəziyyətdə sizi qoyub gedə bilmərəm dedim.” Mənim rütbəm mayor idi. Mən təklif elədim ki, sıravi əsgər kimi qalıb sizinlə Laçınımızı müdafiə edəcəm. Bu minvalla mən qoşuldum onlara…

Elə bu arada gördük ki, bir qırad qurğusu hazır vəziyyətdə bizə tərəf gəlir. Ekipajı da içində. Onu da deyim ki, “Qrad” döyüş vəziyyətinə tam hazır idi. Çox sayda “snaryad”ları da üstündə. Telman bildirdi ki, biz gedirik ermənilərin qarşısını almağa. Böyük bir mübahisədən sonra əsgərlərlə birlikdə Mərkiz dağına qalxdıq. Bu dağdan həm Dığ tərəfdən, həm də Gorus tərəfdən irəliləyən dəstələri görmək mümkün idi. Bizimlə dağa qalxan dörd nəfər əsgərin içində bu qurğunu ata bilən qrup komandiri də var idi. Telman özü şəxsən “Qrad”ı dərhal Dığ istiqamətinə yönəltdi və atış başladı. Atışdan sonra hədəflərimizin necə vurulduğunu gördük. Gorus istiqamətində olan hədəflər də vuruldu.  “Qrad” qurğusu ani anda yoldan çıxdı. Biz nə qədər çalışdıqsa da, quğunu işə sala bilmədik. Elə bu anda Əbülfət Kərimov gəldi. O da çox qorxmaz adam olub. Bildirdi ki, postlarımızı düşmən ələ keçirəcək, bizə kömək lazımdır. Telman müəllim dərhal maşına oturdu və həmin istiqamət üzrə hərəkət etdilər. Yolda gördük ki, əsgərlər camaatı incidir. Telman müəllim dərhal müdaxilə edib, onlara ciddi tapşırıqlar verdi. Biz Telmanla birlikdə Suarasına getdik. O, postu yerbəyer edib, tapşırıqlarını verdi. Ermənilər tərəfindən salınmış yeni qəsəbənin yanında ermənilər mövqelərini möhkəmləndirmişdilər. Onların məqsədi həmin istiqamətdə hərəkət edib Güləbird  və Qayğı qəsəbəsində keçən yolu kəsib müahsirəni gerçəkləşdirmək idi. Telmanın əlində plemuyot varıydı. O, yanına bir neçə nəfər götürüb ermənilərin saldığı qəsəbənin yuxarı meşəlik hissəsindəki posta hücum elədi. Evdə yığışmış silahlı erməniləri qırdılar. Artıq biz də ora yaxınlaşmışdıq. Evdə olan ermənilər və onlara köməyə gələnlərin hamısı öldürüldü.  Telman müəllim o ərazi üzrə 4 yerdə post qoydu.

Gecə sdaat 12:00-da dedi ki, mən kəşfiyyata gedirəm. Ermənilər meşənin digər hissəsində, hətta dərinliyində böyük post qurmuşdular. Aradan 2 saat keçmişdi ki, atışma başladı.  Bu atışma bir neçə saat davam elədi. Biz postu buraxıb onlara köməyə gedə bilməzdik. Çünki ermənilər bu postları ələ keçirsəydilər, gediş-gəliş dayanacaq, geridə qalanlar mühasirəyə düşəcəkdi. Atışma dayandı. Çox həyəcanlı idik. Elə bildik ki, Telman və yanındakılar şəhid olub. Səhərə yaxın baxdıq ki, Telman gəlir. Çox sevindik. Telmangil o döyüşdə postda olan 5 ermənini və sonradan gələn 3 dığanı məhv etmişdilər. 9 may tarixindən sonra Laçından kim çıxıbsa, onlar Telman Tanrıverdiyevin sayəsində buna nail olublar. May ayının 13-14-də Suarasında Zori Balayanın saldığı yeni qəsəbədə böyük atışma oldu. Qəsəbənin yanındakı Erməni postlarının hamısı Telmanın başçılıq elədiyi döyüşçülərin sayəsində dağıdıldı.

17-18 may tarixində Laçın polisi də çıxdı. Qeyd edim ki, qardaşım Fazil Quliyev də həmin döyüşlərdə döyüşürdü. O, Milli Qəhrəman Oqtay Güləliyevin yanında idi. 

Telmanla birlikdə döyüşlərdə olduğum 10 gün ərzində mən onu daha yaxından tanıdım. Onun çox qorxmaz, həyatını riskə atan, güllənin qabağına sinəsini sipər edən, etibarlı bir insan olduğunun şahidi oldum. 10 gün az qala bir qərinəyə bərabər idi. Çox hadisələrə şahidlik elədim. Bu on gün mənə onu da qismət elədi ki, Telman Tanrıverdiyevin vətənə elinə-obasına necə bağlı olduğunu öz gözlərimlə görüm”. 

Silahdaşlarından Əbülfət Kərimov səngərdə çiyin-çiyinə döyüşdükləri Telman Tanrıverdiyev haqqında elə xatirəlrini bizə danışdı ki:

"1991-c- ilin mart ayında Şuşa polis şöbəsindən zəng gəldi ki, ermənilər Şuşanın Kərkicahan kəndini alıblar, kömək lazımdır. Onda mənim 22 yaşım var idi. Biz səhv eləmirəmsə, 25 nəfərlik qrupla bir yerdə Telman müəllimin rəhbərliyi altında. Biz döyüşə getdik. Kərkicahanın yuxarı hissəsindən kəndə yaxınlşadıq. Ora çatanda gördük ki, Xüsusi Təyinatlı Polis dəstəsinin 5 nəfər əməkdaşı kəndin kənarında müdafiə xəttində dayanmışdılar. Kəndin baş tərəfindən kəndə girdik. Küçədə bir erməni ilə qarşı-qarşıya gəldim. Onlar kəndi qarət edirdilər. O mənə dedi ki, ərə qorxma, səni öldürmərəm. İki hündüşka da çiynində dayanmışdı. Hiss olunurdu ki, içkilidir. Kefi yuxarı idi. İlk dəfə idi ki, belə bir mənzərə ilə üzləşirdim. Biz artıq kəndə girmişdik.  Ermənilər isə kənddən çıxmışdılar. Kəndin kənarında ermənilər qaçırdı. Telman müəllim hər kəsi yerbəyer elədi. Camaat kənddən çıxmışdı. Biraz keçəndən sonra Şuşa polisi gəldi.  Və biz Laçına qayıtdıq.  Laçın ərazisində Sadınnardan məlumat gəldi ki, ermənilər kəndə basqın ediblər. Kənddə rəhmətlik Polad, Tahir, Yelmar, kənd sakini Qaçay var idi. Kəndin yuxarı tərəfində halçalıq deyilən ərazidə qəfil ermənilərlə üzbəüz çıxdıq. Döyüş başladı. Ermənilər kəndə girə bilmədilər. Bu halda onlar kəndə sarı müxtəlif çaplı silahlardan atəş açmağa başladılar. Mən ratsiya vasitəsi ilkə Laçın Polis Şöbəsindən kömək istədim. Aradan biraz keçmiş Telman Tanrıverdiyev bir qrup əməkdaşla bizə köməyə gəldi. 8 saat döyüş getdi. Ermənilər geri otuzduruldu. O, çox məsuliyyətli, qorxmaz, cəsarətli bir adam idi. Bütün döyüşlərdə əlində silah yanımızda dururdu. Bir dəfə Malıbəy kəndi istiqamətində döyüş başlamışdı, bir də baxdıq ki, Telman müəllim yanımızdadır. Qaladərəsində 1991-ci ildə antiterror əməliyyatı keçirildi. Bu əməliyyata Telman Tanrıverdiyev rəhbərlik edirdi. Telman müəllim Yığseqoq kəndi istiqamətində terrorçuların təmizlənməsi əməliyyatına rəhbərlik edib."

  Telman Tanrıverdiyev 17 avqust 2020-ci il tarixdə “Covid-19” infeksiyasının təsirləri nəticəsində vəfat etmişdir. İndi onun ruhu şaddır, uğrunda döyüşdüyü torpaqlar işğaldan azad olunub.

Amma onun işıqli xatirəsi həmişə dostlarının, onu tanıyanların qəlbində yaşayacaq. 

Allah rəhmət eləsin!

  

Subut Mehdiyev, jurnalist, 

İnsan Hüquqları Müdafisi Mərkəzi