Milli Məclisdə Qlobal Cənuba dair müzakirə təşkil olunub

Bu gün Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsində “Qlobal Cənubun yüksəlişi və Qərb: Azərbaycanın rolu, əməkdaşlıq və inkişaf üçün yeni imkanlar” mövzusunda müzakirə təşkil olunub.
Adalet.az xəbər verir ki, komitə sədri Səməd Seyidov deyib ki, beynəlxalq münasibətlər xaos içərisindədir və bu xaos fonunda Azərbaycanın özünün milli maraqlara söykənən xarici siyasət aparmaq qabiliyyətini nümayiş etdirir.
Səməd Seyidov nəzərə çatdırıb ki, bu, Prezident İlham Əliyevin Cənubi Qafqazda yaratdığı yeni reallıq sayəsində mümkün olub.
Xarici işlər nazirinin müavini Yalçın Rəfiyev qeyd edib ki, BRİCS artıq Qlobal Cənubun önəmli aktorlarından birinə çevrilməkdədir: “Azərbaycan öz xarici siyasətində çoxtərəfliliyə üstünlük verir, bunun bir çox praktiki nümunələri var. Prezident İlham Əliyevin koloniyalizmə qarşı atdığı praktik addımları qeyd etməliyəm. COP-29-un açılış mərasimində də Prezident İlham Əliyevin bu cür mövqe sərgiləməsi bütün dövlətlər tərəfindən səmimi qarşılandı. Bir çox ölkə Azərbaycanı körpü rolunu oynayan dövlət kimi görürdü”.
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) sədri Fərid Şəfiyev Azərbaycanın Qlobal Cənub platformasında artıq aktiv təmsil olunduğunu söyləyib: “Azərbaycanın Qlobalı Cənub ölkələri ilə əməkdaşlığı artır. BMT Təhlükəsizlik Şurasında 3 dəfə Azərbaycana qarşı olan cəhdləri biz Qoşulmama Təşkilatının qeyri-daimi üzvləri hesabına neytrallaşdırmışıq. Qoşulmama Hərəkatı da Qlobal Cənubun bir üzvüdür. Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) kimi təşkilata Azərbaycan sədrlik edəcək. İlk dəfə olaraq, bu təşkilatın Forumu sentyabrda keçiriləcək. Biz bu foruma ev sahibliyi edəcəyik. Ticarət sahəsinə baxsaq, bizim bir neçə ölkədən asılılığımız var. Əlaqələrimiz Avropa ilə bağlıdır. Kənd təsərrüfatı məhsullarımız adətən Rusiyaya gedir. Çinlə bağlı perspektivlər açılıb. Afrika və digər Asiya ölkələri ilə də bu və digər formada əməkdaşlığı inkişaf etdirməliyik”.
Deputat Azərbaycanın Qlobal Cənubda artan nüfuzuna diqqət çəkib.
Deputat Nigar Məmmədova Rəsmi Bakının inkişaf etməkdə olan ölkələrin hüquq və mənafelərini qoruduğunu söyləyib.
Deputat Rizvan Nəbiyev deyib ki, Azərbaycan malik olduğu coğrafi mövqeyi və siyasi, iqtisadi resursları ilə Qlobal Cənub ölkələri ilə həm ikitərəfli, həm də çoxtərəfli formatda münasibətlərin inkişafına töhfə və təkan verməkdədir: “Xüsusi ilə Zəfərimizdən sonra Azərbaycan və onun tərkibi olduğu Şərq-Qərb Orta dəhlizin əhəmiyyəti xüsusi ilə artıb. Yeni status kvonun üstünlüklərinə fokuslanan iqtisadi-ticarət və siyasi əlaqələrin inkişafı Qlobal Cənubla əməkdaşlıq strategiyasının əsasında dayanır. Çinlə imzalanan hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin yaradılması haqqında Birgə Bəyanatda yer alan Çin-Avropa-Çin transxəzər ekspress marşrutu bunu bir daha təsdiqləyir. Yaxud Avropa İttifaqı-Mərkəzi Asiya ölkələrinin cari ilin aprelində baş tutmuş Səmərqənd sammitində 2030-cu ilədək əsasən nadir metalların istehsalı və Avropaya ixracı üçün 12 milyard avro investisiya razılaşdırıldı. Mərkəzi Asiyadan da təbii resursların Avropaya ixracatı marşrutunda Azərbaycan malik olduğu coğrafi mövqe və yaratdığı loqistika-nəqliyyat infrastrukturu ilə mühüm tranzit tərəfdaşı rolunda çıxış edəcək”.
Deputat Milli Məclisin Asiya Parlament Assambleyasına sədrliyinə, qurumun car ilin fevralında Bakıda keçirilən plenar iclasına diqqət çəkib: “Qərbi Azərbaycana qayıdış hüququnun təmini ilə bağlı bənd qurumun Bakı Bəyannaməsində yer aldı".
Tədbir müzakirələrlə davam edib.
Digər Xəbərlər

Səfir: Türkiyə-Azərbaycan əməkdaşlığı üçün davamlı şəkildə çalışırıq

"Gözləntilərimiz budur ki, Hindistan bu prosesə xələl gətirəcək addımlar atmasın" - Nazir müavini

"Ticarət sahəsinə baxsaq, bir neçə ölkədən asılılığımız var" - Fərid Şəfiyev

"Biz öz mövqeyimizi konkret olaraq göstərməliyik" - Komitə sədri

Azərbaycanda İƏT-in Zirvə görüşü keçiriləcək

"Azərbaycan çoxtərəfli münasibətlər sistemində fəallığını qorumağa çalışan dövlətdir" - Nazir müavini

Çürümüş cəsədə can vermə prosesi:Şahramanyan "fərman" imzalayıb
