O QƏDƏR MÜDRİK XALQIQ Kİ, FƏLAKƏTİMİZLƏ DƏ MƏZƏLƏNİRİK - Aqil ABBAS yazır

AQİL ABBAS
1004 | 2024-10-23 18:00

Bu günədək təbii fəlakətlərlə heç kim və ya heç bir ölkə bacara bilməyib. Dünyanın ən sivil və ən qüdrətli dövlətləri də, istər ABŞ olsun, istər Fransa, istər Almaniya, istərsə də Rusiya təbii fəlakətlər qarşısında aciz qalıblar.  Bunun da bir səbəbi odur ki, supergüclər planeti o qədər barmaqlayırlar ki, planet  xəstələnib. Və həmin supergüclər də planetin  xəstəliyinə əlac etməkdənsə daha da çox barmaqlayırlar. Əgər Səudiyyə Ərəbistanına qar yağırsa, deməli, dünya kəllə-mayallaqdı. 

Bakıda 200 ölkənin iştirakı ilə keçiriləcək COP-29 da məhz planeti bu xəstəliklərdən xilas etmək üçündür. 

Bakıya möhkəm yağış yağdı, yolları su basdı, tunellər  ağzınacan su ilə doldu. İki nəfər insan da tuneldə boğularaq öldü. Amma o iki insanın çıxıb maşının üstündə zarafatlaşmasını  videoya çəkməsi çox maraqlıydı. Onların boğulub  ölməsi isə müəmma doğurur. Çünki ikisi də cavan adam, üzüb çıxa bilərdilər. Nə isə, taleləri beləymiş. 

Bir neçə  il bundan əvvəl Almaniya kimi bir ölkənin, yəni qüdrətli bir ölkənin Drezden şəhəri sel-su altında qalmışdı.  Şəhərin ən məşhur kitabxanasını, muzeyini su basmış, nə qədər qiymətli sənət  əsərləri və kitablar  məhv olmuşdu. 

Elə bu yaxınlarda Paris də Bakıdan betər günə qalmışdı. Praqada da sel-su şəhəri iflic hala gətirmişdi. 

Ən böyük şəhərlərdən biri  olan Moskvada nəinki tunelləri, metronu da su ağzına almışdı. 

İndi Bakıda da təbii bir fəlakət baş verib. Amma maraqlı budur ki, bu fəlakət sosial şəbəkələrdə məzələnmə obyektinə çevrilib. 

Görən, Parisdə və ya Drezdendə və ya ABŞ-da olan fəlakətlərdə də insanlar bizim qədər məzə tutublarmı?!

Dünyanın gözü Bakıda olarkən bu fəlakətlə məzələnmək heç də xoş hal deyil. 
 

TƏQVİM / ARXİV