Ölkənin demək olar ki, bütün rayonlarında dəyəri on milyon manatlarla olan Olimpiya mərkəzləri tikilib. Hər bir texniki ləvazimatla təmin olunub, geniş və rahat idman zalları, hər biri 3 min tamaşaçı tutan stadionları var. Hər sahə üzrə də məşqçilər dövlətdən maaş alırlar.
Bir araşdırma aparıb baxsınlar görək bu günədək bu Olimpiya mərkəzləri Azərbaycana heç olmazsa bir boksçu, bir ağırlıqqaldıran, bir güləşçi, bir üzgüçü və s. yetişdirə bilibmi?!
Hər bir rayonda idman komitəsi və regional idman idarələri fəaliyyət göstərir. Bunların işi nədi?
Rayon icra başçılarından pambıq, taxıl, heyvandarlıq məhsulları və s. tələb edirlər. Bəs, onlardan niyə idmana da diqqət göstərməyi tələb etmirlər?
Vaxtilə Ağdamda Olimpiya mərkəzi yox idi, idman məktəbi isə keçmiş qaz anbarında yerləşirdi. Mən də yalandan-puşdan güləşə gedirdim. Çirkli döşəklər, iydən-qoxdan da baş çatlayırdı, amma bu xaraba idman məktəbi Əbülfəz Əliyevin məşqçiliyi ilə Ceyhun Məmmədov başda olmaqla, dəfələrlə Avropa və dünya çempionu olan 10-a yaxın samboçu yetişdirmişdi. Hələ mən Azərbaycan və SSRİ çempionlarını yazmıram.
Hacı Əkbər Rüstəmovun məşqçiliyi ilə (Hacı Əkbərin 50 nömrəli peşə məktəbində yaratdığı güləş zalı təmizliy ilə fərqlənirdi) Azərbaycana və SSRİ-yə nə qədər adlı-sanlı çempion yetişdirmişdi.
İndi Ağdamda çox bahalı və səliqəli, hər cür maddi-texniki bazası olan Olimpiya Mərkəzi fəaliyyət göstərir. Təəssüf ki, indi nə Əbülfəz Əliyev var, rəhmətə gedib, Hacı Əkbər Rüstəmov da qocalıb, day məşqçilik etmir.
Bir ara Şahbaz müəllim karate məktəbi açmışdı, o məktəbin indiki vəziyyətindən də xəbərim yoxdu. Ona görə xəbərim yoxdu ki, məktəbdən xəbər yoxdu.
Stadionunda da o qədər at çapıblar ki, yenidən orda futbol oynamaq üçün nə qədər xərc çəkilməlidir. Ağdam atçılığın mərkəzidi, amma nə qədər izləyirəm çövkan oyunlarında Ağdamın komandasına rast gəlmirəm.
Ağdamlılar məndən inciməsin, bunu ürəyim yandığı üçün yazıram.
Yeri gəlmişkən, bir rayonda təzə stadion tikirlər. İctimaiyyət yığışıb, qonşu rayonun komandasını da çağırıblar, futbol matçı keçirilir. Birinci hissə qurtarandan sonra başçı deyir:
- Ə, day bəsdi, oyunu qurtarın, otu xarab etməyin.