ALA, YE, DUDA! - Aqil ABBAS yazır

AQİL ABBAS
883 | 2024-12-01 09:00

Rusiya Ukraynaya «Oreşnik» raketi atandan sonra digər NATO dövlətlərinin  başçıları kimi özünü batıran Polşa prezidenti Duda gəlib Ermənistanda Göyçə gölündə  şalvarını yumağa, sonra da qoşulub Avropadan gəlmiş  missionerlərə gəlib   bizim sərhədə. Əlinə durbin götürüb bizim ərazilərə baxıb. 

«26-lar» filmində belə bir yer var. İngilislər gəlirlər Bakıya, gəmidən  töküləndə ingilis eşşəklərinin əsgərlərdən çox olduğunu görüb Şahbazovu gülmək tutur. Dönüb  yanındakı erməni milyonçusuna deyir: 

- Ədə, bunların  dördayaqlıları ikiayaqlılarından çoxdur ki.  Dirsəyimi ye!

İndi bu  ikiayaqlı  missionerlər, əslində casuslar, başda Polşa  prezidenti Duda olmaqla  bizim ərazilərə baxanda gərək bizim əsgərlər də Dudaya «Dirsəyimi ye» deməyəydilər, ayrı şey yazacaqdım, oxuculardan ayıbdı, bir az mədəni formada yazıram, baş barmaqlarını iki barmaqlarının arasından çıxarıb göstərəydilər Dudaya və deyəydilər ki:

- Ala, ye!

Təəssüf ki, əsgərlərimizin mədəniyyəti buna yol vermir.  Onsuz da 44 günlük müharibədə Müzəffər Ordumuz   həm Ermənistanı, həm də onun arxasında duran Avropa dövlətlərini, eləcə də Fransanı elə gözəl və möhkəm yedirdiblər ki, hələ də cırılırlar. 

Qaldı  Dudaya, darıxmasın, tezliklə Rusiya Ukraynaya atdığı «Oreşnik» raketlərini onlara da yedirdəcək. 

Görən, onda  Paşinyan  Polşaya gedib əlinə durbin götürüb Kalininqrada  baxa biləcəkmi? 

Nə isə, at gəldi örkən apardı, Duda da gəlib Ermənistandan çarıq apardı. 

TƏQVİM / ARXİV