05 Mart 2025 12:38
277
HADİSƏ

Övladına işgəncə verən ana saxlanılıb, cinayət işi başlanılıb - YENİLƏNİB

Azyaşlı övladına işgəncə verən ana saxlanılıb. 

Bu barədə Adalet.az-a DİN-in Mətbuat Xidmətinin baş inspektoru polis leytenantı Lumu İsrəfilli məlumat verib. 

O qeyd edib ki, sosial şəbəkələrdə azyaşlının xəsarətləri əks olunan görüntülər polis tərəfindən araşdırılıb. 

Məlumata görə, aidiyyəti dövlət qurumlarının əməkdaşları ilə birgə uşağın sığınacağa yerləşdirilməsi təmin olunub. 

Uşağın anası barəsində Cinayət Məcəlləsinin əzab vermə maddəsilə cinayət işi başlanılıb.  

Xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertiza təyin olunub. 
 

12:24

Anasının işgəncə verdiyi azyaşlı onun əlindən alınıb, sığınacağa yerləşdirilib.

Bu barədə Adalet.az-a Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı yanında Uşaq hüquqlarının müdafiəsi üzrə Komissiyadan məlumat verilib.

Bildirilib ki, azyaşlı hüquq-mühafizə orqanları ilə komissiyanın birgə qərarı əsasında sığınacağa yerləşdirilib:

"Hazırda məsələ Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, o cümlədən hüquq-mühafizə orqanlarının nəzarətindədir. Hadisə barədə Suraxanı Rayon Prokurorluğuna da məlumat verilib".

Eyni zamanda qeyd olunub ki, azyaşlının ancaq bir valideyni - anası haqqında məlumat var, atası ilə bağlı hansısa informasiya yoxdur.

Xatırladaq ki, sosial şəbəkələrdə bir neçə gün əvvəl azyaşlıya fiziki və psixoloji şiddət göstərilməsi ilə bağlı məlumat yayılıb. Ana Fatimə Ramazanova çəkdiyi və uşağın bir ayağı üstə küncə qoyulduğu görüntüdə azyaşlını döydüyünü, bədənində salamat yerin olmadığını etiraf edib.