03 Dekabr 2024 12:03
251
ƏDƏBİYYAT

VARAĞIN ÜSTÜNDƏ BİR QƏLƏM KİMİ... - Tərlan Əbilovun şeirləri

RƏNGLƏRİN İSTİSİ

Sevgisiylə təzə-təzə şəkilə salmağa başlaşmışdı
ondan əvvəl qaranlıqda keçən günlərimi.
Əlində fırça yuxularımı boyayırdı rənglərin elçisi.
Boş qalmışdı hüznün kürsüsü,
soyumuşdu küləyin hirsi,
unudulmuşdu vaxtın pisi.

Hər gecə varağa çəkdiyi şam rəsmi
işıqlandırırdı hücrəmi,
əridirdi qanımda tromblanmış qəmi,
buxarlandırırdı gözümdəki nəmi.

Nəğmə sözlərinə çevrilirdi gözlərimin zümzümə etdiyi,
əlimin ən uzaqda yetdiyi.

Üstümüzə bağlayırdı bir qapını hər gecə
qollarımızın qucağa döndüyü kağız.

Təzə-təzə
bir cüt ağ əlin yozumu bir dibçək gülə dönürdü,
bir dibçək gülün yozumu bir cüt ağ əl olurdu,
qəhvəyi rəngin arxasından bir cüt göz yumuldu 
işıq düşməyən rənglərimə.
Əlimdən düşdü bir çərçivə,
soyudu bədənim, saçlarım qışladı yenə,
yuxularımın şəkilsiz dönəmi başladı yenə...

***

 

TUTMAZ

İndi zaman bir başqadı,
ha tər tök, iş bəhər tutmaz...
Tutar ən yaxşını, di gəl
pisi çor tutmaz, çər tutmaz...

Ha su ver, bəxt çiçəklənə,
Bəyaz kağız lələklənə...
Adam o qədər təklənər,
təkliyini şəhər tutmaz.

Hörüb yoluna bir hasar,
Hərə öz gününü pusar.
Başından yüz nəfər basar,
əlindən bir nəfər tutmaz.

Get, tutub saxlamaz səni,
Qal, öp, quc, ağlamaz səni.
Gecə qucaqlamaz səni,
adını bir səhər tutmaz.

Ya bir göz yaşı selində,
Ya bir cin atı belində,
Düşüb öləsən evində,
heç kim səndən xəbər tutmaz...

***

 

VARAĞIN ÜSTÜNDƏ BİR QƏLƏM KİMİ...

Getməyə yerim yox, ölməyə üzüm,
Bu da bir ağrıdı çəkirəm elə.
Məndə vaxt nə gəzir oturmaq üçün,
Mən fağır ayaqda çökürəm elə.
Bu, təbiətimin yağmur vaxtında,
Sənə romanımın payızı düşüb.
Sən canın, telimi bir az yana çək,
Gör alnımdan sənə nə yazı düşüb?
Gör mənə alnımdan hansı allahın
Soyuğu, şaxtası, ayazı düşüb?

Hayanına keçim, durum hayanda,
Məni bu zülmətdə aydın görəsən?
Məni kürəyinə biləsən divar,
Ömrünü, gününü mənə hörəsən...
Görüm sinəm üstə o sarı saçın
Mənə nədən ötrü Arazı düşüb...

Varağın üstündə bir qələm kimi,
Nətəhər susum ki, eşidəsən sən?
Nətəhər çevrilim sağ çiynim üstə,
Pəncənin üstünə qalxıb birtəhər
Bir də sükutumdan öpə biləsən?
Mən də sezim, bilim çiynimdə məndən
O hansı mələkdi narazı düşüb...

Üzü qəribliyə yaşaran gözəm,
Mənə sevgilərin qürbəti düşüb.
Məni dərd özünə varis eyləyib,
Mənə ayrılığın sərvəti düşüb,
Mənə bir cütlüyün ən azı düşüb.

Azmışam içində kiçik ölkəmin,
İçimdə bir kiçik ölkə azıbdı.
Üstümə tanrıdan kölgə biçmişəm,
Yanımda bir yetim kölgə azıbdı...
Mənə ovucunun dayazı düşüb...

Vaxt da qar kimidi, izləri örtür,
Ətəyimdən tutan, qıçımı dartır...
Şeirimdən yapışıb iməkləyənlər,
Mən bəyənməyib ərsəyə çatır...
Əlimin içidi sözün qırışı,
Ta şeir yazmıram, şəkil çəkirəm.
Hamıdan ovcuma çəkilib, indi
Ovcuma rənglərlə sığal çəkirəm,
Könlümə rənglərin avazı düşüb.

Yaxşı ki, sən varsan, payız naxışlım,
Bəxtimə bir sünbül sarısı düşüb...
Yenə öz-özümlə danışdığımdan,
Aytək gecənin də yarısı düşüb.
Məni fikir, səni yuxu aparıb,
Sürüşüb əllərim, üzüm sürüşüb,
Başımın altından dizim sürüşüb,
Ayağım altından izim sürüşüb...

 

***

BİTMƏYƏN HEÇ NƏ YOXDU...

Bitməyən heç nə yoxdu,
vaxt hər şeyi bitirəcək.
Allah bizə nə xərcləyir,
artığıyla götürəcək.

Zaman çözüb izimizi,
Əlimizi, dizimizi,
Qrimləyib üzümüzü,
bizə də əl yetirəcək.

Nə fərqi kim kimdən doyub,
Nə fərqi kimə kim qıyıb...
Kimsə bir gün xatırlayıb,
bizi kökstək ötürəcək.

Ha ol nəfəsimi kəsən,
Olum sənin üçün əsən.
Guya sən məni sevməsən
dünya nəsə itirəcək?

Sətirlərim xeyrim, şərim,
Qəm yemə, ay ləlim, zərim.
Nə vaxt ölsəm, şeirlərim
məni yerdən götürəcək.

***

 

ÜZÜ GÜNDOĞANA

(Ələkbər Salahzadəyə)

1
Üzü darıxdığım yerə dayanıb saat,
özümü bir əqrəbdən asmaqdan başqa yolum yox indi.
Ayaqlarını uçurumlara sallayıb
oturub -
bura qədər gəldiyim yol.
İlgəyə dönüb boynuma dolanan qol.


Hələ ki, 
səhərin yaram kimi açılacağını gözləyirəm,
yerimi özümdən belə gizləyirəm-
insanlara etibar yoxdu, ustad.

3
Uzaqdan şeir səsi gəlir,
kitab şəklində şəhərə dağılışıb cızmaqaraçılar.
Qoltuğunda qovluq,
əlini səkiyə açıb,
hündür binaların qarşısında
rəqs eləyir qaraçılar...
Qıvrım qadın saçlarına avtoqraf yazır külək...

4
Şeirdən bezib kitab rəfləri,
kitabdan bezib kitab evləri.
Harda şeir var, orda şair yoxdu,
harda şair var orda şeir...
Qançır-qançırdı Sözün bədəni...

5
Özgə əlini öz əlim kimi 
cibimdə gəzdirməkdən bezmişəm daha.

6
Mənim kimi piyadalar üçün 
işiqforda həmişə yaşıldı yanan işıq.
Ömür-yolu bu üzdən
o üzə keçməkdisə,
hanı bəs yol?

7
Ölkə varlı olanda acından ölür əsl şairi...

8
Otağındakı külqabı hələ də dopdoludu,
birini söndürməmiş,
birini yandırdığın siqaretdi
gedib-gəlməyən nəfəsim.

9
Üzümə ağ olan vaxtın arxasında 
qara fon kimi durmuşam indi,
üzümdəki acı təbəssüm sənindi.

10
Neçə vaxtdı
başını üfüqün çiyninə qoyub
yamyaşıl gözləriylə 
günəşin çıxmadığı yerə boylanıb bir ağac,
bir budağa barmaq silkələyir ölüm ac-ac.

11
Xitabət kürsüsüdü kətil...

***
 

ƏKSİNİ ASDIĞIM DİVARDIR İÇİM

Çölümdə bir divar qalmayıb, ancaq
Əksini asdığım divardır içim...
Uzaqdan gəlirəm, yaman susuzam,
Yaxın gəl, gözündən bir az su içim...

Şeytan yuvasıdır düşdüyüm yataq,
Sən də bir daş tulla, birtəhər yataq,
Zülmətə bürünmüş darısqal otaq
Sənlə işıqlansın, yuxumdan keçim...

Daya gözlərini kürəyimə, keç,
İsinmək istəsən ürəyimə keç.
Görsən ki, sönmüşəm, qurdalama heç,
Qıyma, sağam-deyib, oda and içim...

Son mənzil deyilən elə budu, bu,
Nə işıq tapılır, nə bir içim su...
Bax gör, ölmüşəmsə, günahımı yu,
Təzədən bu ruha bir bədən seçim...

***

 

YOXDUR

Adam var ki, divarı var,
Başı üstdə damı yoxdur.
Yoxdur aşırtmağa ömrü,
Qaldırmağa camı yoxdur.

Oyaqdır, naxışı yatıb,
Ayrılıqla başın qatıb.
Yaşamağın daşın atıb,
Həyatının tamı yoxdur.

Yox səbrinə çıxan yiyə,
Qalıb özün söyə-söyə.
Payız kimi lütdür deyə
Bir nəfər adamı yoxdur.

Çəkə bilmir ah da onu,
Savab da, günah da onu.
Küsdürüb Allah da onu,
Allaha inamı yoxdur...

***

 

DƏLİL

Barsız ağac yoxdur – 
kölgəsi,
odu varsa, sevgiyə layiqdir ağaclar.
Ürəyi yananda
bir içim su ver ağaclara, 
bacı kimi qulluğunda dur 
həyətimizdəki ağacların, qızım.
Ağaclar yaxşılığı unutmurlar,
yıxılanda da adamın qolundan tuturlar.
Bu əlimdəki əsa da
baltalanmış bir ağacın insanlara olan sevgisidir,
mərd olur, mətin olur ağaclar.
İnsanlarla müqayisədə
çox əliaçıq olur ağaclar;
istidə kölgəsini,
soyuqda atəşini əsirgəmir kimsədən ağaclar...