Könüllərin görüşü - Tərlanə Yaqubqızı yazır
Dünən qohumların birinin toyunda illərlə üzünü görmədiyi bibisini görmüşdü. Daha doğrusu, bibisini ona uzaqdan nişan vermişdilər. Könül xeyli tərəddüddən sonra bibisinə yaxınlaşmağa cürət etmişdi. Çox qorxurdu. Çünki bibisinin ona necə münasibət göstərəcəyindən xəbərsiz idi. Bibi qara paltarda idi. Toya gəlsə də çox qəmli görünürdü. Bütün diqqəti toya dəvət olunan xanım müğənnidə idi. Müğənni mahnını bitirən kimi Könül bibisinin əyləşdiyi stola yaxınlaşdı.
- Salam, Safurə bibi!
Bibi diksindi. Bu gözəl- göyçək, ucaboylu gənc qadını görəndə gözlərinə inanmadı. Adamda bu qədər oxşarlıq olardımı? Qarşısında otuz iki yaşında dünyasını itirən əziz qardaşı Fikrətin birəbir bənzəri dayanmışdı. Özünü qızın üstünə necə atdısa, zaldakı bütün qonaqlar təəccüblə onlara baxdılar. Hər ikisi ağlayırdı. Könül bibisinin qoluna girib onu foyeyə apardı. Küncdə qoyulmuş divanda əyləşdilər. Qəhərdən danışa bilmirdilər. Axırıncı dəfə bibisini görəndə Könülün cəmi beş yaşı vardı. O vaxtdan bir igidin ömrü olan neçə il keçmişdi. Könül indi atasının haqqa qovuşduğu otuz iki yaşda idi.
Deyirlər, zamanla hər şey unudulur, əlahəzrət zaman bütün yaraları sağaltmağa qadirdir. Amma aradan iyirmi iki il keçsə də, nə Könül atasının, nə də Safurə qardaşının vaxtsız və faciəli ölümü ilə barışa bilmirdi.
Fikrət ailənin ilki idi. Yarlı- yaraşıqlı, boylu- buxunlu, qızların ürəyinə od salan bu gənc oğlanda hamının gözü vardı. Xalaları öz qızlarını Fikrətə verməyə çalışırdılar. Amma Fikrətin anası bacılar arasında düşmənçilik düşməsin deyə, onları Fikrətin bacısı kimi qəbul etdiyini bildirirdi. Həm də Fikrətin öz sevdiyi vardı. Qız onunla eyni sinifdə oxuyurdu. Adı Könül idi. Məktəbdə keçirilən tədbirlərdə birgə iştirak edirdilər. Fikrət pianoda məlahətli səsi olan Könülü müşayiət edirdi. Müəllimlər bu istedadlı cütlüyün parlaq gələcəyi olduğunu düşünürdülər. Amma sən saydığını say, gör fələk nə sayır.
Orta məktəbi bitirəndən sonra hər ikisi konservatoriyaya daxil olmaq arzusunda idi. Ancaq Fikrətin anası oğlunun arzusuna qarşı çıxdı:
"Pianonu əlindən alan yoxdu ki. Oxuyub artist olmaq istəyirsən? Ondansa sənədlərini Xalq Təsərrüfatı İnstitutuna ver. Savadlı oğlansan." Fikrət anasının arzusunu yerinə yetirib onun istədiyi ali məktəbə daxil oldu. Amma Könül konservatoriyaya getdi. Əslində, onun valideynləri də qızın istəyinə qarşı idilər. Onlar da "Bircə artistimiz çatmır. Uşaq idin, oxuyurdun, xətrinə dəymirdik" desələr də, qız inadla öz arzusunun arxasınca getdi. Arada- sırada Fikrətlə görüşürdülər. Könül artıq konservatoriyanın tədbirlərində fəal iştirak edirdi. Bir dəfə televiziyada onun mahnı oxuduğunu görən anası
Fikrətə üzünü tutub xəbərdarlıq etdi:
- Eşidəm- biləm o qızla bir münasibətin var, od vurub özümü odlayaram. Qulağıma dəyib, bütün günü bir yerdəsiniz.
Fikrət pərt oldu. Anasının qəlbinə dəyməkdən çəkinib etiraz etmədi. Özündən yaşca kiçik olan bacısı Safurə isə qardaşını müdafiə etmək istədi:
- Ana, niyə elə deyirsən, bəyəm Könül pis qızdır? Qaqaşımla bir- birlərinə çox yaraşırlar.
Ana qızına acıqlandı:
- Kəs səsini, Fikrətin vəkilisən? Mən evimə artistka gətirə bilmərəm. Bütün Yasamal bilir ki, mən Fikrətə Allahverdinin qızı Züleyxanı alacağam.
Allahverdi Yasamalda tanınan varlı- hallı adamlardan idi. Kubinkada alver edirdi. İkimərtəbəli bağı, bir neçə yerdə bina evi vardı. Fikrət ali məktəbə daxil olanda ondan kostyum və dəri plaş almışdılar. Anası Züleyxanı elə atasının yanında görüb bəyənmişdi. Qız da öz növbəsində Fikrətə heyranlıqla baxlb gülümsünmüşdü.
Allahverdi gənc oğlanın yaraşıqlı üzünə baxıb:
- Bu ki, Yusifcamaldı, belə gözəl oğlan olar, ay bacım? Bunun köynəyinə gözmuncuğudan- zaddan tax! - demişdi.
- Elə sizin qız da gözəllikdə ondan geri qalmaz.
Allahverdinin arvadı söhbətə qarışmışdı:
- Nə yaxşı, elə bizim Züleyxa da bu Yusifcamal oğlana qismət olar.
Valideynlər arasında olan bu kiçik söhbət sonda Fikrətlə Züleyxanın ailə qurmasına gətirib çıxardı.
Fikrətin atası cavan yaşlarında vəfat etmişdi, onu və bacısını ana min bir əziyyətlə böyütmüşdü. Ana Allahverdinin qızını almaqla özünə dayaq tapmağa çalışırdı. Elə evliliyinin birinci ayında qaynata Fikrətə xarici avtomobil aldı. Fikrət bahalı hədiyyədən imtina etmək istəsə də, Allahverdi kişi hökmlə "Mənim qızım avtobuslarda gedib- gəlməyə öyrəşməyib. Qızıma görə qəbul etməlisən! " deyib zorla onu özünə tabe etdi.
Fikrətin qara günləri bundan sonra başladı. Qaynatasının, qaynanasının və arvadının kaprizləri ucbatından təhsilini yarımçıq qoymalı oldu. Çünki işi- peşəsi ancaq maşın sürməkdən ibarət idi. İnstituta getməyə vaxtı qalmırdı.
Artıq sovet sistemi çökmək üzrə idi. Ölkədə azad sahibkarlıq inkişaf edirdi. Allahverdi kişi evinə yaxın ərazidə böyük bir mağaza açmış, bütün ailə üzvlərini özünün ticarət işinə cəlb etmişdi. Fikrətin ali təhsilini yarımçıq qoyması Allahverdinin vecinə də deyildi. Kürəkəninə "Sənə diplom lazımdırsa, pul gücünə lap hüquq fakültəsinin diplomunu alaram" deyib, qürrələnirdi.
Günlər öz axarında gedirdi. Artıq Fikrət qız atası idi. Qızına ilk məhəbbəti şərəfinə Könül adını qoymuşdu.
Balaca Könülün beş yaşını şəhərin ən bahalı restoranlarından birində qeyd edirdilər. Allahverdi nəvəsi üçün əlindən gələn hər şeyi etmişdi. Müğənnilər bir- bir səhnəyə çıxıb balaca yubilyarı oxuduqları mahnı ilə təbrik edirdilər. Növbə hamının sevimli müğənnisi kimi tanınan Könül xanıma çatanda Fikrəti sanki ildırım vurdu. O, siqaret çəkmək üçün foyeyə çıxdı. Mahnısını bitirən Könül də foyeyə çıxanda üz- üzə gəldilər. Heç biri danışmadı. Amma bu ötən illər ərzində bir- birinə deməyə o qədər sözləri vardı ki! Sözlər danışmasa da, gözlər danışdı. Kədərli, məyus gözlər...
Fikrət zala qayıdanda arvadı Züleyxanı pərt gördü. Heç nə olmamış kimi qonaqların yanına gedib söhbətə davam etdi.
Məclis sona yetdi. Züleyxa Fikrətin içkili olduğunu görüb maşını özü sürməyə başladı. Yolboyu Züleyxa Fikrətdən Könüllə aralarında hələ də münasibət olduğunu soruşurdu. Könülün məclisdə iştirak etməsi onu əməlli- başlı özündən çıxartmışdı. Züleyxa özlüyündə haqlı idi. Çünki bir dəfə Fikrətin sənədləri arasında Könülün şəklini tapıb əsəbiləşmiş və cırıb atmışdı. Amma özü də çox gözəl bilirdi ki, şəkli cırıb atmaqla Könülün məhəbbətini Fikrətin ürəyindən qopara bilməyəcək. Hərçənd Fikrət Züleyxaya onu uşaqlıq məhəbbəti kimi izah etmişdi. Amma Züleyxa ərinin daima ona qarşı soyuq olduğunu hiss edirdi.
Züleyxa avtomobili o qədər əsəbi halda idarə edirdi ki, qəfil döngədən çıxan yaşlı kişini görmədi.
Məhkəmədə Fikrət piyadanın ölümünü öz üzərinə götürdü. Amma Fikrətin anası və bacısı əsl həqiqəti bilirdilər. Züleyxa ağlayaraq hər şeyi onlara etiraf etmişdi.
Ana Fikrətə kəsilən cəza müddətini eşidəndə elə məhkəmə zalında dünyasını dəyişdi. Safurə lap başını itirmişdi. Bilmirdi anasının dərdini çəksin, yoxsa qardaşının.
Düz beş il Fikrət həbsdə qaldl. Bu beş ildə nə Züleyxa, nə qaynatası ona baş çəkmədilər.
Balaca Könül yağ- bal içində böyüsə də, yaşıdlarının atasını görüb ata həsrəti çəkdi. Həmişə fikirləşdi ki, təki kasıb olaydılar, amma onun da atası olardı. Hələ ağlı kəsməyəndə Könül Allahverdini atası kimi qəbul edirdi, amma eyni zamanda fikirləşirdi ki, niyə onun atası o biri atalar kimi cavan deyil. Nəhayət, əsl həqiqəti biləndən sonra atasının həbsdən çıxacağı günü intizarla gözləməyə başladı.
Həbsxanada günlər acı bağırsaq kimi uzanıb gedirdi. Fikrət adam ölümünə görə ittiham olunduğu üçün amnistiyaya da düşmürdü. Ağlına gələn çıxış yolunu həbsxanada işləyən erməni həkimə söyləyəndə heç bir maneəyə rast gəlmədi. Adını həkim qoyan bu mundar məxluq Fikrətə belə məsləhət gördü ki, yaş mayka geyinib buz kimi betonda uzansın. Fikrət o vaxt saf məhəbbətini anasının arzusuna qurban verdiyi kimi sağlamlığını da azadlıq eşqinə qurban verdi.
Həkim öz məkrli niyyətini həyata keçirməklə kifayətlənməyib Fikrətdən ağlr xəstəliklə bağlı arayış yazmaq üçün külli miqdarda pul tələb etdi. Fikrət qaynatası ilə əlaqə saxlamağa çalışsa da onlardan xəbər tuta bilmədi. Çarəsiz qalıb maşını satmaq üçün bacısının adına etibarnamə yazıb göndərdi.
Safurə həyat yoldaşı Zahidlə Fikrəti həbsxanadan çıxarmağa gələndə onu tanımadı. İki ay əvvəl gördüyü adamdan əsər- əlamət qalmamışdı. O qəddi- qamətli, yaraşıqlı qardaşı balacalaşıb yumağa dönmüşdü. Fikrət ağciyərinə taxılmış aparat vasitəsilə ölüm- zülüm nəfəs alırdı. Safurə göz yaşlarını boğub özünü toxtaq göstərməyə çalışdı:
- Birbaşa gedirik bizə. Ürəyin nə istəyir, bişirəcəyəm. Hava da yağmurludu. Əsl xəmir xörəklərinin havasıdı.Yadındadı, qaqaş, mənə məktəbdə isti peroşkilər almağın?
Fikrət xırıltılı səslə cavab verdi:
- Sağ ol, bacı, sən yeyib itirən deyilsən. Amma hərdən aramızda dava düşəndə sənə deyirdim isti peraşkilər gözündən gəlsin. Əlbəttə, zarafat idi.
Safurə ah çəkdi:
- Düz beş ildi mən dilimə peroşki vurmuram. Bugün sənə mənə aldığln isti peroşkilərdən bişirəcəyəm.
Fikrət sıxıntılı halda cavab verdi:
- İncimə, bacı, mən peroşki hayında deyiləm. Ürəyim Könülü istəyir.
- Hansı Könül?
Safurə qeyri- ixtiyari verdiyi sualdan özü də duksindi.
- Qızımı deyirəm.
Zahid maşını Fikrətin qaynatası yaşayan məhəlləyə sürdü. Fikrət yeznəsinin qolundan yapışıb ona pillələri qalxmağa kömək etdi. Qapını Züleyxa açdı. O, ərini tanımadı. On yaşlı Könül də qapıya yaxınlaşdı.Qız anasına qısılıb qorxa- qorxa yad adama baxdı. Fikrət sonuncu dəfə beş yaşında gördüyü qızını tanıyıb onu qucaqlamaq istədi.
- Ay kişi, sənə nə lazımdır?
Fikrət kədərlə Züleyxaya baxdı.
- Məni tanımadın?
Züleyxa xırıltılı səslə danışan adamın üzünə diqqətlə baxdı. Fikrətin Yusif camalından bir iz belə qalmamışdı. Boyu balacalaşmış, ovurdları batmış, qara saçları ağarıb tökülmüşdü.
O, qapını Fikrətin üzünə bağlayıb son sözünü dedi:
- Get, sən bizə lazım deyilsən.
Fikrət ağır addımlarla geri qayıdanda Safurə ondan heç nə soruşmadı. O, artıq hər şeyi başa düşmüşdü.
Fikrətin xəbəri yox idi ki, qızı atasının həbsdən çıxıb onu görməyə gəldiyini biləndə necə fəryad qoparıb, aylarla anasından küsülü qalacaq. Fikrətin bundan heç vaxt xəbəri olmayacaqdı. Çünki Fikrət həbsdən çıxandan cəmi iki gün sonra xəstəliyinin şiddətlənməsi səbəbindən vərəm xəstəlikləri dispanserinə yerləşdirildi və üç gün keçmədən vəfat etdi. Sübh tezdən acı xəbəri alan bacı həkimlərdən qardaşının ölüm səbəbini soruşanda məlum oldu ki, otuz iki yaşlı cavan kişi pnevmaniyadan deyil, ürək partlamasından dünyasını dəyişib.
Safurə ona başsağlığı verməyə gələnlər arasında Züleyxanı və valideynlərini görəndə tərəddüd etmədən qapıdan qovdu. Bir neçə gün əvvəl onun qardaşı da qapıdan belə qovulmuşdu.
Safurə Könülə atasının məzarını nişan vermişdi.
Könül qara mərmərdən ona baxıb gülümsəyən yaraşıqlı adamın şəkli qarşısında için- için ağlayırdı. İyirmi iki il əvvəl on yaşı olanda qapıya gələn zavallı görkəmli adamla bu şəklin arasında yerlə göy qədər fərq vardı.
Könül iki dünya bir olsa da anasını bağışlamayacaqdı.
Çünki Filrəti təkcə erməni yox,həm də Züleyxa öldürmüşdü.
Qız bibisinə söz vermişdi ki, Fikrətin məzarına tək gedəcək. Ayaq səslərini eşidib elə zənn etdi ki, anası onu izləyib qəbirstanlığa gəlib. Əsəbi halda arxaya boylananda qarşısında müğənni Könül xanımı gördü.
Könül əlindəki qərənfilləri məzarın üstünə qoyub maraqla qıza nəzər saldı. Yəqin boy- buxunundan, gözəlliyindən onun Fikrətin qızı olduğunu dərhal başa düşdü.
Könüllər qəfil görüşdükləri kimi qəfil də ayrıldılar. Amma adaş olduqlarından hər ikisi xəbərsiz idi.