ABŞ SENATORLARININ RAZBORKASI - Aqil ABBAS yazır

AQİL ABBAS
2044 | 2024-10-12 09:00

Dünyanı «vor v zakone» qanunları ilə idarə etmək istəyən və əslində elə edən də Amerikanın özü «vor v zakone» qanunlarından  kənara çıxır. Əslində vor qanunlarına görə, vorlar bir yerə yığışıb bir razborka aparır və sonra kimisə sxodkaya  çağırırlar. Vorların razborkalarda çıxartdıqları qərarlar adətən, belə demək mümkünsə, ədalətli olur.  Ədalətsiz qərar  çıxardanda onların özlərini sxodkaya  çağırırlar. 

Amerikada  isə senatorlardan  ibarət razborşiklər var. Və bu günədək çıxartdıqları qərarlar demək olar ki, hamısı  ədalətsiz qərarlardı. Çünki bilirlər ki, onları sxodkaya  çağıracaq kimsə yoxdur.

Əvvəllər Rusiya vardı, indi bütün Avropanı, belə demək mümkünsə, dünyanı yığıb göndəriblər   Moskvanın üstünə və Moskvanın başını Ukrayna ilə qatıblar və olublar dünyanın tək ağası. 

Senatorları yığıb  razborka aparırlar və sonra da çıxartdıqları  ədalətsiz qərarlarla hansı ölkəni istəyirlər bombalayırlar, hansı ölkənin istəyirlər  prezidentini tutub asırlar və ya yolda verirlər öz ajanlarına biabırcasına  qətlə yetirirlər. Məsələn, Səddam Hüseyn və Müəmmər Qəddafi. 
İraqı parçaladılar, Liviyanı  parçaladılar, Suriyanı parçaladılar, Yəməni parçaladılar, amma nədənsə əfqanlara  gücləri çatmadı, Vyetnamdakı kimi. Amma Əfqanıstanı da elə yaman günə qoyublar ki,  hələ bir 30 il də  özünü düzəldə bilməyəcək. 

30 ildən çoxdur torpaqları  Ermənistanın işğalı altında olan Azərbaycana 907-ci maddə  tətbiq ediblər, amma işğalçı Ermənistana hər cürə maliyyə yardımı edirlər. Eləcə də  44 günə ağızlarını  cırdığımız, Dəmir Yumruğu təpələrinə endirib iki gözlərini  bir deşikdən çıxartdığımız keçmiş Dağlıq Qarabağa hər il humanitar yardım adı ilə 10 milyonlarla dollar  pul göndərirdilər ki, silahlansınlar.  Amma antiterror əməliyyatı zamanı 24 saata Cənab Ali Baş Komandan, Möhtərəm Prezident İlham Əliyev onların  arzularını  puça çıxartdı. 

İndi yenə də senatorları  yığıb razborka apararaq Azərbaycanın əleyhinə qərar  çıxarıblar. Deyəsən, indi də noyabrda ölkəmizdə 200 dövlətin iştirakı ilə keçiriləcək COP 29 gözlərinə girib. 

Xarici İşlər Nazirliyimiz və Parlamentimizin deputat qrupu  kəskin bəyanatla senatorların razborkasına cavab verib. 

Azərbaycan 200 ildən sonra Ali Baş Komandan İlham Əliyevin  sərkərdəliyi ilə öz ərazi bütövlüyünü və suverenliyini  bərpa edib. 
30 ildə 907 ilə bizi  sındıra  bilməyən Amerika, heç yüz ildə belə  bizi  sındıra bilməyəcək. Yalnız ürək bulandıra biləcək, biz də ürəyi bulanmağa  öyrəşmişik.  30 il ermənilər arxalarına  Amerikanı Fransanı alıb bizim ürəyimizi bulandırdı, amma sonda qusan ermənilər oldu. 

Və Amerika bilmir ki, ondan da böyük  Allah var, o da mələklərini  yığıb bir razborka  aparsa, inşallah, Amerikanın ayaqları  göydə qalar. 

Tanrı Azərbaycanı qorusun!
Tanrı xalqımızı qorusun! 
Tanrı Cənab Prezident İlham Əliyevi qorusun!
Və Tanrı Boz Qurdu arxalı  köpəklərdən qorusun!

 

TƏQVİM / ARXİV