Aqil Abbasın "525-ci qəzet"də dərc olunan yeni povesti ("Tut ağacı, donuz kababı və Aşotun məktubu") kiçik povestini oxudum. Əslində, bu əsərə yalnız həcm etibarilə kiçik povest demək olar. Təsvir olunan hadisələrin və obrazların miqyası, zaman və məkan yerdəyişmələri etibarilə bu povest janrın hüdudlarını aşır. Əsər dünyanın ən varlı şəhərinin (Ağdamın) ilk işğal günlərinin, şəhərdə yaranan xaosun - hərc-mərcliyin və köçkünlüyün təsviri ilə başlayır, otuz ildən sonra böyük Qələbəmizlə azad olunan şəhərə qayıdışla başa çatır. Təbii ki, bu otuz illik zamanı ayrı-ayrı hadisələrin və obrazların geniş miqyası ilə reallaşdırmaq da olardı. Fikrimcə, bu povesti Aqil Abbasın ondan gözləyəcəyimiz yeni bir Romanın məşqi də hesab etmək olar. Çünki Aqil Abbasdan bunu gözləməyə dəyər - o, bizim yazıçılar arasında həm yaradıcılıq, həm də ictimai fəaliyyət baxımından Qarabağ problemi ilə ən çox mücadilədə olan yazıçılardan biridir. Hər bir insanı - o sıradan yazıçını mənsub olduğu kökündən, nəslindən, soyundan tanımaq da əsas şərtlərdən biridir və bu mənada Aqil Abbasın - Qarabağ kökü danılmazdı. Təbii ki, böyük Vətən sevgisi o kökdən, o nəsildən, o soydan başlayır.
İndi isə povest haqqında...
Mən Azərbaycan nəsrində Qarabağ mövzusunun bədii idrakda necə reallaşdığını düşünəndə iki yazıçının daha çox fərqləndirmək istəyirəm - Xalq yazıçısı Sabir Əhmədlini və Aqil Abbası. Sabir Əhmədlinin "Ömür urası" romanını və digər əsərlərini xatırlayıram. "Ömür urası" ilə Aqil Abbasın yeni povesti arasında mövzuya yanaşmaq baxımından bir yaxınlıq görürəm (üslublar öz fərdiliyi ilə seçilsə də). "Ömür urası"nda Sabir Əhmədli 90-cı illərin əvvəllərində işğal olunmuş Cəbrayıldan söz açır, amma bu işğal faktından xəyali bir dönüşlə üzünü gələcəyə tutur - hələ azad olunmamış Cəbrayılın xoşbəxt günlərini təsvir edir. Sabir Əhmədli təsvir etdiyi azad Cəbrayılın xoşbəxt günlərini görə bilmədi. Amma onun arzusunda olduğu, azadlığa qovuşduğu Cəbrayıl xəyali dönüşdən real dönüşə çevrildi. Aqil Abbasın yenin povestində də məhz iki zaman (işğal dövrü və otuz ildən sonrakı zamanlar) təsvir olunur. Amma Aqil Abbas xəyali düşüncəyə deyil, hadisələrin reallığına üz tutur.
Povest kədərli bir lövhənin təsviri ilə başlayır: "Sökhasök, daşıhadaşı idi. Təkcə Var-Yoxdan olmuş Dünyanın Ən Varlı Şəhərlərinin dövlətini deyil, daşını, divarını deyil, taxtapuşunu söküb aparmırdılar, həm də uşaqların sevincini, cavanların sevgisini, yaşlı adamların xatirələrini, göz yaşlarını daşıyırdılar. Küçələr tırtarla doluydu. Qarğa-quzğun kimi dartışmışdılar şəhərin canına. Çoxu hansısa başqa bir dildə danışırdı, arada azərbaycanca da sözlər eşidilirdi. ...Fikirləşdim ki, bunlar necə müsəlmandılar, öz qardaşlarının ev-eşiyini dağıdıb aparırlar. O yorğan-döşəyin içində necə yatacaqlar, o apardıqları televizorda necə futbola baxacaqlar?"
Əlbəttə, nəsr əsərinin əsas canını təsvir olunan hadisələrin axarını müəllifin təqdim etdiyi obrazlar müəyyənləşdirir. Povestdə bu mənada Faxı və Aşot - dostluq edən azərbaycanlı və erməni... Burada dostluq sözünü qətiyyən dırnağa almıram (siz bunun mənasına varacaqsınız):
Aqil Abbasın deyim və üslub tərzi polifonikliyilə seçilir. Yetmiş-səkkizinci illərdə qələmə aldığı hekayələrində və "Xoşbəxt" povestində o, özü yaşında olan gənclərin sevgi dolu günlərini, həyəcanlarını təsvir edirdi, bu təsvirlərdə onun gənc qəhrəmanlarının ürək çırpıntılarını əks etdirən romantika üstün idi. Qədir Rüstəmova həsr olunan "Evləri köndələn yar" povestində bu, aydın nəzərə çarpırdı. "Batmanqılınc" romanında isə Aqil Abbas tarixi hadisələri ciddi, realist üslubda əks etdirdi. Bu üslub tərzi "Çadırda Üzeyir Hacıbəyov doğula bilməz", "Dolu", "Allahı qatil edənlər" nəsr əsərlərində də davam etdirilir. Bir üslub tərzini də Aqil Abbasın tək bir əsərində deyil, digər əsərlərində də hiss edirik (hətta son povestlərində bu üslub tərzi ön plana da çıxır), bu da satrik üslubun bir komponenti olan ironyadır. Aqil Abbasa məxus qarabağlı ironiya, zarafat, məzə deyim tərzləri az və ya çox dərəcədə hər bir əsərində nəzərə çarpır.
Mətləbdən uzaqlaşmayaq. Faxı və Aşot. "Evin qapısı açıq idi. Girdi içəri qonaq otağına göz gəzdirdi, hər şey yerində idi. Hiss olunurdu ki, hələ yağmaçılar bu evə girməyib. Divardakı xalça da, xalçanın üstündə Faxının almanlarla müharibədə həlak olmuş babasının portreti də yerində idi. Heç nəyə əl dəyilməmişdi, küncdəki televizora da, bu televizorda futbola baxmağın ayrı ləzzəti vardı". Təbiidir, bu, bir azərbaycanlı ailəsinin evi-eşiyi; amma o ötən illərə xas olan qonşuluq münasibətlərində birinin digər evin gəlməsi, qonaq getməsi heç bir təəccüb doğurmurdu. Ermənilər həmişə harada olurlarsa-olsunlar azərbaycanlılarla münasibətdə özlərinin doğru (?) ya yalançı (!) "sevgilərini" ihsar etmişlər. "Aşot da Rəmişi çox sevirdi. Rəmişin xətrinə bir maqnitofon da almışdı. Və axşamlar həyətdə maqnitofonu qoyurdu stolun üstünə, bütün səsini verirdi. Qulaq asan ermənilərdən biri: - kaş bu köpək oğlu erməni olaydı".
Povestdə süjet ardıcıllığına necə riayət olunur? Aqil Abbas hər hansı bir nəsr əsərində maraqlı hadisələr qurmağı və təsvir etdiyi bu hadisələri obrazların xasiyyət, xarakter və rəftarına uyğunlaşdırmağı bacarır. Onun bu povestində də Faxının Aşotla gerçək olan dostluğu onların hər birinin insani mahiyyətini və xarakterini üzə çıxarır.
Kimdir Faxı? İçi təmizliklə süslənən bir azərbaycanlı: "Çörək ağacı" kimi istifadəyə yararlı olmayan "Moskviç"in şoferidir, daxilən enerjilidir, mənəvi potensialı aşıb daşır. Həmişə insanlara, xüsusilə, Aşota münasibətində sabit mənəvi keyfiyyətlərini qoruyub saxlayır. Qətiyyən irad tutulmalı bir hadisə deyil ki, o, erməni qızı Ayrikanı sevir. O dövrün məlum "Əsli-Kərəm" əhvalatlarına azmı təsadüf etmişik? Amma bu yeni "Əsli-Kərəmlik" baş tutmur.
Povestin şərti olaraq adlandıracağımız bu hissəsi başa çatır: İndi Dünyanın Ən Varlı Şəhəri: Var-Yoxdan olmuşdur.
Süjetin ikinci, amma ən aparıcı istiqaməti hadisələrin otuz ildən sonrakı dönümlərinə yönəlir. Artıq İndi Dünyanın Ən Varlı Şəhəri azad olunub. Amma o şəhər başdan ayağa dağıntılar içindədir, hətta Xirosimaya bənzədirlər. ("Ağacların hamısını kəsmişdilər. Girdi həyətə, evlərinin bircə özülü qalmışdı... Şərab zavodunu sökmüşdülər" və s.).
Bəs bu 30 ildə İndi Dünyanın Ən Varlı Şəhərindən köçüb gedən insanların taleyi necə oldu? Dağıdılmış, viran olmuş şəhərlər bu isanların taleyi eynən bir-birinə oxşamırmı? Erməni Aşotun iki oğlu müharibədə həlak olub ("Mənim oğlanlarımı Köçəryan öldürüb. Sərkisyan öldürüb, bu mənasız müharibədə onların da oğlanları xaricdə oxuyur, qızlarla kef edir"). Povestdə bir Axtarıcı obraz - Ağsaçlı son hadisələrin və insanların içindədir. Povestin bir çox mətləbləri məhz onun vasitəsilə açıqlanır (Fikrimcə, bu obrazı elə Aqil Abbasa oxşadıram - səhvim varsa bağışlasın). "Ağsaçlı gecə qəribə yuxular gördü, yenə həmişə olduğu kimi İndi Dünyanın Ən Varlı Şəhərinin varlı vaxtlarını gördü. Məktəblərini gördü, sinif yoldaşlarını gördü, müəllimlərini gördü, kəndlərini gördü. Dünyanın ən gözəl vaxtları idi. Çox şirin bir yuxu idi. Kaş elə həyat da belə bir şirin yuxu kimi olaydı". Amma yuxular heç də həqiqətə çevrilmir.
Bir haşiyə: Mən Ağdamın işğalından xeyli əvvəl 1984-cü ildə bir neçə gün İndi Dünyanın Ən Varlı Şəhərində oldum. Povestdə Aqil Abbasın təsvir etdiyi Çay evini, Muzşkolanı, Kino evini, Teatr binasını, şəhərdə Məscidi gördüm, seyr etdim. Çay evində "Rast" muğamının ən gözəl ifaçısı Şahmalı Kürdoğlu ilə bir yerdə çay içdik, muğam söhbətlərinə rəvac verdik. Mənim üçün indiyə qədər Ağdam beləcə görkəmdə qaldı. Amma Dünyanın Ən Varlı Şəhərinin Dünyanın Ən gözəl Şəhəri olacağı günlər çox da uzaqda deyil.
İndi isə bizi povestdəki obrazların (əslində bu obrazlar həyatda necə varsa - son dərəcə real, eləcə canlandırılır) taleyi maraqlandırılır. Faxı Milli Qəhrəman Fredin dəstəsində vuruşub, Şellidə ağır yaralanıb. Bədənində qəlpələr var. Fermer təssərrüfatı yaratmaq istəsə də, buna nail olmayıb, indi Bakıdadır. Bir vaxtlar sevdiyi Ayrika futbolçu Leyonikə ərə gedib, o gözəlliyi tamam itib batıb.
Povestdə əsərin ideyasını, müəllif qayəsini aşıqlayan bir əsas mətləb var - Faxı və Aşotun vaxtilə dostluq edən iki insanın sonucu necə başa çatır. Faxı illərdən bəri dostluq etdiyi erməninin anası öləndə onu hörmətlə, həlak olmuş övladlarının yanında dəfn edir. Bununla da insanlıq və dostluq borcunu yerinə yetirir. Bəs Aşot?
Aqil Abbas heç də mənfur bir erməni obrazı yaratmaq fikrində olmayıb. Təbii ki, bir neçə milyon erməni içində insani cizgilərini itirməyən ermənilər də tapmaq olar. Kislovodskidə yaşayan, vağzalda yük daşıyan (əsas da azərbaycanlıların yükünü) Aşot hansı azərbaycanlıya, hansı ağdamlıya rast gəlirsə, Faxını soruşurmuş.
Ağsaçlıya bir məktub verirlər ki, Faxıya çatdırsınlar, bunu Aşot göndərib. Bu məktub povestin bədii-estetik mənasını tam açıqlayır. Erməni Aşot nə yazır bu məktubda? Ən əvvəl ona oğurluq kimi yağdırılan Faxının evindəki xalçanı çırpışdırdığını yox, o xalçanın mənfur əllərə düşməməsini etiraf edir: "Oğurlamadım ey, götürdüm ki, namərdlərə qismət olmasın. Allah qoysa, müharibədən sonra xalçanı öz əlimlə gətirib evinizdən asacam". Sonra başqa etiraflar səslənir: "Bilirəm, sizə güllə atan oğlanlarıma görə məni bağışlamayacaqsan, amma yenə yazıram. Məni bağışla, Mamed əmi də, Ziba xala da məni bağışlasın. Sizin Allahınız hamını bağışlayır, amma bilmirəm məni bağışlayar, yoxsa yox. Öpürəm səni. Qardaşın Aşot".
Bu məktub əsrlərdən bəri özünü türkün - azərbaycanlının düşməni kimi tanıdığımız hər hansı mənfur bir etməninin deyil, İNSAN ERMƏNİN etiraflarıdır. Amma Faxı Aşotun məktubdakı xahişini yerinə yetirə bilmir: "Çünki səhər duranda gördü ki, xanımı Aşotun məktubunu da, göndərdiyi şəkili də cırıq-cırıq edib". Aşot isə "səhər-səhər kiminsə yükünü daşıyanda ürəyi partlayıb ölüb".
Vəssalam! Povest burada başa çatır. Amma əsərin bədii təsir dairəsi burada bitmir. Aqil Abbasın gah ciddi, gah da ironiya - zarafat stilində qələmə aldığı bu povest 44 günlük zəfər qələbəmizdən, antiterror əməliyyatımızdan ibrət dərsi almayan ermənilərə ünvanlanan bədii bir mesajdır.
Vaqif YUSİFLİ
Filologiya elmləri doktoru
525.az