Qadın səsi – Ana səsi - Vaqif Yusifli yazır

VAQİF YUSİFLİ
6740 | 2024-03-12 11:19

(Kəmalə Abiyevanın şeirləri haqqında bir neçə söz)

Kəmalə Abiyevanın şeirlərini otuz ildir oxuyuram, hər dəfə onun  bir şair kimi irəliləyişinin, yeni, təravətli poetik sözünün şahidi oluram. O, müasir qadın yazarları içərisində öz fərdi deyim tərzi ilə seçilir. Qadın yazarların əksəriyyətinin mövzuları hamımıza yaxşı tanışdır. (mən müasirlərimizi nəzərdə tuturam): Sevgi – məhəbbət, gözəllik, incə-zərif hislərlə bağlı duyğuları, Ana-Qadın ürəyindən qopub gələn sevincləri, kədərləri, Vətən və təbiət sevgiləri daha çox öz əksini tapır. Amma mövzular,  həyata poetik münasibətlərin fərdiliyini inkar etmir. Kəmalə xanım da öz həmcinsi olan yazarlardan məhz fərdi, özünəməxsus dəst-xətti ilə seçilir. İnsan öz sevgisini (qəlbində atəşlər yandıran əsl sevgisini) necə anlamalıdır, onu şeirdə necə canlandırmalıdır? – burada böyük Füzulinin xatırlamamaq olmur: “İldə bir qurban kəsərlər xəlqi-aləm iyd üçün, Dəmbədəm, saatbassat mən sənin qurbanınam”. Amma bu gün insan öz sevgisini belə mübaliğəli şəkildə ifadə edə bilməz. Sadə, səmimi sözlərlə belə deyə bilər:

İlk sevdiyim deyilsən sən,

Sənə qədər nəyi sevdim,

Kimi sevdim, bilmirəm mən.

Bəlkə qışı, qarı sevdim,

Bəlkə də baharı srvdim.

Sənə qədər onu sevdim, bunu sevdim,

Kimisinin gözlərini, kiminin boyunu sevdim

Bəlkə sevdim mən hamıdan çirkinini,

Bəlkə də ən gözəlini?

Amma demə sənə qədər

Sevməmişəm heç birini.

Demə sənə çatanadək bilməmişəm sevgi nədir,

Amma ki, mən səni sevdim.

Hər tikəni, hər parçanı

Gözlərimə, ürəyimə yığdım elə

Səni bütöv sevgim elə.

“Son sevgimsən” adlı bu şeir müasir sevgi poeziyasının xarakterik nümunələrindən biridirmi?  Bu şeirdə bizim klassik poeziyaya məxsus yüksək romantik duyğularla qarşılaşmırıq, amma real və inandırıcı hisslərlə tanış oluruq.

Amma bu sevginin obyekti İnsan deyil, sevgili deyil – Vətəndir.

Niyə yanıldıq? Yox yanılmadıq. Deməli, dünyada Sevgi deyilən bir anlayış təkcə insanların (aşiq və məşuğun) şəxsi münasibətlərinə aid deyil. Sevginin hüdudları və məna dairəsi çox genişdir. Odur ki:

Hər daşını əzizlərəm,

Hər ağrını ovudaram.

Səni bütöv sevəcəyəm ömrüm boyu.

Sən uğruna öləcəyəm,

Sən uğruna yaşadığım varlığımsan –

Səni bütöv sevirəm mən ana Vətən.

İlk sevgilim deyilsən sən –

                     Son sevgimsən

Kəmalə Abıyevanın vətənpərvərlik ruhu ilə aşılanan digər şeirlərində də (“Sən elə azadsan”, “Vətən ətri”, “Vətən savaşı”), POETİK VƏTƏNİ  görürük.

Mən onun Bakıya həsr etdiyi iki seiri haqqında da xoş söz deyə bilərəm. Bu şeirlərdə Bakı məhz Poetik Bakı kimi nəzərə çarpır. Kımalə xanım məlum şablon təsvirlərdən imtina edir.  Bir şeirdə Bakı Xəzər və Günəş obrazları ilə qiyas olunur.

Səhərlər Xəzərdə güzgülənərək,

Qızılı saçların darayır Günəş.

Şirin yuxusundan Günəş hər səhər

Odlu öpüşlərlə oyadar onu.

Bakım min naz ilə durub deyinər

Onun bəxş etdiyi qızılı donu.

Bədii təsvir vasitələrinin mükəmməl nüunələri ilə qarşılaşırıq bu şeirlərdə. İkinci şeir də Bakıya sevgilərin bir ifadəsi kimi diqqəti cəlb edir:

Hər səhərdə sevgim səni,

Hər gecəylə yaşadım mən.

Dalan-dalan, küçə-küçə

Ürəyimə daşındın sən.

Kəmalə Abıyevanın şeirlərin onun daxili dünyası, mənəvi aləminin çırpıntıları,  bu fonda isə həyat və ömür haqqında düşüncələri əks olunur. Özü də bu şeirlər hisslərin səmimiliyi ilə diqqəti cəlb edir. Sanki onun hisslərinin bütün misralarında SƏMİMİYYƏT adlı bir işıq dolaşır.

O üzünü tanrıya tutub deyir ki: “Tanrı mənim sənə şikayətim var”. Səbəb:

Həyat həyat deyil, tilsim olubdur,

Yaxşılar yamana təslim olubdu.

Sevgi də, nifrət də batıb günaha

Haqq da, həqiqət də batıb günaha

Yalanla gerçəyin fərqi bilinmir.

Cavabsız qalıbdı bütün suallar.

Bu səmimi etirafların səsləndiyi “İtirdim”, “Xəyanət”, “Demədimmki”, “Elə darıxdım ki”, “Unut” şeirləri də öz poetik səviyyəsinə görə diqqətdən yayınmır. Bu şeirlər içərisində “Elə darıxdım ki” mənim fikrimcə, Darıxmaq anlayışına yeni poetik məna verir. “Elə darıxdım ki, bu yer üzündə Buludlara dönüb çəkildim göyə. Göydə də  sığmadım sərildim yerə bəlkəı bir damcımı tapasan deyə”.

Bu misralar : “Elə darıxdım ki, mən bu şəhərdə bir küçə, bir qapı olmaq istədim”.

Kəmalə Abiyeva lirik şairdir – bəlkə də, bu fikir bir qədər bəsit səslənə bilər. Çünki haqqında söz aşdığım şeirlər sırf lirika üstə köklənib. Amma bu lirik şeirlərin hamısında bir kimsənin təkrar edə bilməyəcəyi çalarlar var – bu lirikada hisslərin, duyğuların çoxşaxəliliyi ilə rastlaşırıq. Məsələn, “Demədimmi” şeirində vaxt və ayrılıq məfhumları müxtəlif təbiət hadisələri çevrəsində bir-birilə uzlaşır. Yaxud “unut” şeiri dərdin, kədərin, ağrının bir ürəkdə necə cövlan etdiyini poeziyanın kədər vadisinə çəkib aparır.

 Boynu bükük bir atanın

Gözlərindən cığır açan

Bir ananın saçlarında

Dən-dən olan

Dərd gördünmü?

O saçlarda dolandınmı?

Sən kədəri gördünmü heç?

Kədər vətən yarasıdı,

Kədər torpaq ağrısıdı.

Lirika üstə köklənən şair mütləq mahnıya doğru səmt almalı, qəlbindən süzülüb gələn bu lirik hissləri musiqiyə çevirməlidir. Kəmalə xamı neçə gözəl mahnıların söz müəllifidir – bəstəçilər  onun şeirlərinə biganə qalmamışılar. Baxın, onun “Məktəb illəri” şeiri illərdən bəridir ki, gözəl müğəni Lalə Məmmədovanın ifasında səslənir. “Özün günahkarsan”, “Yağış yağır bu şəhərə”, “Bu dünyanı nağıl bilək”, “Bu sevgi”, “Can Azərbaycan” şeirləri gözəl mahnılara çevrilib.

Mən bu yazıda Kəmalə Abiyevanın bütün şeirlərindən deyil, yalnız “Azərbaycan” jurnalında və “Ədalət” qəzetində dərc olunan şeirlərindən söz açdım. Ancaq bir şairi tanımaq və sevmək üçün onun bütün yaradıcılığına müraciət etmək o qədər də vacib deyil. Ən vacibi odur ki, Kəmalə Abiyeva bu gün qadın yazarların içində seçilən fərqlənən istedadlı bir ŞAİRDİR.

 

TƏQVİM / ARXİV