AZƏRBAYCANIN FAMİL MEHDİSİ - İlqar RƏSUL yazır

İLQAR RƏSUL
24544 | 2021-10-05 11:48

FB dostlarım xahiş edib ki, mərhum professor Famil Mehdi ilə bağlı xatirələrimi yazım. Hamısını yazmaq əlbəttə mümkün deyil, amma heç yazmamaq da düz olmaz.

Tələbəlik illərinin yay fəsillərindən biri idi. Eşitdim ki, Famil müəllimin ayağı sınıb, xəstəxanadadı. Çox pis oldum. "Bu yaşda nə ayaq sınmağı idi?" düşünüb getdim xəstəxanaya. Ayrıca palataya yerləşdirmişdilər. Tək idi içəridə. Görüşdüm, oturdum çarpayısının yanında. Uzanmışdı, gərək ki, iki ayağı da gipsdə idi.

Soruşdum nə olub? Dedi həyətdə qarajın üstünə çıxmışdım, düşəndə nərdivan ayağımın altında büdrədi, hoppandım yerə, rentgendə məlum oldu ki, sümüklər dözməyib çatlayıb. Gördüyüm mənzərə məni necə sarsıtmışdısa, özümü saxlaya bilməyib deyindim:

-Əşşi, qarajın üstünə çıxmaq vaxtıdı! Axı sizin orada nə işiniz vardı? Elə vacib idi, Nərimana (oğluna) deyəydiz. O evdə yox idi, məni çağıraydız. İlin-günün bu vaxtı dərdimiz az idi, birini də siz qoyduz üstünə!

Gülümsünüb - qismət beləymiş- dedi, susdu. Qısa bir müddət danışmadıq, birdən soruşdu ki, bəs niyə tək gəlmisən, tələbə yoldaşların hanı?

Dedim, yay tətilidi də, gediblər rayona hamısı.

-Bəs sən niyə getməmisən?-soruşdu.

Bir anlıq duruxdum, tərəddüdlə -hara gedim? -dedim-rayon yoxdu axı.

Birdən anladı ki, fərqinə varmadan verdiyi sualla ikimizin də yaralı yerinə toxunub. Söhbətin gözlənilməz səmtə yönəlməsindən çaşıb qalmışdıq sanki. Ağdamın ağrısı professorun ayağının sınmasını bir andaca unutdurmuşdu bizə. Bəlkə də hərəmiz özlüyümüzdə doğma şəhəri, ev-eşiyimizi göz önünə gətirib seyr edirdik sakitcə. Birdən ağladı Famil müəllim. Pis ağladı həm də. Uşaq kimi yəni. Çarəsiz, köməksiz, səssiz ağlamaq idi bu. O cür səbirli, təmkinli, sözünü deyən, kimsəyə boyun əyməyən prinsipial bir adamın ağlamasını bu qədər yaxından ilk dəfə görürdüm həyatda. Təsəlli verməyə cəhd də etmədim.

Yerimdən qalxıb arxaya baxmadan palatadan çıxdım. Qapıya qədər özümü tox tuta bildim, dəhlizdə məni də qəhər boğdu...

TƏQVİM / ARXİV