BAZAR GƏZƏYƏNLƏRİ

MƏZAHİR ƏHMƏDZADƏ
26614 | 2018-12-12 19:03
"Uembli arayışı" kitabından

Məzahir ƏHMƏDZADƏ

İşimin xüsusiyyətindəndir, heç vaxt ay ərzində bir yerdə qalıb yaşamaq imkanım olmur. Bir ayın günləri Bakıda iş yerimdə olmağa, yəni burada yaşamağa, eyni zamanda ezamiyyətlərə və doğma rayonumuzda olmağa bölünür. Bunları konkret nizama salmaq istəyinin də bir xeyri yoxdur. Hər dəfə mütləq hansısa xeyir-şər və ya başqa səbəblər yaranıb iş və yaşam tərzini pozacaqdır. Bu məsələdə dəniz-filan olmasa da, hər halda amfibiyaya bənzər bir qaçılmazlıq var.
Bax, budur, həmin ovqat köşənin özündə də yaşanmaqdadır. Haşiyə yazının ortalarında deyil, başlanğıcında gəldi. Nə olur-olsun, burdan o yana süjeti ümumi qaydalara uyğunlaşdıracam. Modernistlərdən çəkinirəm, belə məsləhətdir.
Məsələ bu cürdür. Rayonda olarkən qayınanamın mənzilində elektrik xəttiylə bağlı bəzi xırda-para problemlər yarandığını və müəyyən usta müdaxiləsinə ehtiyac olduğunu bildirdilər. Bildirişin hansı istiqamətdən gəldiyi anlaşılırsa, buna "tapşırdılar" deməyi etiraf etməliyəm. Şənbə günüdür deyə tanış elektrikin evinə gedib onu gətirmək lazım idi. Əslində arvad özü də "Xanları gətirsən yaxşı olar" demişdi.
Səhər saat 9-dan 10-a doğru idi. Ustanın evindən bildirdilər ki, o, bir saat qabaq bazara gedib. Belədə mən arxayınca söylədim ki, deməli, qayıdan vaxtlarıdır, gələn kimi deyin filan yerdə gözləyirəm.
Başa saldılar ki, yox, belə mümkün deyil, Xanlar gec gələcək, bu gün onun bazar günüdür. Yaxşı olar, özünüz bazara gedib axtarın onu, onsuz da boş-bekar gəzir orda.
Əvvəlcə başa düşmədim, sonradan məsələnin nə yerdə olduğunu öyrəndim və yollandım bazara. Çünki qayınanam məhz Xanların gətirilməsini istəmişdi. Yaşlı, qoca arvaddı, qəlbini qırmayacaqdım ki. Baxmayaraq, onca dəqiqəyə 29 nəfər mantyor tapardım.
İndi bu mantyor tapmaq məsələsini qoyub bir kənara "bazarda gəzmək" adətkərdəliyindən danışım sizə, əzizi oxucular. Çünki mənim özümə də çox təəccüblü və nə gizlədim, həm də maraqlı gəldi. Və burada zəruri bir xatırlama ehtiyacı yaranır. Hamımız bilirik ki, bazara nə vaxt və nə üçün qaçırıq və ya yavaş-yavaş gedirik. Göy-göyərtimizi, mer-meyvəmizi, şor-qatığımızı, zənbilimizdə yer, daha doğrusu, cibimizdə pul qalarsa bir az da digər arzulayıb ala bildiklərimizi götürüb tələsik bu hay-küylü basırıqdan uzaqlaşmağa çalışırıq. Bazar və bazarlıq etməyin klassik forma və məzmunu məhz belədir. Ancaq heç demə bazara... gəzməyə də gedərlərmiş. Necə ki bulvara, parka, çay kənarına, meşəyə, dağ yamacına... Bizim elektrik mantyoru da bu qəbildən.
Mən həmin o sevimli və əvəzedilməz ustanı axtararkən bir neçə malsatan tanış-tunuşla rastlaşıb bu xüsusda söhbət etdiyim dəqiqələrdə çoxlu məlumatlara malik oldum, dünyagörüşüm, biliyim xeyli zənginləşdi. Heç demə müxtəlif zümrələrdən olan bəzi soydaşlarımız - cavan, qoca, qadın, kişi bazara həm də gəzməyə gedirlər. Şəhərdən, kəndlərdən gəlib saatlarla o qarışıq səsli uğultuda, piştaxtalar qarşısında, sürtüşə-sürtüşə keçilən dar dəhlizlərdə zənbilsiz-filansız gəzişərək "özünəməxsus istirahət anları" yaşayırlar. Mənə anlatdılar ki, bəzilərini bütün bazar əhli tanıyır; yəni daimi satıcılar, çayçılar, alverçilər və sairə. Çünki eləsi var, bir qərinəlik bazar gəzəyəni stajına malikdir, bu yolda oğul-uşaq sahibi olub, saç-saqqal ağardıb. Belələri piştaxtalara yanaşıb qiymət də soruşur, şora-pendirə barmaq basıb dadına da baxır, yumurtanı qulağının dibində çalxalayıb təzə-köhnəliyini, fal olub-olmadığını da yoxlayır, meyvədən bir qappam alıb yeyə-yeyə başının hərəkəti ilə yaxşı və ya pis mal olduğunu təsdiqləyir, bir növ bazarlıq tamaşası göstərirlər. Yorulub taqətdən düşəndə də özlərini bazarın pinti çayxanalarından birinə verib yeni gəzintilər üçün qüvvə toplayırlar .
Mənə bir qadını göstərib deyirlər ki, səhərdən düz səkkiz dəfə bu zonadan keçib və hər dəfə də bir şey soruşub. Bazarda gəzməyə çıxan "salidni" adamlar da olur-deyə həmsöhbətlərim bildirirlər.
Başqa tiplər də olur. Cavan bir oğlanı göstərirlər. Şəhərdə rastlaşsan, deyərsən ciddi işlərlə məşğul olan vətəndaşlarımızdandır. Ancaq burda seyr edib görürsən ki, göy satanlarla elə sırtıq zarafatlar qurur, baxmasan, eşitməsən yaxşıdır. Adına Əliş deyirlər.
Saçları geriyə daranmış hündürboy bir kişini ayaması ilə tanıdırlar: At Əsgər. Neçə illərdir ki, hər həftə iki dəfə kənddən bazara gəlir. Onun yerişi-duruşu həqiqətən ata, yabıya bənzəyir. Mənsə onu xəyallarımda mifləşdirib kentavra oxşadıram.
Budur, bir başqası da əlində qızartdaq qulplu çanta, həm də əzilmiş görkəmdə, əcayib yerişlə bazarın mərkəzi yolunda o üz-bu üzə hamıya salam verə-verə, "bazar olsun" deyə-deyə dövr edir. Köhnə tanışlardan Qalib müəllimlə qarşılaşıram. Kişiyə baxdığımı tutub tanıdır:
- Zəkəriyyə müəllimdir də, daha işləmir...
Mənsə onu vəfat etmiş bilirdim.
Bəs onda buna nə düşüb ki, məşhur Alberto Sordinin qəhrəmanı Sinyor Monbelli kimi bazar dəhlizlərində beləcə veyllənir. Görəsən bir məktəb zəngi tapıb qəfil səsləndirsən bizim bu Monbelli müəllim vərdişindən əl çəkib sinfə qayıdarmı? O cəhənnəm, başqaları öz işinə, ev-eşiyinə qayıdarmı?
İcazə verin indi mən də gedib başqa bir mantyor tapıb aparım. Qayınanama da deyim ki, Xanları tok vurub.


TƏQVİM / ARXİV