İki şeirin işığında - Əbülfət Mədətoğlu yazır

ƏBÜLFƏT MƏDƏTOĞLU
284 | 2024-11-27 14:14

Söhbət Fəxrəddin Teyyubun şeirlərindən gedir

Hər dəfə onunla zəngləşəndə və yaxud  qarşılaşanda birmənalı olaraq bizi üzbəüz tanış edən, bir-birimizə doğmalaşdıran və bu gün Cənnətdə qərar tutan gözəl şairəmiz Fərqanə xanım Mehdiyevaya rəhmət oxuyuruq. Həqiqətən Fərqanə xanım hər kəsə qarşı bir ana, bir bacı doğmalığı yaşadırdı içində və bu ana, bacı sevgisini əsirgəmirdi heç kimdən. Ona görə də dünən olduğu kimi, bu gün də yeri görünür onun. Adı gələndə də hər kəs böyük sayqı və üzüntü ilə ruhuna dua oxuyur.

Bəli, bizi təbii ki, bir-birinin sözünü tanıyan adamları Fərqanə xanım tanış etdi, doğmalaşdırdı. Onun təqdimatı ilə imzasını tanıdığım Fəxrəddin Teyyubla dostluğumuzun, qardaşlığımızın bünövrəsi qoyuldu. Və biz  bir-birimizin imzasını, sözünü daha çox arayıb axtarmağa, daha çox fikir bölüşməyə daxilən ehtiyac duyduq. Həmin o mənəvi tələbat da son nəticədə hansısa bir şeirin, bir yazının dünyaya gəlməsinə rəvac verdi. Elə buradaca xatırladım ki, Fəxrəddin müəllim sözü incələməyi, onun damarını tutmağı bacaran yazarlarımızdandı, şairlərimizdəndi. Yəni, istənilən şeiri oxuyanda və yaxud özü yazanda istəyir ki, oxucu şeirin bütün qatlarını görsün. Necə deyərlər, altından, üstündən xəbərdar olsun. Məhz bu səbəbdən də bər-bəzəyə, süni və pafoslu ifadələrə meyl etmir. Hətta biz fikir bölüşəndə dəfələrlə etiraf etmişik ki, söz dünyaya gələndə insanın ürəyində, ruhunda necə formalaşıbsa, o cür gəlsə, daha gözəl olar. Yaranana yamaq vurmaq, bəzək vurmaq bu o vaxt qəbul olur ki, o əl işi olsun. Amma şeir və yaxud nəsr, rəsm əsərləri, musiqi əl işi deyil, onu ruhunla, ürəyinlə yaradırsan. Kənardan və yaxud sonradan ona müdaxilə edəndə o ilkinliyini mütləq mənada az da olsa itirir.

Bax, bu mənada mən Fəxrəddin Teyyubun    yaradıcılığını izlədiyim bütün zamanlarda onun öz prinsiplərinə əməl etdiyinin canlı şahidi olmuşam və şahidiyəm. İstər birbaşa, yəni ünvanlı, istər hansısa bir məqamın, mənzərənin, hadisənin təsirindən yaranan, istərsə də ruhun, ilham pərisinin bədahətən ürəyində yaranışına təkan verdiyi şeirlərinin hamısında Fəxrəddin Teyyub öz baxış bucağına  sadiq qalır.  Bu isə onun oxucusunun  ( mənə görə - Ə.M.) qazancıdı. Çünki oxuduğunu, mütaliə etdiyini bütöv görür. Həm də bu bütövlük o yarananın ilkin formasıdı. Bax, elə indi oxuduğum şeirində olduğu kimi:

 

Axı saf qəlbimi niyə görmədin?

İşim əzəl gündən çıxıbdır daşdan.

Nə yaxşı zəngimə cavab vermədin,

Qoy bilim işimi, elə bu başdan.

 

Yol alıb gedirəm ömrün qışına,

Necə ürəyimin həvəsi olsun?

Nahaq çıxdım bacı axtarışına,

Çətin Fərqanənin əvəzi olsun.

 

Könlümə yatanı gözüm bilirəm,

Duyğusuz, qəlbimə yaman deyəcək.

Mən nəyi qazandım, özüm bilirəm,

Sən nəyi itirdin, zaman deyəcək.

 

Təqdim etdiyim bu şeirdəki poetik coğrafiya, yəni fikrin istər qəlbdə,  istər ruhda, istərsə  ömrün müxtəlif çalarlarında, həqiqət təsvir edilir. Özü də təsvirlə yanaşı, həm də etiraf olunur. Çünki uca Yaradan bütün varlıqları bir nüsxədə, yəni  tək yaradır. Deməli, biz də nəyi itiririksə və yaxud həyat əlimizdən alırsa, o itirdiyimiz, o əlimizdən alınan da təkdir…onun bənzəri var, əvəz edəni var. Amma o itirdiyimizin özü  yoxdur.!

Yəqin siz də razılaşarsınız ki, Fəxrəddin Teyyub haqlıdır. Biz nəyi itirdiksə və yaxud itiririksə, onun bütünlüyünü bizə zaman təkrar kino lenti kimi göstərib, faktı təqdim edib – buyur, bax! deyir.  Məhz həmin o baxdığımız anda itkinin miqyasını, çəkisini, ölçüsünü, bir sözlə varlıq olaraq kimliyini anlayırıq.

Elə bu fikirlərin axarında mən dostumun ikinci bir şeirini də sizə təqdim edirəm. Burda həm mövzu, həm ruh, həm də an məsələsi bir-birinə çox yaxındır. Elə bil ki, bu şeirin ikisi də (təbii ki, mənə görə, mənim dərk etdiyimə görə – Ə.M.) eyni anda dünyaya gəlib, eyni anda yazılıb. Baxmayaraq ki, şeirlərin yazılma tarixləri arasında kifayət qədər zaman fərqi var. Amma zaman fərqinə  baxmayaraq mən oxucu olaraq Fəxrəddin Teyyubun hislərinin, duyğularının eyni simdə, eyni notda necə kökləndiyinin şahidinə çevrilirəm, onu dərk edirəm. Həm də qəbul edirəm, razılaşıram. Çünki  müəllifinin mövzuya baxışı, yanaşması və ifadə etməsi yaşananın, necə deyərlər cana, qana hopanın əks-sədasıdır. Bir az da fikrimi aydınlaşdırsam, müəllif  yaşadığını  masasının üzərində yanaşı sərib hər ikisinə baxa-baxa onlardan eyni auranı, eyni təsiri özünə köçürüb. Bu eyniliyin arasındakı bağlılıqdan isə şair ustalığı ilə bir addım uzaqlaşıb. Və sonda indi oxuyacağınız şeir dünyaya gəlib:

 

Səni düşünürəm, anıram yenə,

Sinəmdə döyünən ürək daş deyil.

Yol alıb gəlirəm qəbrin üstünə,

Yollar yorur məni, yaş o yaş deyil.

 

Yol boyu elə hey sızlayır ürək,

Duyğusuz nə kədər, nə də ah bilir.

Gedəndə Bakıdan Lənkəranadək

Mən nələr çəkirəm, bir Allah bilir.

 

Neynim, dolan deyil həsrət xurcunu,

Nə vaxtdır talandır, talan ürəyim.

Qaytara bilməyir ana borcunu

Mənimlə yollarda qalan ürəyim.

 

Yəqin ki, mənimlə razılaşarsınız. Şair ürəyinin yaşantısı.... Şair ruhunun pıçıltısı olan bu şeirdə də əvvəl söylədiyim bütün çalarlar özünü büruzə verir. Orda da yəni, birinci şeirdə də Allahın bütün varlıqları bir nüsxə yaratdığı kimi həmin varlıqların ən möhtəşəmi olan ananın da müqəddəsliyi, təkliyi ona oğul,  övlad sevgisinin bütünlüyü şair qələmi ilə şeirləşib, misralanıb. Ürək itirdiyi doğması üçün, tanıdığı adam üçün, unuda bilmədiyi anlar üçün, məkanlar üçün, dünən üçün necə sızlayırsa, ana üçün də, annalı günlər üçün də bu cür ağrını özünün təkcə ürək yarası yox, həm də ürək parası hesab edir. Cənnət anaların ayaqları altından olan ana üçün oğul, övlad indiki məqamda həm də şair göynərtisi bu şeirə çevrilib, şeirləşib.

Mən Fəxrəddin Teyyubun bu iki şeirinin timsalında bir məqamı qabartmaq niyyəti, məramı ilə yazdım bu fikirlərimi. Həmin məqsəd də, niyyət də biganəlikdən, laqeydlikdən, aldığım, çəkdiyim ağrılardan bir az uzaqlaşmaq olub. İstəmişəm ki, məhz dostumun bu  iki şeirinin  işığında bir az çəkilim, aralanım, necə deyərlər uzaqda dayanım, məni duymayanlardan, duymaq istəməyənlərdən. Hər halda bu istəyimin yəqin ki, kiməsə zərəri olmayacaq. Və elə bu inancla da hər kəsə dəyərli olmaq və dəyər verməyi bacarmaq istəyimi çatdırıram. 

TƏQVİM / ARXİV